Ülviyyə Həmzəyeva: “Vahid geyim məktəb mədəniyyətinin formalaşmasında da müəyyən rol oynayır”
"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbli geyimi yalnız zahiri görünüş məsələsi kimi deyil, ümumi təhsil mühitinin təşkili və məktəb mədəniyyətinin formalaşdırılması baxımından dəyərləndirilməlidir".
Bu sözləri "Azərbaycan müəllim"nə açıqlamasında Milli Məclisin deputatı, Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva deyib.
Deputat bildirib ki, son günlər məktəbli geyimi ətrafında aparılan ictimai müzakirələr də bu məsələyə daha geniş və həssas yanaşmağın vacibliyini göstərir:
"Hesab edirəm ki, mövzuya fərqli baxışların mövcudluğu təbiidir. Lakin əsas diqqət uşaqların təhsilinə, onların sağlam və bərabər mühitdə yetişməsinə yönəlməlidir.
Məktəb müxtəlif sosial təbəqələrdən, fərqli maddi imkanlara və ailə ənənələrinə malik uşaqları bir araya gətirən ortaq məkandır. Burada hər bir şagirdin özünü kollektivin bərabərhüquqlu üzvü kimi hiss etməsi son dərəcə vacibdir.
Vahid məktəbli geyiminin əsas üstünlüklərindən biri şagirdlər arasında geyimdən qaynaqlanan sosial fərqlərin daha az nəzərə çarpmasına şərait yaratmasıdır. Uşaqların geyimlərinin qiymətinə, markasına və zahiri görünüşünə görə müqayisə olunması müəyyən hallarda psixoloji narahatlıq və sosial təcrid hissi yarada bilər.
Vahid geyim bu cür fərqlərin ön plana çıxmasını azaltmaqla diqqətin daha çox təhsilə, bilik və bacarıqlara, şəxsi keyfiyyətlərə yönəlməsinə kömək edə bilər".
Ülviyyə Həmzəyeva bildirib ki, bütün şagirdlər üçün ortaq qaydaların mövcudluğu bərabərlik və kollektivə mənsubiyyət hissini gücləndirən amillərdən biridir:
"Vahid geyim məktəb mədəniyyətinin formalaşmasında da müəyyən rol oynayır. Şagird məktəbə daxil olduğu andan müəyyən bir kollektivin üzvü olduğunu, burada ümumi davranış və intizam qaydalarının mövcudluğunu dərk edir.
Bu, uşaqlarda məsuliyyət, nizam-intizam və ümumi qaydalara hörmət kimi keyfiyyətlərin inkişafına kömək edə bilər.
Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir. Dünyanın bir çox ölkəsində məktəbli geyiminə məhz bu baxımdan yanaşılır.
Azərbaycan cəmiyyəti tarixən müxtəlif dini və mədəni dəyərlərə hörmət ənənələri ilə seçilib. İnsanların dini inanclarına, mənəvi dəyərlərinə və ailə ənənələrinə hörmət cəmiyyətimizin mühüm xüsusiyyətlərindəndir.
Eyni zamanda, ölkəmizdə dövlət təhsil sistemi dünyəvilik prinsipi əsasında təşkil olunur. Bu prinsip dini inancların inkarı deyil, məktəbin bütün uşaqlar üçün ortaq təhsil məkanı kimi fəaliyyət göstərməsini nəzərdə tutur.
Məktəbli geyimi ilə bağlı müəyyən edilmiş ümumi qaydalara da bu çərçivədə yanaşmaq məqsədəuyğundur. Burada əsas məsələ hər hansı dini və ya şəxsi baxışa münasibət bildirmək deyil, təhsil müəssisəsində hamı üçün nəzərdə tutulmuş vahid qaydaların tətbiqidir.
Xüsusilə həssas məsələlərdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında qarşılıqlı anlaşma və davamlı ünsiyyət mühüm əhəmiyyət daşıyır.
Uşaqlara müəyyən qaydaların nə üçün tətbiq olunduğu izah edilməli, onların yaş xüsusiyyətləri və psixoloji vəziyyəti nəzərə alınmalıdır.
Valideynlər də məktəbin yalnız təhsil verən deyil, eyni zamanda uşaqları ictimai həyata hazırlayan bir mühit olduğunu nəzərə almalıdırlar. Ailə və məktəb arasında qarşılıqlı etimadın mövcudluğu uşağın inkişafına müsbət təsir göstərir”.
Deputatın sözlərinə görə, vahid məktəbli geyimi sadəcə zahiri görünüş məsələsi deyil. O, məktəb mədəniyyətinin, sosial bərabərliyin, kollektiv məsuliyyətin və ümumi qaydalara hörmətin formalaşmasına xidmət edən vasitələrdən biridir.




