Uşağa lider olmağı necə öyrətməliyik? – Psixoloqdan məsləhətlər

14 Avqust, 2026 - 17:38
Uşağa lider olmağı necə öyrətməliyik? – Psixoloqdan məsləhətlər

Uşaqlıq dövrü insanın gələcək şəxsiyyətinin formalaşdığı ən mühüm mərhələlərdən biridir. Bu dövrdə uşağın yalnız akademik biliklər qazanması deyil, eyni zamanda ünsiyyət, əməkdaşlıq, məsuliyyət və liderlik bacarıqlarının inkişafı da xüsusi əhəmiyyət daşıyır. Kollektiv fəaliyyət uşaqlara birgə qərar qəbul etməyi, komanda daxilində öz rolunu müəyyənləşdirməyi, başqalarının fikirlərinə hörmətlə yanaşmağı və yaranan problemləri birlikdə həll etməyi öyrədir. Xüsusilə məktəb mühiti bu bacarıqların formalaşdırılması üçün geniş imkanlar yaradır. 

Bəs uşaqlarda liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək üçün hansı üsullardan istifadə edilməlidir? Bu prosesdə valideyn və müəllimlərin rolu nədən ibarətdir?


Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan psixoloq Gülnar Orucova bildirib ki, şagirdlərdə kollektiv fəaliyyəti və liderlik bacarığını inkişaf etdirmək üçün əvvəlcə qrup şəklində işlər təşkil olunmalıdır:
“Bu işlərdə biz əgər liderlik bacarığını yüksəltmək istəyiriksə, hər dəfə bir uşağa liderliyi verməliyik. Yəni həmin uşaq bir dəfə təşkilatçı olmalıdır. Bundan sonra uşaqlarda məsuliyyət hissini aşılamaq lazımdır. Onların hərəsinin yaşına uyğun görə biləcəkləri işləri tapşırmaq lazımdır ki, onlar öz üzərində məsuliyyəti hiss etsinlər. Bundan əlavə, müsbət motivasiya yaratmaq lazımdır. Yəni qalib olma hissini aşılamaq lazımdır. Eyni zamanda məğlubiyyət hissi də uşaqlara aşılanmalıdır. Çünki bəzən uşaqlar məğlub olmağı travma kimi qəbul edirlər”.

Psixoloq qeyd edib ki, bu işlərdə uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmalıdır:
“Bəzi uşaqlar var ki, assosialdır, bəziləri utancaqdır, bəziləri hər zaman birinci olmaq istəyir, bəziləri təşəbbüskardır, bəzilərinin daxilində aqressiya, küsəyənlik var. Hər uşaq fərdi xüsusiyyətlərə sahibdir. Bu fərdi xüsusiyyətlər nəzərə alınmalıdır. Müəllimin prinsipləri, ədalətli olması nümunə olmalıdır. Biz uşağın səhvləri daha çox qabardıb uğurlarını kiçiltməməliyik. Uşaq öz fikirlərini sərbəst şəkildə ifadə etməlidir. Bəzən ailədə uşağın sözü kəsilir, fikirlərinə əhəmiyyət verilmir. Təbii ki, bu uşaqlarda davamlı olaraq özünütəsdiq, aqressiya, gərginlik problemi ortaya çıxacaq”.

G.Orucova qeyd edib ki, valideynlər övladlarında, yaxud məktəblər şagirdlərində liderlik və kollektiv fəaliyyət bacarığını inkişa etdirmək istəyirlərsə, onlara söz haqqı verməlidir:
“Əvvəl ailələrdə bir neçə uşaq olurdu. İndi isə hər ailədə 1-2 uşaq olur. Belə ailələrdə kollektiv fəaliyyəti qurmaq çətinləşir. Bəzən tək uşaqlı ailələrdə hər şey bir uşağın olur. Belə uşaqlarda paylaşmaq kimi bir duyğu olmur. Dəstəkləyici, liberal, güvənverici ailə tiplərində lider uşaqlar daha çox olur. Çünki bu ailə tiplərində valideyn övladına seçim haqqı verir. Bu gün uşaq oyun yoldaşını, geyimini, gələcəkdə isə dostlarını, həyat yoldaşını, işini seçir”.