Uşaq dövlət dəstəyi ilə özəl bağçaya neçə ay gedə bilər? - Açıqlama
“Məktəbəqədər təhsil sahəsində valideyn-özəl-dövlət əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə olan uşaqların sayını azaldacaq, daha çox uşağın məktəbəqədər təhsilə çıxışını şərtləndirəcək”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
Direktor müavini bildirib ki, bu həmçinin özəl qurumların inkişafına, potensialının tam şəkildə üzə çıxarılmasına imkan verəcək: “Bu həm də yeni iş yerlərinin açılması deməkdir. Çünki tam gücü ilə işləyən məktəbəqədər təhsil müəssisələrinə yeni tərbiyəçi müəllimlər də lazım olacaq ki, onların da işlə təmin olunması məsələsi aktuallaşacaq”.
V.Yaqublunun sözlərinə görə, bu, dövlət və özəl məktəbəqədər təhsil müəssisələri arasında rəqabətliliyi artıracaq.
Həmçinin direktor müavini qeyd edib ki, əvvəlcə dövlət lisenziyası olan məktəbəqədər təhsil müəssisəsi müsabiqəyə müraciət edə bilər: “Müsabiqə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilir. Onlar bütün şərtlər toplusunda göstərilən sənədlərini təqdim etməlidirlər və öz potensiallarını, məktəbəqədər təhsillə məşğul olmaq potensiallarını sübut etməlidirlər.
Müsabiqə komissiyası 5 nəfərdən az olmamaqla təşkil ediləcək. Bütün sənədlər təhlil olunur və qaliblər siyahısı elan edilir. Qaliblər siyahısı nazirliyin rəsmi saytında elan ediləcək”.
Bildirib ki, bundan sonra artıq valideynlər qalib özəl müəssisələr sırasından özlərinə uyğun olanını seçib ora müraciət edirlər: “Valideynlər övladlarını Elektron hökumət informasiya sistemində (EHİS) də qeydiyyatdan keçirirlər, şəxsi kabinet yaradırlar və əvvəlcə onlar iddiaçını, yəni qalib gəlmiş özəl müəssisələrdən birini seçirlər. Onun təklifləri ilə maraqlanırlar. Bir hissəsini dövlətin qarşılayacağını nəzərə almaqla, təhsil haqqı onlara uyğundursa, müqavilə bağlayırlar və uşaqlar həmin müəssisəyə qəbul edilirlər.
Bu maliyyələşmə 10 ay üçün bağlanılır. Növbəti 10 ay üçün yenə də müraciət etmək imkanı olur”.




