Uşaqlara qarşı zorakılıq ilə mübarizədə vəziyyətin təkmilləşdirilməsinə ehtiyac var – Ombudsman

1 İyun, 2026 - 10:25
Uşaqlara qarşı zorakılıq ilə mübarizədə vəziyyətin təkmilləşdirilməsinə ehtiyac var

Ombudsman Aparatına daxil olan müraciətlərin və aparılan müşahidələrin təhlilinə əsasən qeyd etmək istərdim ki, uşaqlara qarşı zorakılıq halları ilə mübarizə sahəsində vəziyyətin təkmilləşdirilməsinə ehtiyac var. Uşaqlara qarşı ailədə, təhsil müəssisələrində və digər məkanlarda kobud rəftar hallarının qarşısının alınması məqsədilə davamlı olaraq bu sahədə vəziyyətin təhlilinin aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların həyata keçirilməsi, maarifləndirmə işlərinin təşkili zəruridir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, qeyri-sağlam ailədaxili münasibətlər uşaqlara mənfi təsirini göstərməkdədir: "Məişət zorakılığı halları ilə bağlı təsisata ünvanlanan müraciətlərin təhlili göstərir ki, aidiyyəti qurumlar tərəfindən daha həssas və operativ yanaşmanın nümayiş etdirilməsi, münaqişəli ailələrlə aparılan profilaktiki işlərin daha da gücləndirilməsi və mühafizə orderlərinin verilməsi üzrə işin təkmilləşdirilməsi həmin sahədə problemlərin həlli baxımından əhəmiyyətlidir. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə təsisat tərəfindən təkliflər hazırlanaraq aidiyyəti qurumlara göndərilir.

Qeyd edim ki, erkən evlilik hallarının qarşısının alınması məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verən müvafiq maddəsinin çıxarılması təklif edilib. Həmin təklif Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli müvafiq Qanununda nəzərə alınıb", – deyə ombudsman vurğulayıb.

S.Əliyeva qeyd edib ki, illik məruzəsində uşaqların olduğu bütün məkanlarda, o cümlədən uşaq müəssisələrində onlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilikdə xüsusi müddəanın təsbit olunması təklif edilib.

"Uşaqlarla çalışan mütəxəssislərin uşaq hüquqları, davranış qaydaları barədə məlumatlılıq səviyyələrinin artırılması, zorakılığa məruz qalmış uşaqlarla aparılan işin, habelə zorakılıqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi vacibdir", – deyə o qeyd edib.