"Uşaqlıqdan proqramlaşdırmaya marağım var idi" – Əzim qızıl medala belə çatdı 

15 May, 2026 - 13:28
"Uşaqlıqdan proqramlaşdırmaya marağım var idi" – Əzim qızıl medala belə çatdı 

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri Respublika fənn olimpiadalarında uğurlu nəticələr əldə ediblər. Final mərhələsində 6 şagird medal qazanaraq Muxtar Respublikanı layiqincə təmsil edib.

Bəzən ən böyük uğur kiçik kənd məktəblərində böyük arzularla çalışan şagirdlərdən gəlir. Babək rayonunun Hacıvar kəndində təhsil alan 8-ci sinif şagirdi Əzim Hacıyev də zəhməti, biliyi və informatika sahəsinə olan marağı ilə RFO-da qızıl medal qazanaraq adını qaliblər sırasına yazdırıb. Onun uğuru bir daha göstərir ki, əzm və davamlı çalışma olduqda böyük hədəflərə çatmaq mümkündür.

“Azərbaycan müəllimi” onunla söhbətləşərək uğurunu və sevincini bölüşüb.

Məlumat üçün bildirək ki, Əzimdən başqa Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Kənan Qənbərov coğrafiya fənni üzrə gümüş, Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Nazim İsgəndərov tarix fənni üzrə, Naxçıvan Qızlar Liseyinin şagirdləri Nazəni Qasımzadə və İradə Axundlu biologiya fənni üzrə, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Yaşar Hüseynov isə tarix fənni üzrə bürünc medal qazanıblar.

Qızıl medal qazanan Əzim Hacıyev Babək rayon Hacıvar kənd tam orta məktəbinin 8-ci sinif şagirdidir. O, RFO-dakı uğuru ilə yanaşı, bir sıra beynəlxalq olimpiadaların medalçısı olub.

Qazandığı uğurla bağlı danışan Əzim deyir ki, nəticəni eşidəndə böyük sevinc hissi keçirib: “Çox sevindim və həyəcanlandım. Əziyyətimin qarşılığını almaq mənim üçün çox xoş idi”.

Əzim qeyd edir ki, bu medal onun üçün zəhmətin, əzmin və davamlı çalışmanın nəticəsidir: “Kiçik yaşlarımdan kompüterə və proqramlaşdırmaya marağım olub. Zaman keçdikcə bu sahəyə daha çox bağlandım”.

Olimpiadaya hazırlıq prosesindən danışan şagird hər gün proqramlaşdırma və test tapşırıqları üzərində çalışdığını deyir: “Hər gün müəyyən saatlar ərzində testlər və proqramlaşdırma tapşırıqları üzərində işləyirdim və müəllimim bizi daha çox çalışdırırdı. Final mərhələsi məsuliyyətli və çətin idi, amma hazırlığım kömək etdi”.

Əzim uğur qazanmasında ailəsinin və müəllimlərinin xüsusi rol oynadığını da vurğulayıb: “Ən böyük dəstək birinci anamdan, sonra isə Xizri və Rüfət müəllimdən gəlib. Müəllimlərimin məsləhətləri və dəstəyi mənim inkişafımda böyük rol oynayıb”.

Müəllimlərinin və ailəsinin onunla qürur duyması onu daha da motivasiya edib: “Onların mənimlə qürur duyması məni daha sevindirdi və motivasiya verdi”.

Hazırlıq zamanı əsasən alqoritmlər, məntiq və proqramlaşdırma mövzuları üzərində çalışdığını bildirən məktəbli bu uğurun ona yalnız bilik deyil, həm də təcrübə və özünəinam qazandırdığını deyir. Əzim Hacıyev gələcəkdə informatika sahəsində peşəkar olmaq və beynəlxalq olimpiadalarda daha böyük uğurlar qazanmaq istəyir. O, digər şagirdlərə də tövsiyə edir: “Davamlı çalışsınlar, özlərinə inansınlar və çətinlikdən qorxmasınlar”.

Qeyd edək ki, RFO-da əldə olunan builki nəticə ötən illə müqayisədə 100 faiz artım deməkdir. Belə ki, 2024–2025-ci tədris ilində naxçıvanlı şagirdlər 1 gümüş və 2 bürünc medal qazanıblar.