Uzaqdan belə müəllim və şagirdlərimizin hansı məktəbə aid olduğu bilinir - Region məktəbində geyim ənənəsi 

16 Oktyabr, 2026 - 11:34
Uzaqdan belə müəllim və şagirdlərimizin hansı məktəbə aid olduğu bilinir

Vahid məktəbli forması və müəllimlərin işgüzar geyim tərzi yalnız xarici görünüş məsələsi deyil. Bu yanaşma məktəbdə sosial bərabərliyin qorunmasına, ayrı-seçkilik risklərinin azalmasına, intizamın möhkəmlənməsinə və kollektiv ruhun formalaşmasına xidmət edir. Bəzi orta ümumtəhsil müəssisələrində isə vahid geyim artıq illərdir davam edən ənənəyə, məktəbin özünəməxsusluğunu əks etdirən mədəniyyətə çevrilib.

Şəmkir rayonunun Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi də bu ənənəni qoruyub saxlayan təhsil müəssisələrindəndir. Məktəbdə bu yanaşma nizam-intizamın, kollektiv həmrəyliyin və məktəbə mənsubluq hissinin göstəricisi kimi qiymətləndirilir.

Məktəbin direktoru Ülviyyə Cəlilova bildirir ki, təhsil müəssisəsində vahid geyim ənənəsi yeni tətbiq olunan qayda deyil, illər ərzində formalaşmış bir mədəniyyətdir: “Biz vahid geyim ənənəsinə yeni başlamamışıq. Bu, məktəbimizdə illərdir formalaşmış bir geyim mədəniyyətidir. Müəllimlərimiz, şagirdlərimiz və texniki işçilərimiz vahid geyim qaydalarına əməl edirlər. Hətta uzaqdan belə müəllimimizin hansı məktəbə aid olduğunu seçmək mümkündür. Bu, bizim üçün həm qürur, həm də məktəbimizin özünəməxsusluğudur”.

Direktorun sözlərinə görə, vahid geyim məktəbin tanınan simasına çevrilməklə yanaşı, burada formalaşmış ümumi dəyərləri də əks etdirir. Belə bir yanaşma məktəb kollektivinin vahid məqsəd ətrafında birləşməsinə və təşkilati mədəniyyətin möhkəmlənməsinə töhfə verir.

Məktəbin müəllimi Rəsmiyyə Əliyeva da vahid geyimin yaratdığı birlik və bərabərlik mühitini müsbət qiymətləndirir. Onun fikrincə, geyim ənənəsi məktəbdə intizamın və məsuliyyət hissinin güclənməsinə də təsir göstərir: “Vahid geyim həm müəllimlər, həm də şagirdlər arasında birlik və bərabərlik yaradır. Biz bu ənənəni məmnuniyyətlə davam etdiririk. Vahid geyim bizim üçün həm də intizamın, məsuliyyətin və kollektiv ruhun göstəricisidir”.

Vahid geyim qaydalarının davamlılığında valideynlərin münasibəti də mühüm rol oynayır. Valideyn Raya Tanırverdiyeva deyir ki, vahid məktəbli forması həm maddi olaraq büdcəyə qənaət etməyə, həm də görüntü olaraq bərabərlik yaratmağa xidmət edir.

Digər valideyn Minarə Abbasova isə vahid geyimin məktəbdə ümumi nizam-intizamın qorunmasına və təhsil müəssisəsinin fərqli görünüş qazandığını vurğulayır. “Məktəbdə təkcə müəllimlər deyil, şagirdlər və texniki işçilərin də vahid geyimdə olması xüsusi görünüş, nizam-intizam və birlik qazandırır”. 

Uzaqdan belə müəllim və şagirdlərimizin hansı məktəbə aid olduğu bilinir
Uzaqdan belə müəllim və şagirdlərimizin hansı məktəbə aid olduğu bilinir
Uzaqdan belə müəllim və şagirdlərimizin hansı məktəbə aid olduğu bilinir