Vahid forma ortaq dəyərlərin və gələcəyə istiqamətlənmiş məktəb ruhunun göstəricisidir – Deputat 

14 Oktyabr, 2026 - 14:03
Vahid forma ortaq dəyərlərin və gələcəyə istiqamətlənmiş məktəb ruhunun göstəricisidir

"Müasir təhsil sistemində şagirdlərin vahid məktəbli forması geyinməsi həm pedaqoji, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın möhkəmləndirilməsinə, vahidlik və bərabərlik prinsiplərinin qorunmasına xidmət edir. Bu geyim forması şagirdlər arasında sosial fərqlərin zahiri görünüşdə qabardılmasının qarşısını almağa kömək edir". 

Bu barədə "Azərbaycan müəllimi"nə açıqlamasında Naxçıvan MR Ali Məclisinin deputatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvanın Əməkdar rəssamı Həbibə Allahverdiyeva deyib. 

Deputat bildirib ki, təhsildə uşaqların diqqəti geyim və maddi imkanlar üzərində deyil, biliklərin mənimsənilməsi və şəxsi inkişaf üzərində cəmlənir: "Vahid forma şagirdlərdə məktəb mühitində həmrəylik yaradır. Eyni zamanda, məktəbli geyimi şagirdlərdə məsuliyyət, səliqəlilik və özünə nəzarət kimi keyfiyyətlərin formalaşmasına müsbət təsir göstərir.

Məktəbli formasının digər üstünlüyü valideynlərin gündəlik geyim seçimi ilə bağlı qayğılarını və müəyyən geyimlərə çəkilən xərcləri azaltmağa kömək etməsidir. Bununla yanaşı, vahid geyim məktəbin ictimai nüfuzunu və təhsil mühitinin ciddiliyini əks etdirən amillərdən biri hesab olunur. Şagirdin məktəbli formasını daşıması onun təhsil müəssisəsinin qaydalarına hörmətlə yanaşmasını və məktəb həyatında iştirakını simvolizə edir. Məktəbli geyimi uşaqların fərdi xüsusiyyətlərini və yaradıcılıq qabiliyyətlərini məhdudlaşdırmadan qarşılıqlı hörmət, intizam və bərabər imkanlar prinsiplərini dəstəkləməlidir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "“Təhsil millətin gələcəyidir”. Unutmaq olmaz ki, məktəbin əsas məqsədi yalnız şagirdlərə bilik vermək deyil, həm də onları məsuliyyətli, vətənpərvər və milli ruhlu, dünyagörüşlü, müasir düşüncəli, cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişdirməkdir. Bu baxımdan vahid məktəbli forması təlim-tərbiyə prosesinin təşkilinə töhfə verən vasitələrdən biri kimi dəyərləndirilməlidir".

Deputatın fikrincə, nəticədə məktəbli formasının əhəmiyyəti yalnız zahiri görünüşdə vahidlik yaratmaqla məhdudlaşmır, həm də məktəb mədəniyyətinin, sosial məsuliyyətin və təhsilə hörmətin formalaşmasına xidmət edir.