Vahid məktəbli forması sosial bərabərliyin göstəricisidir  – Deputat

15 Oktyabr, 2026 - 19:16
Vahid məktəbli forması sosial bərabərliyin göstəricisidir 

“Təhsil xalqımızın uğurlu gələcəyini formalaşdıran, yetişən nəslin dünyagörüşünü və həyata münasibətini müəyyənləşdirən əsas amillərdəndir. Cəmiyyətin inkişafı, savadlı və düşünən gənclərin yetişməsi məktəbdən, müəllimin verdiyi bilikdən və təhsil mühitindən başlayır. Məktəb uşaqlara dərs öyrətməklə yanaşı onlara bərabərliyi, intizamı və qarşılıqlı hörməti aşılayan mühüm bir məkandır. Buna görə də təhsil müəssisələrində tətbiq olunan yeni qaydalar şagirdlərin sağlam mühitdə yetişməsinə xidmət edəcək”.

Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti Xumar Məmmədova deyib. 

Deputat bildirib ki, bu baxımdan vahid məktəbli formasının tətbiqinə də diqqətlə yanaşmaq lazımdır: “Hər şeydən öncə onu deməliyəm ki, məktəblərdə bir şagirdin çox bahalı geyimdə, digərinin isə sadə paltarda dərsə gəlməsi uşaqlar arasında sosial fərqləri açıq şəkildə göstərir. Bu fərqlər məktəblilərin psixologiyasına təsir edir, onların özlərini sinif yoldaşları ilə müqayisə etməsinə, sıxıntı və mənəvi narahatlıq yaşamasına səbəb olur. Uşaqlıq dövründə yaşanan belə hallar şagirdin özünə münasibətinə və məktəb mühitində davranışına da təsirsiz ötüşmür.

Vahid məktəbli forması isə bu fərqlərin zahiri ifadəsini azaltmağa, uşaqlar arasında bərabərlik hissini gücləndirməyə xidmət edir. Və qeyd etdiyim kimi vahid məktəbli forması sosial bərabərliyin göstəricisidir. Əsas diqqət uşağın necə oxumasına, düşünməsinə və hansı biliklərə yiyələnməsinə yönəlməlidir”.

Xumar Məmmədovanın fikrincə,vahid məktəbli formasına keçid tamamilə doğru qərardır və anlayışla qarşılanmalıdır: “Qərar uşaqların bərabər şəraitdə təhsil almasına və gələcəyimizə daha sağlam təməllər üzərində hazırlanmasına xidmət edir. Valideynlərin maddi imkanlarından asılı olmayaraq hər bir uşağın məktəbə rahatlıqla gəlməsi və özünü sinif yoldaşları arasında narahat hiss etməməsi vahid formanın sosial əhəmiyyətini daha aydın göstərir”.