Vəfa Yaqublu: Sertifikatlaşdırmadan sonra məktəblərdə yalnız yüksək bilikli müəllimlər işləyəcək

17 İyun, 2025 - 14:17
Vəfa Yaqublu: Sertifikatlaşdırmadan sonra məktəblərdə yalnız yüksək bilikli müəllimlər işləyəcək
Vəfa Yaqublu: Sertifikatlaşdırmadan sonra məktəblərdə yalnız yüksək bilikli müəllimlər işləyəcək

“10 il sonranı təsəvvür etsək, deyə bilərik ki, bütün məktəblərdə sertifikasiya balı yüksək olan müəllimlər çalışacaqlar”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi başa çatdıqdan sonra məktəblərdə yalnız yüksək bilikli müəllimlər fəaliyyət göstərəcək: “Əminik ki, valideynlər övladları üçün daha yaxşı məktəb axtarmaq ehtiyacı duymayacaqlar. Çünki hər yerdə keyfiyyətli təhsil təmin olunacaq”.

Direktor müavini bildirib ki, bu prosesdə əsas fiqur şagirddir: “Müəllimlər dərsləri şagirdlər üçün daha cəlbedici və faydalı məzmun əsasında qurmalıdırlar”.

Vəfa Yaqublu qeyd edib ki, maraqlı tərəflərdən biri də elə müəllimlərin özləridir: “Sertifikasiyadan sonra onların əməkhaqqı diferensial şəkildə hesablanacaq. Bu isə müəllimlərin özlərini də daha stimullaşdırır”.

O əlavə edib ki, əməkhaqqında 10 faiz və 35 faiz artım alacaq müəllimlərin sayı ilə bağlı heç bir limit nəzərdə tutulmayıb.