Vəfa Yaqublu: Yeni maliyyələşmə məktəbəqədər təhsilə çıxış imkanlarını genişləndirəcək
Məktəbəqədər təhsil hər bir uşağın gələcək həyatının və təhsil yolunun təməlini formalaşdıran mühüm inkişaf mərhələlərindən biridir. Erkən yaşlarda əldə olunan bilik, bacarıq və sosial davranış vərdişləri uşağın sonrakı təhsil nailiyyətlərinə, şəxsiyyət kimi formalaşmasına və cəmiyyətə inteqrasiyasına birbaşa təsir göstərir. Buna görə də müasir dövrdə məktəbəqədər təhsilin əlçatanlığının artırılması dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Son on ildə ölkəmizdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə ardıcıl və sistemli islahatlar həyata keçirilib. Dövlət bağçalarının şəbəkəsinin genişləndirilməsi, məktəbəhazırlıq qruplarının yaradılması, icma əsaslı məktəbəqədər təhsil qruplarının təşkili və özəl sektorun bu prosesə cəlb edilməsi bu islahatların mühüm tərkib hissəsidir. Bu siyasətin məntiqi davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 iyun 2026-cı il tarixli Fərmanı ilə tətbiqinə başlanılan məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli adıçəkilən sahənin inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur.
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi əsas prioritetlərdən biridir
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi son on ildə diqqət mərkəzində olub və bu istiqamətdə mərhələli işlər görülüb: “2016-cı ildən etibarən beş yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunmasına başlanıldı. Elə son ilin statistikasına baxsaq, 86 minə yaxın uşaq həmin qruplarda məktəbəqədər təhsilə cəlb olunub. 2018-ci ildən isə 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə çıxışını artırmaq məqsədilə icma əsaslı məktəbəqədər təhsil qrupları yaradıldı. Ötən tədris ilində bu qruplara 24 mindən çox uşaq cəlb edilmişdi”.
Vəfa Yaqublunun sözlərinə görə, növbəti mühüm addım iki il əvvəl özəl məktəbəqədər təhsil müəssisələrinin qrant mexanizmi vasitəsilə dəstəklənməsi olub:
“Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində ilk mərhələdə 24 özəl məktəbəqədər təhsil müəssisəsi layihəyə qoşuldu və valideyni müraciət etmiş hər bir uşağa aylıq 250 manat məbləğində maliyyə ayrıldı. Arxada qoyduğumuz tədris ilində artıq 63 özəl müəssisə layihədə iştirak etdi və hazırda 4 076 uşaq dövlət dəstəyi ilə özəl bağçalarda təhsil alır. İlk vaxtlar həm cəmiyyət, həm də özəl məktəbəqədər təhsil müəssisələri bu mexanizm barədə kifayət qədər məlumatlı deyildi. Lakin iki illik təcrübə göstərdi ki, bu model dayanıqlı, səmərəli və bütün tərəflər üçün faydalıdır.
Agentlik rəsmisi Prezident İlham Əliyev tərəfindən “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında” 19 iyun 2026-cı il tarixli Fərmanını yüksək dəyərləndirərək bu modelin ölkədə məktəbəqədər təhsillə əhatəliliyin artırılması istiqamətində atılan ən mühüm addımlardan olduğunu bildirib.
Valideynlər üçün daha geniş seçim imkanları
Onun sözlərinə görə, yeni maliyyələşmə modeli, ilk növbədə, valideynlərin seçim imkanlarını genişləndirəcək və onların üzərinə düşən maliyyə yükünün azalmasına xidmət edəcək. Yeni model ilk növbədə valideynlər üçün əlverişlidir. Belə ki, onlar yaşadıqları əraziyə daha yaxın yerləşən və istəklərinə uyğun olan özəl məktəbəqədər təhsil müəssisələrini seçmək imkanı əldə edəcəklər. Dövlət isə həmin müəssisələrdə təhsil alan uşaqların aylıq təhsil haqqının müəyyən hissəsini maliyyələşdirəcək. Bu, özəl məktəbəqədər təhsil müəssisələrinin xidmətlərini daha əlçatan edəcək, dövlət bağçalarında növbədə olan valideynlərə özəl bağçaların təkliflərindən yararlanmaq imkanı yaradacaq. Özəl bağçalara gedənlərin sayında artım dövlət bağçaları üzərindəki sıxlığı azaltmaqla yanaşı, dövlət müəssisələrinin rəqabətə qoşulmasına və daha keyfiyyətli xidmət göstərməsinə rəvac verəcəkdir.
Vəfa Yaqublu vurğulayıb ki, həyata keçiriləcək yeni maliyyələşmə mexanizmi nəticəsində məktəbəqədər təhsilə çıxış imkanları daha da genişlənəcək, uşaqların erkən inkişafı üçün əlverişli şərait yaradılacaq və məktəbəqədər təhsillə əhatə səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunacaq.
Müsahibimiz bu modelin dövlət xərclərinin səmərəliliyini artıracağını da bildirdi. Çünki yeni dövlət bağçalarının tikintisinə və əlavə infrastruktur xərclərinə ehtiyac müəyyən qədər azalır. Dövlət mövcud özəl məktəbəqədər təhsil infrastrukturundan istifadə etməklə daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasını təmin edir.
Yeni model özəl sektorun inkişafını da sürətləndirəcək
Vəfa Yaqublunun fikrincə, bu model eyni zamanda, özəl sektorun inkişafına da ciddi stimul verəcək. Müraciətlərin artması özəl məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini genişləndirəcək, Bundan əlavə, dövlət və özəl bağçalar arasında sağlam rəqabət mühiti formalaşacaq, innovativ yanaşmaların tətbiqinə və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək:
“Yeni model həm də özəl sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, dövlət dəstəyi hesabına özəl məktəbəqədər təhsil müəssisələri fəaliyyətlərini genişləndirmək, xidmət keyfiyyətini yüksəltmək və daha çox uşağı qəbul etmək imkanı qazanacaqlar. Bu müəssisələrdə həm də yeni iş yerləri yaranacaq. Digər bir vacib məsələ isə ondan ibarətdir ki, məktəbəqədər təhsil yalnız işləyən valideynlərin ehtiyaclarını qarşılayan xidmət deyil. Erkən yaşlarda bütün uşaqların məktəbəqədər təhsilə cəlb olunması onların sosial, emosional, fiziki və intellektual inkişafına, gələcək təhsil uğurlarına mühüm təsir göstərir. Məhz buna görə məqsəd daha çox uşağın keyfiyyətli məktəbəqədər təhsilə çıxışını təmin etməkdir”, - deyə Vəfa Yaqublu söyləyib.




