"Vətənə xidmət yalnız səngərdə bitmir" - Qazi müəllim
Dünən Vətənin müdafiəsində dayanan hərbçi bu gün müəllim kimi gələcəyin vətəndaşlarını yetişdirir.
Vətəni qorumağın müxtəlif yolları var. Kimi bu müqəddəs borcu səngərdə, silah əlində yerinə yetirir, kimi isə sinif otağında gələcək nəsillərə Vətən sevgisi aşılayaraq bu xidməti davam etdirir. Hər iki yolun ortaq nöqtəsi Vətənə xidmət, dövlətə sədaqət və məsuliyyət hissidir.
Baş leytenant, Vətən müharibəsi qazisi Səyavuş Həsənli üçün bu xidmətin ünvanı dəyişsə də, məqsədi dəyişməyib. Bir vaxtlar tank heyəti ilə torpaqlarımızın azadlığı uğrunda döyüşən zabit bu gün Şərur rayonunun Yengicə kənd orta məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi şagirdlərinə Vətəni sevməyi, qorumağı və şəhidlərin əmanətinə sahib çıxmağı öyrədir.
"Azərbaycan müəllimi" qazi müəllimlə söhbətləşib.
Döyüşə gülə-gülə yollandıq
Səyavuş Həsənli Şərur rayonunun Yengicə kəndində anadan olub. Hərb sənətinə marağı isə hələ uşaqlıqdan yaranıb. Bu seçimdə ailəsinin, xüsusilə də əmisinin həyat yolu mühüm rol oynayıb. Azərbaycanın Milli Qəhrəmanı Səyavuş Həsənov onun əmisidir. Həmin qəhrəmanın adını daşıyan Səyavuş üçün hərbi forma geyinmək, Vətənə xidmət etmək həm də mənəvi məsuliyyət olub. Əmisinin qisasını aldığı, adına layiq olduğu üçün fəxr edir.
Vətən müharibəsi başlayanda Səyavuş Həsənli Bakıda hərbi hissədə xidmət edirdi. Müharibənin başladığını ona tabor komandiri xəbər verib. Ailəsini narahat etməmək üçün isə döyüşə getdiyini onlardan gizlədib: “Evdəkilərə təlimə getdiyimi dedim ki, narahat olmasınlar. Müharibə haqqında heç bir məlumat vermədim. Əslində, biz müharibəyə getmək qərarını çoxdan vermişdik, sadəcə həmin günün gəlməsini gözləyirdik. Döyüşə gülə-gülə yollandıq. Mənim şəxsi heyətim də döyüşə getməyə o qədər həvəsli idi ki, komandir kimi onlarla qürur duyurdum”.
Döyüş meydanında yaşanan hadisələrdən biri isə onun yaddaşında silinməz iz buraxıb. Füzuli rayonunun Alxanlı istiqamətində döyüş zamanı qarşıda hərəkət edən BTR texnikası xəndəyə düşür. Səyavuş Həsənli ekipajı ilə birlikdə həmin texnikanı çıxarmağa çalışarkən onların tankı da xəndəyə düşür. Tankdan enərkən ayağı ilişən zabit yıxılır. Həmin an şəxsi heyət üzvlərinin komandirin yanına qaçması onun üçün döyüşün ən təsirli xatirələrindən birinə çevrilir: “Yıxıldığım anda əsgərlərim yanımda oldular. "Komandir, nə oldu?" – deyərək məni tək qoymadılar. Həmin an çox təsirləndim. Öz-özümə dedim ki, Azərbaycan zabiti, əsgəri budur! Bu birlik varsa, Qələbə də bizim olacaq. Sonra birlikdə texnikamızı xəndəkdən çıxardıq və döyüşü davam etdirdik”.
Onun sözlərinə görə, qələbənin əsas səbəblərindən biri də məhz bu birlik və həmrəylik olub: “Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı Qələbə tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi”.
Yaralandı, amma döyüş ruhunu itirmədi
Döyüşlərin birində Səyavuş Həsənlinin olduğu tank vurulur. Alov və tüstü içərisində qalan zabit həmin anları çətinliklə xatırlayır:
“Tankda olarkən vurulduq. Əlimi üzümə apardım, yanmışdı. Sonra çiyin nahiyəmdə yanma hiss etdim. Tüstü məni boğurdu. Məni tankdan çıxarıb bir müddət neytral ərazidə saxladılar, daha sonra isə təxliyə olundum. Əvvəl Füzuli Diaqnostika Mərkəzinə, oradan isə vertolyotla Bakıya göndərildim. Bir gün sonra özümə gəldim”.
Ailəsi isə həmin müddətdə ondan xəbər ala bilmədiyi üçün şəhid olduğunu düşünüb. Səyavuş Həsənli bunu həyatının ən ağır məqamlarından biri kimi xatırlayır. Şəhadətə yüksələ bilməsə də, qazilik taleyi ilə barışaraq müharibədən qürur hissi ilə ayrılıb:
“Şəhid olmaq da Allahın qismətidir. Mən şəhadətə ucala bilmədim, qazi oldum. Amma fəxrlə deyə bilərəm ki, 30 illik həsrətə son qoyduq, torpaqlarımızı işğaldan azad etdik”.
Müharibədən sonra həyatında baş verən ən böyük dəyişiklik də məhz bu qürur hissidir. Xalqın qazilərə sevgisinin artmasını, göstərilən diqqəti yüksək qiymətləndirən müsahibimiz döyüş yolunun psixoloji təsirlərinin hər zaman insanla qaldığını da vurğulayır. Onun sözlərinə görə, ailəsinin və yaxınlarının dəstəyi bu dövrü keçməsində mühüm rol oynayıb.
Şagirdləri döyüş xatirələrini maraq və diqqətlə dinləyirlər

Bu gün Səyavuş Həsənli onun üçün doğma olan Yengicə kənd orta məktəbində gənclərin çağrışaqədərki hazırlıq rəhbəri vəzifəsində çalışır. O, müharibədə qazandığı təcrübəni, Vətənə bağlılıq duyğusunu, hərbi bilik və bacarıqlarını şagirdləri ilə bölüşür. Onun üçün sinif otağı sadəcə dərs keçirilən məkan deyil, həm də Vətənə layiqli, məsuliyyətli və vətənpərvər vətəndaşlar yetişdirmək missiyasını daşıdığı müqəddəs bir məkandır.
Şagirdlərinin onu qazi kimi tanıması müəllimlə şagird arasında xüsusi hörmət və etimad münasibəti formalaşdırır: “Şagirdlərin məni qazi kimi tanıması mənim üçün həm böyük qürur, həm də ciddi məsuliyyətdir. Çalışıram ki, döyüşlərdə qazandığım təcrübəni onların düzgün tərbiyə olunmasına, Vətənə bağlı, milli-mənəvi dəyərlərə sadiq insanlar kimi yetişməsinə yönəldim”.
Şagirdlər onun döyüş xatirələrini böyük maraq və diqqətlə dinləyirlər. Xüsusilə Alxanlı istiqamətində tankın vurulması və həmin anlarda yaşanan ağır hadisələr onların yaddaşında dərin iz buraxır. Lakin Səyavuş müəllim keçmiş döyüşlərdən danışarkən diqqəti yalnız müharibənin çətinliklərinə və təhlükələrinə yönəltmir. O, eyni zamanda, silahdaşlar arasında hökm sürən sarsılmaz birliyi, qarşılıqlı etimadı, yoldaşlıq sədaqətini və fədakarlığı ön plana çəkir. Ən əsası isə şagirdlərinə sülhün nə qədər böyük nemət olduğunu anlatmağa çalışır: “Müharibə qəhrəmanlıqla yanaşı, böyük məsuliyyət, dözüm və fədakarlıq tələb edir. Mən şagirdlərimə hər zaman sülhün qədrini bilməyi, Vətəni sevməyi, onun müdafiəsinə hər zaman hazır olmağı tövsiyə edirəm”.
Hərbi rəhbər hesab edir ki, müəllimin əsas vəzifələrindən biri şagirdlərə Vətən sevgisi, dövlətə sədaqət, bayrağa hörmət, milli-mənəvi dəyərlər və məsuliyyət hissi aşılamaqdır. Vətəni sevməyin yalnız sözlə ifadə olunmadığını, bunun bilik, intizam, dürüstlük və əməli fəaliyyətlə sübut edilməli olduğunu bildirir.
Bu gün müəllim kimi vətənpərvər gənclər yetişdirir
Səyavuş Həsənli bu gün öz təcrübəsi, həyat yolu və şəxsi nümunəsi ilə gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına töhfə verir. Dünən Vətənin müdafiəsində dayanan hərbçi bu gün müəllim kimi vətənpərvər gənclər yetişdirir. Onun üçün Vətənə xidmət yalnız səngərdə bitmir, bu xidmət sinif otağında, gənc nəslin düşüncəsində və qəlbində də davam edir.




