Xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə görüşlər keçirilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilən “QANAD” – Qabiliyyətlərin Aşkarlanması və Növbəti Addımda Dəstək sosial layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə təşkil olunan silsilə təbliğat görüşləri başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə müddətində Bakı şəhərində fəaliyyət göstərən internat tipli 12 ümumi təhsil müəssisəsinə səfər edilib. Görüşlərə 14 və daha yuxarı yaşda olan 500-dən çox şagird cəlb olunub.
Şagirdlərə orta ixtisas və peşə təhsili imkanları, qəbul qaydaları, ixtisas seçimi və gələcək karyera perspektivləri barədə ətraflı məlumat verilib. Görüşlərdə kollec və peşə təhsili müəssisələrinin nümayəndələri iştirak edərək tədris olunan ixtisaslar və mövcud təhsil imkanları haqqında təqdimatlarla çıxış ediblər. Eyni zamanda, həmin təhsil müəssisələrinin tələbələri tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgilər nümayiş olunub.
Layihə çərçivəsində eşitmə məhdudiyyətli şagirdlər üçün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecində ustad dərsi təşkil edilib. İştirakçılar müxtəlif sənət istiqamətləri üzrə praktiki məşğələlərə cəlb olunublar.
Görüşlər çərçivəsində “QANAD” sosial layihəsi ilə Güvən Xeyriyyə İctimai Birliyinin əməkdaşlığı əsasında 100-ə yaxın şagirdə kitablar və müxtəlif hədiyyələr təqdim olunub.
Layihənin yekun mərhələsində buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri təhlil olunub və müvafiq məlumat bazası formalaşdırılıb. Növbəti mərhələdə iştirakçılara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlərin verilməsi və metodiki dəstəyin göstərilməsi nəzərdə tutulur.




