Yalnız imtahan nəticələri deyil, uşaqların tərbiyəsi də müzakirə olunmalıdır – Emin Əmrullayev

30 Aprel, 2026 - 16:07
Yalnız imtahan nəticələri deyil, uşaqların tərbiyəsi də müzakirə olunmalıdır

“Təlim nəticələrinin yüksək olduğu, lakin dəyərlərin aşağı səviyyədə qaldığı təhsil sistemlərinə rast gəlmək çox çətindir. Cəmiyyətimizdə yalnız imtahan nəticələri deyil, eyni zamanda uşaqların tərbiyəsi, onların psixoloji-emosional inkişafı da müzakirə olunmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda səsləndirib.

Nazir bildirib ki, təhsil kontekstində qadınların, xüsusilə anaların təhsili mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda qızların təhsili gələcəyin təhsil siyasətini müəyyən edən və ümumi təhsil keyfiyyətinə təsir göstərən əsas amillərdəndir. Bu gün müşahidə etdiyimiz reallıq, əslində, 20–30 il əvvəl qadınların təhsili ilə bağlı verilmiş qərarların nəticəsidir.

“Elmi tədqiqatlara nəzər salsaq görərik ki, təhsilli anaların övladlarının təhsil nailiyyətləri daha yüksək olur. Bu baxımdan təhsilli anaların sayının artması uzunmüddətli perspektivdə təhsil nailiyyətlərinin də yüksəlməsi deməkdir. Məhz bu səbəbdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təqdim olunan təqaüdlər yüzlərlə qıza təhsil imkanı yaradıb”, – deyə nazir qeyd edib.