Yeni institut süni intellekt və intellektual sistemlər üzrə fundamental və tətbiqi araşdırmalar aparacaq
Azərbaycan Respublikasında süni intellekt sahəsində dövlət prioritetlərinin həyata keçirilməsi istiqamətində mühüm addım atılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına uyğun olaraq, SABAH.city innovasiya ekosistemi daxilində və ADNSU nəzdində Təhlükəsiz və Etibarlı Süni İntellekt üzrə Tədqiqat İnstitutu yaradılır.
Layihə Azərbaycan Respublikasında süni intellektin inkişafı üzrə müəyyən edilmiş milli prioritetlərə, eləcə də 2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçiriləcək. İnstitutun fəaliyyəti süni intellekt texnologiyalarının tətbiqi ilə yanaşı, bu sistemlərin təhlükəsizliyi, etibarlılığı və etik çərçivədə istifadəsi üzrə elmi-tədqiqat işlərini də əhatə edəcək.
Yeni institut süni intellekt və intellektual sistemlər üzrə fundamental və tətbiqi araşdırmaların aparılması, müasir texnoloji həllərin qiymətləndirilməsi, eləcə də dövlət və özəl sektor üçün ekspertiza və analitik dəstəyin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək. İnstitutun əsas fəaliyyət istiqamətlərinə kompüter görməsi və avtonom sistemlər, dil və nitq texnologiyaları, süni intellektin təhlükəsizliyi və etibarlılığı, həmçinin rəqəmsal transformasiya proseslərinin təhlili və dəstəklənməsi daxildir.
SABAH.city ekosistemində yerləşəcək institut elmi mühit, innovasiya infrastrukturu və təhsil imkanlarını birləşdirərək yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına, insan kapitalının inkişafına və texnoloji suverenliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Layihənin uzunmüddətli perspektivdə dövlət idarəetməsində səmərəliliyin artırılmasına, iqtisadi və sənaye inkişafının sürətləndirilməsinə xidmət edəcəyi gözlənilir.



