Zaur Qurbanov: Yüzlərlə müraciət davamlı öyrənməyə artan marağı göstərir

21 Sentyabr, 2026 - 10:49
Zaur Qurbanov: Yüzlərlə müraciət davamlı öyrənməyə artan marağı göstərir

“Bu proqrama yüksəkixtisaslı mütəxəssislərdən yüzlərlə müraciətin daxil olması Azərbaycanın istedadlı kadrlarının davamlı öyrənməyə, beynəlxalq təcrübə qazanmağa və gələcəkdə çalışdıqları təşkilatlara, eləcə də ölkəmizə töhfə vermələri üçün zəruri olan bacarıq və imkanlarını daha da inkişaf etdirməyə artan marağını göstərir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimində səsləndirib.

Z.Qurbanov bildirib ki, proqramın yaradılması ilə bağlı təşəbbüsü xüsusilə əhəmiyyətli edən məqam Azərbaycanın biznes təcrübəsi ilə universitetin akademik üstünlüklərinin və həqiqətən qlobal baxış bucağının bir araya gətirilməsidir: “IE Liderlik və İnnovasiya Mərkəzi liderlik təhsili, innovasiya, sahibkarlıq, tədqiqat, bilik mübadiləsi və sosial təsir yaradan təşəbbüslər üçün imkanlar yaradacaq. Bununla da tərəfdaşlığın dəyərinin yalnız Global MBA proqramı ilə məhdudlaşmamasına şərait yaradılacaq”.

Onun sözlərinə görə, SOCAR IE Universiteti ilə əməkdaşlıq çərçivəsində tərəfdaşlıq bir sıra strateji təşəbbüslərin maliyyələşdirilməsini və həyata keçirilməsini də dəstəkləyəcək. Bunlar arasında IE Azərbaycan Rəqabətqabiliyyətlilik və İqtisadi Transformasiya Observatoriyasının maliyyələşdirilməsi, “Təhsildə süni intellekt” layihəsi, eləcə də süni intellekt və dayanıqlı inkişaf proqramı yer alır.