Zəfərə gedən 44 günün əksi səhnədə – “Zəfərfest-5”dən REPORTAJ

7 Noyabr, 2025 - 15:55
Zəfərə gedən 44 günün əksi səhnədə
Zəfərə gedən 44 günün əksi səhnədə

Hər gün hansısa böyük konsertə, bədii gecəyə, əyləncəli proqrama ev sahibliyi edən Heydər Əliyev Sarayı yenə dolu idi. Ətrafı rəngarəng geyinmiş, yerində dura bilməyən, “qaynayan” uşaqlarla dolmuşdu. Onlar saraya daxil olmağa çalışır, amma növbələrini gözləyərkən də biri-biri ilə söhbətləşir, zarafatlaşır, deyib-gülürdülər. Hər birinin çöhrəsində bayram əhvali-ruhiyyəsi var. 

Tamaşaçısı məktəblilər olan konsertə dəqiqələr qalır

Bir azdan konsert başlayacaq. Balaca tamaşaçılar yerlərini yavaş-yavaş alırlar. Məsələn, gözdən əlil Yusif Hüseynov 5 nömrəli internat məktəbindən gəlib. V sinifdə oxuyur: “Tamaşaçı kimi gəlmişəm. Müəllimlərimiz “Zəfər” festivalına gedəcəyimizi deyəndə çox sevindim. Mən zəfərə aid mahnılar oxumağı, şeir öyrənməyi çox sevirəm”.

Həmin müəssisədə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən Əfruz Səfərova “Azərbaycan müəllimi”nə məlumat verib ki, müəssisədən 20-yə yaxın uşaq gəlib. Uşaqlara 4 müəllimlə nəzarət edən Əfruz xanımın sözlərinə görə, uşaqlar burada olduqları üçün çox sevinirlər: “Buraya tamaşaçı kimi qatılsaq da, böyük zəfərimizin şərəfinə həvəslənib hərbi paltar geyinib gəliblər. Bizim şagirdlərimiz də çox istedadlıdırlar. Hətta deyə bilərəm ki, görmə çətinliyi olan uşaqların qabiliyyəti daha çoxdur. Xüsusən musiqi sahəsində çox istedadlıdırlar”.

“Zəfərfest-5”

Heydər Əliyev Sarayında Zəfər gününə həsr olunan “Zəfərfest-5” yaradıcılıq festivalı keçirildi. Aktyor Azər Aydəmirin və aktrisa Həcər Baxşəlizadənin təqdimatında olan tədbir tamamilə uşaqların iştirakı ilə baş tutdu. 

“Zəfərfest” ölkə əhəmiyyətli tədbirlərdən biridir. 2021-ci ildən başlayaraq yaradıcılıq festivalı kimi hər il təşkil edilir və artıq “Zəfər günü” tədbirlərinin vazkeçilməzinə çevrilib. 

Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır. Festival gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinə töhfə verir. Ümumiyyətlə, “Zəfərfest” tədbirləri yeni nəslin vətən sevgisinin gücləndirilməsində, şəhidlərimizin xatirələrinin yaşadılmasında və Vətən müharibəsinin şanlı tarixinin təbliğində mühüm rola malikdir. Milli-mənəvi dəyərlərin və yaradıcıllıq potensialının inkişaf etdirilməsi üçün önəmli platformadır. 

Uşaqlar öz qəhrəmanlarını andılar

Məktəblilər 5 il əvvəl onlar gülsün deyə canından keçən, aralarında 20 nəfər təhsil işçisinin də olduğu 3000-ə yaxın vətən oğlunun qanı ilə, vətən sevdalısı olan minlərlə igidin canı bahasına qazanılan zəfəri qeyd etdilər. İndiyədək bu yolda canından keçən qəhrəmanların adını anıb, onları unutmadıqlarını xatırlatdılar, unutmayacaqlarına dair söz verdilər. 

Zəfərə gedən 44 günün əksi səhnədə

Top səsləri, alov, partlayışdan sonra ərşə qalxan duman...

Və səhnə... İlk anlardan başlayaraq səhnə tamaşaçısını özünə bağladı. Öncə tamaşaçı müharibənin həyəcanını duydu, top səsləri eşitdi, silahların qaranlığı aydınladan alovunu, yerdəki partlayışdan sonra ərşə qalxan dumanı gördü. Gecənin sükutunu pozan, qaranlığını işıqlandıran müharibənin bütün dəhşətini hiss etdi. Dərhal da ovqat dəyişdi, 44 gündə olduğu kimi. Gecələri heç sakit keçməyən, səması od-alovla işıqlanan 44 günün gündüzləri “İşğaldan azad edildi!” xəbərləri ilə açıldı. Tamaşaçı 44 günün acı göz yaşlarını da xatırladı, sevinc qəhərlərini də, aldığı qara xəbərdən doğan hıçqırıqları da hiss etdi, siqnal səslərinə qarışan sevinc hayqırtılarını da. 

Od-alovu qovan uşaqlar oldu

Müharibənin ömrü səhnədə də qısa oldu. Uşaqlar topu-tüfəngi səhnədən süpürüb atdılar, rəqsləri, ifaları, şən-şaqraq səsləri ilə gözlərdə yığılan yaşı qurutdular, boğazlarda düyünlənən qəhəri zəiflətdilər. Bir anda çöhrələrdəki kədər, acının yerini təbəssüm aldı, nisgili heyran-heyran baxışlar əvəz etdi. 
Uşaqların ifasında bir-birindən maraqlı rəqs, mahnı nümunələri ilə hər kəsə yeni ruh gəldi. Məsələn, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin oğlanlardan ibarət "Atəşgah" xorunun ifasında “Millətəm”, “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin rəqs kollektivinin müşayiəti ilə Camal Qasımovun ifasında “Qələbə”, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Musa Muradın ifasında “Qarabağdan salam var Azərbaycana”, C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi Məktəbinin "Renessans" uşaq xoru “Şuşa qayıdır evinə”, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının tələbəsi Nərmin Nərimanlının ifa etdiyi “Gözün aydın olsun, Qarabağ”, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal dərnəyinin solistlərinin ifasında “Zəfər Mahnısı”nı sanki ilk dəfə eşidirdik.  IX Respublika Muğam müsabiqəsinin qalibi Əhəd Ağayev “Bayatı şiraz” muğamını yenə eyni şövqlə ifa etdi. Hələ rəqslər... “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin rəqs qrupunun ifasında “Qarabağ yallısı”, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun ifasında “Şuşanın sədası”, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupunun ifa etdiyi “Zəfər” rəqsləri ürəkləri riqqətə gətirdi.
2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Leyla Mütəllimzadə və Aylin Məliklinin ifasında “Qarabağ Zəfəri” şeiri hər kəsi qələbəyə köklədi.

Yaradıcılıq festivalında şəhid övladları da səhnədəydilər. Onlar da öz sözlərini deməsələr, olmazdı. Şəhid övladlarından ibarət xor musiqi və sözləri Könül Hüseynovaya aid “Qəhrəman övladıyıq” mahnısını oxudu.
Musiqili zəfər axşamının ustad qonaqları da vardı. “Baş Komandanım” mahnısı İlhamə Qasımovanın festivala töhfəsi oldu. 

Konsertdən sonra: onlar özlərini hələ də səhnədəki kimi hiss edirlər

“Zəfərfest” festivalında səhnədə olduğu kimi, tamaşaçı auditoriyasında da böyüklər vardı. Belə ki, festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji kollektivləri və digər qonaqlar iştirak etdilər. 

Yaradıcılıq festivalında, sözün əsl mənasında, əylənən uşaqlar oldu. Bir qismi səhnədə, bir qismi də zalda şənləndi.



Səhnədəkilərdən biri şəhid kapitan Vüqar Nəcəfovun qızı İnci Nəcəfova  qardaşı Aydınla xor ifaçılarından oldular. İnci “Kaspi” liseyində V sinifdə təhsil alır: “Atamın şəkli olan köynəklə səhnədə idim. Atamı yanımda hiss etdim, ona görə heç həyəcanlanmadım. Həm də artıq 2 ilə yaxındır ki, tədbirlərdə iştirak edirəm. Artıq o qədər həyəcanlanmıram”.

Şəhid mayor Elçin Alıyevin oğlu Rəhim Alıyevin üzündən təbəssüm heç əskik olmadı. “Qəhrəman övladıyıq” mahnısını ifa edən xorun gülərüz üzvü “İdrak” liseyində oxuyur. V sinif şagirdidir: “Mahnı oxuya bilirəm. Arada-sırada tədbirlər olanda orada oxuyuram. Amma böyüyəndə əsgər olacağam, atam kimi”.

Məşhur rejissor Ülviyyə Könülün quruluş verdiyi konsertdə Zəfər ovqatlı “Şuşanın sədası” rəqsi ilə çıxış edən Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun qızlarını konsertdən sonra söhbətə tutduq. Hər birinin gözü gülür, çıxışlarından məmnundurlar. Sevərək ifa etdikləri rəqsin təsirindən hələ çıxmayıb, geyimlərini belə dəyişməyiblər. Əlində bayraqla dolaşan Nihat İsrafilzadə 148 nömrəli məktəbin VII sinif şagirdidir: “Bayrağı özümdən böyük uşaqlardan şəkil çəkdirmək üçün almışam, aparıb qaytaracağam. Bayraq mənim üçün qürur qaynağıdır, onu çox sevirəm. Festivala hər il qatılıram”. 

“Azəri inciləri” qrupunun qızlarından olan Zəhra 2 ildir ki, rəqslə məşğuldur. 26 nömrəli tam orta məktəbin IV sinfində oxuyur. Bu rəqsdə V sinifdə oxuyan bacısı Həvva Hüseynova ilə birlikdə yer alıblar. Həvva rəqslə yanaşı, xarici dil öyrənməyi də çox sevir. 

Xədicə Həmidova “Zəngi” liseyində (289 nömrəli tam orta məktəb) təhsil alır. 3 ildir ki, rəqslə məşğuldur və gələcəyini də rəqslə bağlayacaq: “Həm yaxşı oxuyuram, həm də yaxşı rəqs edirəm. Bu festivalda rəqs etməyi xüsusilə çox sevdim”.

Məryəm Acaqlarova 214 nömrəli tam orta məktəbin III sinif şagirdidir. 5 ildir ki, rəqs edir. Bütün rəqslərini sevir: “Festivalda “Şuşanın sədası” mahnısı ilə rəqs etdim. Çox gözəl rəqsdir, mən də yaxşı çıxış etdim. Gələcəkdə rəqqasə olacağam”.

Aydan Abdullayeva da III sinifdə oxuyur. 4 ildir ki, rəqslə məşğuldur: “Böyük bacım da rəqs edir, mən də. Amma mən rəqqasə olmayacağam, həkim olmaq istəyirəm. Bu səhnədə olmaq çox xoşuma gəlir. İkinci ildir ki, festivalda iştirak edirəm”.
  
Beləliklə, növbəti “Zəfərfest-5” də yekunlaşdı, amma təəssüratları uzun zaman qalacaq.