"Əvvəllər yalnız təbaşirlə dərs keçirdim, indi isə daim yeni üsullar axtarıram" - Region müəllimi
İbtidai sinif müəllimi olmaq məktəbə ilk dəfə qədəm qoyan şagirdlərə yalnız hərf və rəqəm öyrətmək deyil, uşaqların dünyaya baxışını formalaşdırmaq, onlarda özünə inam yaratmaq, gələcəyinin bünövrəsini qoymaq deməkdir. İbtifai təhsil aldığı vaxtlar uşaqların həyatının ən həssas dövrünə təsadüf edir, bu mərhələdə qoyulan izlər bəzən bir ömür boyu silinmir.
“Azərbaycan müəllimi”nin budəfəki müsahibi, Cəlilabad şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Mədinə Mustafayeva ilə söhbətimizdə belə anladıq ki, onun üçün müəllimlik məhz belə bir məsuliyyət, sevgi və missiyadır. Onun sözlərində yalnız peşəkar yanaşma yox, həm də dərin insani duyğular, qayğı və məsuliyyət hissi aydın görünür.
Mədinə Mustafayeva 1995-ci il iyulun 14-də Cəlilabad rayon Ocaqlı kəndində anadan olub. 2012-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olub. Mədinə müəllimin öz sözləri ilə pedaqoji yoluna nəzər salaq.
“Bu ixtisası seçməkdə əsas motiv sevimli müəllimim olub”
Ən böyük arzusu təhsil almağında xüsusi rolu olan insanlardan biri, daimi dəstəkçisi müəllimi Firuz Mehdiyev kimi, savadı olub müxtəlif səbəblərdən təhsil ala bilməyən uşaqlara dəstək olmaq, gələcəyə savadlı kadrlar yetişdirməkdə payının olmasıdır. Mədinə müəllim müsahibə boyu bir neçə dəfə xatırladığı müəlliminin ona həm psixoloji, həm elmi dəstək verdiyini, hər zaman ondan ilham aldığını vurğulayır. Mədinə müəllim bildirir ki, onun müəllimlik yolunun başlanğıcında öz müəllimi - Firuz müəllim dayanır. O, bir müəllimin şagirdin həyatına necə dərindən təsir edə biləcəyini öz timsalında görüb və eyni yolu seçib:
“Bu ixtisası seçməkdə əsas peşəkar motiv mənim sevimli müəllimim - Firuz müəllim olub. “Bir müəllim şagirdinin gələcəyinə necə toxuna bilərmiş?” sualına cavab olaraq mən də körpə qəlblərdə gözəl bir iz qoymağı, onları təməldən möhkəmləndirərək gələcəyə nümunəvi şəxsiyyət kimi yetişdirməyi qarşıma məqsəd qoydum. Firuz müəllim mənə çox kömək olub. Heç zaman onu yadımdan çıxarmaram. Mən də təhsil həyatında körpə uşaqların beyinlərində bu yöndə iz qoymaq istəyirəm. Bunun üçün də səylə, vicdanla çalışıram”.
“Heç nə məni bu peşəni sevməkdən döndərə bilməzdi”
2016-cı ildə müəllimlərin işə qəbulu imtahanında 48 bal toplayaraq, Sadatlı kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayan müəllim, orada 6 il fəaliyyət göstərib.
O bildirir ki, işini sevən, bu sənətə sahib olmaq üçün necə çətinliklərə sinə gərən biri üçün yolun çətinliyi, uzaqlığı zərrə qədər önəmli olmur, əsas odur ki, körpə qəlblərdə gözəl iz buraxa biləsən:
“İşini sevən üçün çətinlik deyə bir şey yoxdur. O yolları 6 il hər gün gedib-gəlməyimə baxmayaraq, zərrə qədər çətinlik hiss etmədim. Məni görəndə hər gün qucaqlamaq üçün üzərimə qollarını açaraq qaçan şagirdlərim üçün heç nə məni bu peşəni sevməkdən döndərə bilməzdi. Ayaqqabılarımız palçığa batardı, amma biz uşaqlarla birgə onu belə əylənərək təmizləyərdik”.
Sadatlı kənd məktəbindəki ilk dərs günü onun yaddaşında xüsusi yer tutur. O vaxtlar məktəbəhazırlıq qrupları yox idi və uşaqlar birbaşa 1-ci sinfə gəlirdilər. Bu isə müəllimin üzərinə daha böyük məsuliyyət qoyurdu: “Dualarımın, əziyyətlərimin nəticəsini görəcəyim gün bu gün imiş deyə düşünürdüm. Uşaqlar kimi sevincdən gözlərimin içi parlayırdı. Çox xoşbəxt və eyni zamanda həyəcanlı idim. İlk sinfim, ilk təcrübəm kimi uşaqların gözlərinin içinə baxırdım… Onlarda da 1-ci sinif idi, onların da ilk məktəb illəri idi. Mənə baxan bu körpə gözləri, əllərindən tutub yazdıranda gördüyüm o balaca əlləri gördükcə onlara “müəllim” peşəsini, oxumağı, təhsilli olmağı necə sevdirəcəyimin yollarını daha da dərindən düşünməyə başladım”.
“Valideynlərin ürəyincə olan bir müəllimə çevrilmişdim”
Altı il çalışdığı Sadatlı kənd məktəbi onun pedaqoji cəhətdən formalaşmasında böyük rol oynayıb. O, təkcə dərs keçən müəllim deyil, uşaqların həyatında dayaq olan bir şəxsə çevrilib:
“Üstünlüyü o idi ki, hələ də saf, məsum insanların çox olduğu bir yerdə işləyirdim. Uşaqlarının gələcəyindən nigaran qalan valideynlərin ürəyincə olan bir müəllimə çevrilmişdim. Qızlarda oxumağa maraq oyanmışdı, valideynlər də bunu dəyərləndirirdi. Hazırda həmin sinfimin şagirdləri 10-cudurlar və universitetə hazırlaşırlar. Bu, mənim üçün qürurverici bir hissdir. Onlarla əlaqəni də kəsməmişəm, oxumaqları üçün hələ də motivasiya edirəm”.
10 ildir ki, ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərən Mədinə Mustafayeva 6 ildən sonra yerdəyişmə ilə Cəlilabad şəhər 9 nömrəli orta ümumtəhsil məktəbində fəaliyyətə başlayıb.
“Yaxşı dərsin təməli sevgidir”
Mədinə müəllim üçün yaxşı dərsin təməli sevgidir. O, sinfə girərkən bütün şəxsi problemlərini kənarda qoyur: “Uşaqlara fənni sevdirməyin ən başlıca rolu, onlara qayğıyla, sevgiylə yanaşmaqdır. Şəxsi problemləri qapının arxasında qoyub dərsə başlamaq, bu dərsi əyləncəli oyun, video və şəkillərlə təşkil etmək isə dərsə daha da maraq oyadır. Bunu kənd məktəbində fərqli yollarla, şəhər məktəbində isə tamamən fərqli üsullarla edirəm. Mövcud şəraiti də nəzərə almaq lazımdır”.
Onun fikrincə, müəllimin ən vacib keyfiyyəti səbir və empatiyadır: “Ən vacib peşə keyfiyyəti ilk başda səbrli olmaq və empatiya qura bilməyi bacarmaqdır. Uşaqlar, xüsusən məktəbəhazırlıq və 1-ci sinif şagirdləri bir sualı dəfələrlə verirlər. Müəllim ikinci dəfəsində artıq qışqıraraq cavab verirsə, o uşağın bir daha güvəni yerinə gəlməyəcək, fikirlərini ifadə edə bilməyəcək, məktəbə, dərsə marağı azalacaq. Amma səbrlə, sevgiylə dinləyib cavablandırsaq, həmin uşaqlar ən gözəl formada fikrini çatdıran, maraqlı sual verən bir fərdə çevriləcəklər. Həmçinin şagirdlə empatiya qurmaq lazımdır - bu uşaq niyə ağlayır, niyə narahatdır, dərsə maraq göstərməməsinə evdə və ya məktəbdə nə kimi səbəblar var deyə düşünməyi bacarmalıyıq”.
Sonuncu sertifikasiya imtahanında 54, müsahibədə isə maksimu 40 bal toplayan müəllim bildirir ki, MİQ və sertifikasiya imtahanlarında əldə etdiyi nəticələr onun peşəkar inkişafına və valideynlərin etimadına ciddi təsir göstərib: “Bu imtahanlardan sonra öz üzərimdə həvəslə çalışmağa başladım, valideynlərdə mənə qarşı güvən hissi daha da formalaşdı. Adətən bütün valideynlər nə qədər razı qalsalar da, səbrsizliklə gözləyirlər ki, görəsən, övladımıza müəllim seçimini düzgünmü etdik? İmtahanda bilinəcək ki, savadı necədir? Bu suala cavab olaraq belə nəticələrlə gəlməyim bütün valideynləri daha da sevindirdi. Müəllim seçimində daha çox mənə müraciət olunması halı ilə də qarşılaşdım”.
Cəlilabad şəhər 9 nömrəli məktəbə keçdikdən sonra onun qarşısında yeni çağırışlar açılıb: “Artıq kənd məktəbi deyil, şəhər məktəbi üçün yeni üsullar, fərqliliklər axtarışına çıxdım. Çünki oradakı sistemlə şəhər məktəbinin sistemi çox fərqli idi - istər kollektiv, istər şagird sayı, istər resurslar baxımından”.
Müasir müəllim kimdir?
O, müasir müəllim obrazını belə təsvir etdi:
“Müasir dövr üçün müəllim sadəcə məlumat ötürən deyil, həmçinin yol göstərən, istiqamət verəndir. Əsasən oyun, layihə əsaslı öyrənmə metodları və diferensial yanaşma üstünlük təşkil etməlidir. Çünki hər uşağın fərqli qavrama və mənimsəmə yolu var”.
O, zəif oxuyan və ya diqqəti dağınıq olan uşaqlarla xüsusi həssaslıqla işləyir:
“Belə uşaqları əsasən mənə yaxın masalarda əyləşdirirəm ki, diqqət dağınıqlığı azalsın. Onları digər şagirdlər kimi çox tapşırıqla yükləmirəm, edə biləcəyi qədər tapşırıq verirəm və buna görə yüksək qiymətləndirmə və ya tərif edirəm. Çünki bu, gələn dəfə bir az daha artıq çalışmasına səbəb olur və uşaqda özünəgüvən formalaşır. Onları əlaçı şagirdlərlə müqayisə etmək həvəsdən sala bilər. Bunun əksinə, hər dərsdə onları nəticəyə görə deyil, göstərdikləri səyə görə rəğbətləndirmək daha düzgündür”.
10 illik yol - müəllimdən fasilitatora
On ilini müəllimliyə həsr edən Mədinə Mustafayeva geriyə baxanda özünü belə görür: “İşinə vicdanla yanaşan, hər gün məktəbə 1-ci ildəki kimi həvəslə gələn, təkcə bilik ötürən müəllim kimi deyil, həm də şagirdlərinin qəlbinə toxunan, yol göstərən, pisi-yaxşını ayırd etməyi öyrədən bir fasilitator kimi görürəm. Əvvəllər təbaşirlə dərs keçən müəllim idim, indi isə daim yeni, müasir metod və üsullar axtarışındayam. Gələcəkdə təcrübəmi gənc müəllimlərlə bölüşərək, onlara müasir təhsil metodlarını tətbiq etməkdə kömək etmək əsas hədəflərimdəndir”.
Mədinə müəllimin sinfində yetişdirmək istədiyi şagird modeli çox aydındır: “İlk olaraq özlərinə inamı, özgüvəni formalaşdırmaq istəyirəm. “Mən bacararam” deyə bilsinlər. Yeniliklərə açıq, daim yeni şeylərə maraq göstərən şagirdlər yetişdirmək istəyirəm. Empatiya qurmağı bacaran, irqlər və dinlər arasında fərq qoymayan, hər kəsi olduğu kimi qəbul edə bilən şagirdlərin bünövrəsini qoyuram. Məncə, bu insani keyfiyyətlər həm təhsildə, həm həyatda daha gözəl şeylərin var olmasına səbəb olur”.
“Hər bir uşağı öz övladım kimi görürəm”
İki qız anası olmaq onun pedaqoji yanaşmasını kökündən dəyişib: “İki qız övladı böyütmək mənim müəllimlik fəaliyyətimə təkcə təsir etmədi, tamamilə kökündən dəyişdirdi. Evdə ana, məktəbdə müəllim olaraq iki rolum var. Hər bir uşağı öz övladım kimi görürəm. Əvvəllər uşaqların üstünün, saçının dağınıq olmasına fikir vermirdimsə, ana olduqdan sonra sinifdəki bütün körpələrimi geyimlərinə qədər nizamlayıb, öpüb qucaqlayıb evə yola salıram. Bu ana sevgisindən də irəli gəlir”.
O, xüsusən qız şagirdlərə ayrıca həssaslıq göstərir: “Qız övladlarımın olması sinifdəki qızlara qarşı məndə ayrı bir həssaslıq yaratdı. Onların çox çalışması, gələcəkdə öz ayaqları üstə durmağı bacarması, haqlarını tələb edə bilməsi üçün əlimdən gələni edirəm. Öz qız övladlarıma arzuladığım gələcəyi sinifdəki qızlarıma da arzulayıram”.
Sonda Mədinə müəllim gələcək nəsillə bağlı ümidlərini belə ifadə edir: “Gələcəkdə səsini duyura bilən, öz ayaqları üstə durmağı bacaran, təhsilli, yenilikçi, daima axtarışda olan, tədqiqatçı gənclər görmək istərdim. Ev işlərinin yalnız qadına, maşın sürməyin yalnız kişiyə aid olması kimi geri düşüncələri şagirdlərimin beyinlərindən çıxarmağa çalışıram. Qarşılıqlı hörmətin, bilmədiklərimizi soruşub öyrənməyin, yeni kəşflər axtarışında olmağın dünyamızı necə gözəlləşdirəcəyini onlara aşılayıram”.
Mədinə müəllimin sözlərindən də aydın görünür ki, o, sadəcə dərs keçən müəllim deyil, uşaqların gələcəyinə məsuliyyətlə yanaşan, onları insan kimi formalaşdırmağa çalışan əsl pedaqoqdur. Onun hər dərsi, hər sözü, hər qucağı bir uşağın həyatında silinməz bir iz buraxır.



