"Bu, yalnız texniki vərdiş deyil" - Silahı rekord sürətlə söküb-yığan şagird
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin Lənkərana səfəri zamanı hərbi hazırlıq fənninə göstərdiyi xüsusi maraqla diqqəti cəlb edən Lənkəran şəhər Azər Məmmədov adına 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kənan Kərimov mediada da maraqla qarşılanıb.
“Azərbaycan müəllimi” olaraq bu şagirdi oxucularımıza daha yaxından tanıtmaq istədik.
“Hərbi biliklər insana özünəinam qazandırır, onu daha möhkəm iradəli edir”
17 yaşlı şagird həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını davamlı şəkildə inkişaf etdirərək gələcək hədəflərinə doğru inamla irəliləyir. Kənanın sözlərinə görə, hərbi sahəyə marağı hələ uşaqlıq illərindən formalaşıb. Onun üçün Vətənə xidmət anlayışı hər zaman böyük qürur mənbəyi olub. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə baş verən hadisələr bu marağı daha da gücləndirib. O bildirir ki, məktəbin hərbi müəllimi Emin Qurbanovun şəhid olması onda dərin iz buraxaraq bu istiqamətdə qərarını daha da möhkəmləndirib:
“Sonrakı mərhələdə - X sinifdə oxuyarkən hərbi müəllimim Kamil Quliyevin də bu istiqamətdə böyük rolu oldu. Onun rəhbərliyi ilə keçirilən çağırışaqədərki hazırlıq dərslərində həm nəzəri, həm də praktik biliklərə yiyələndikcə bu sahəyə olan həvəsim daha da artdı. Məhz bu prosesdən sonra gələcəkdə hərbçi olmaq qərarım qətiləşdi. Bu sahədə məni ən çox cəlb edən isə intizam və məsuliyyət hissinin formalaşmasıdır. Eyni zamanda hərbi biliklər insana özünə inam qazandırır, onu daha möhkəm iradəli edir. Bununla yanaşı, çevik düşünmək və fiziki hazırlıq səviyyəsini daim yüksək saxlamaq da bu sahədə əsas şərtlərdəndir”.
Onun fikrincə, hərbi hazırlıq yalnız peşə yönümü deyil, eyni zamanda insanın xarakterinin formalaşmasına təsir edən mühüm amildir.
“Artıq vaxtımı daha düzgün planlaşdırıram”
Kənanın əldə etdiyi nailiyyətlər də bu marağın nəticəsi kimi diqqətəlayiqdir. O, avtomatı tələb olunan vaxtdan daha sürətli və düzgün şəkildə söküb-yığmaq bacarığı ilə fərqlənir. O, avtaomatın yalnız sökülməsini 10 saniyədə tamamlaya bilir. Bu nailiyyət onun hərbi sahəyə bağlılığını daha da gücləndirib. Hərbi hazırlıq dərsləri Kənanın gündəlik həyatına da müsbət təsir göstərib. O bildirir ki, bu fənn sayəsində daha intizamlı, məsuliyyətli və səbirli olmağı öyrənib:
“Artıq vaxtımı daha düzgün planlaşdırıram, qərarları daha düşünərək verirəm və çətinliklər qarşısında daha dözümlü oluram”.
Gələcək planlarına gəlincə, Kənan özünü Vətənə layiqli xidmət edən peşəkar hərbçi kimi görür. O, bu istiqamətdə bilik və bacarıqlarını artırmaq üçün davamlı şəkildə çalışdığını qeyd edir.
Son dövrlərdə onun silahı sürətlə söküb-yığmaq bacarığı ilə bağlı mətbuatda yer alan məlumatlar birmənalı qarşılanmayıb. Bəzi fikirlərdə bu bacarığın müasir dövrdə əhəmiyyətinin az olduğu bildirilsə də, Kənan bu yanaşma ilə razı deyil. Onun fikrincə, hərbi sahədə baza bilik və bacarıqlar öz aktuallığını qoruyur. Silahın düzgün və sürətli şəkildə sökülüb-yığılması yalnız texniki vərdiş deyil, həm də diqqətin, çevikliyin və hazırlıq səviyyəsinin göstəricisidir. O hesab edir ki, bu kimi bacarıqlar gözlənilməz situasiyalarda mühüm rol oynaya bilər və gələcək hərbçilər üçün vacib hazırlıq mərhələsidir.
Kənanın uğurları yalnız hərbi hazırlıqla məhdudlaşmır. O, məktəb komandası ilə birlikdə “Sərhəd” hərbi-idman oyununun Lənkəran rayon turunda II yerə layiq görülüb. Bununla yanaşı, taekvando üzrə respublika yarışında 47 kq çəki dərəcəsində II yer qazanaraq idman sahəsində də özünü təsdiqləyib.
Göstərdiyi əzmkarlıq, intizam və məqsədyönlülük Kənan Kərimovu gələcəyin perspektivli gənclərindən biri kimi xarakterizə etməyə əsas verir. Onun timsalında yetişən vətənpərvər gənclər ölkənin gələcək müdafiə potensialının möhkəmlənməsində mühüm rol oynayacaq.



