Lənkəran idmançıları Azərbaycan Kubokunda 5 medal qazanıb
Lənkəran idmançıları Azərbaycan Kubokunda uğurlu çıxış ediblər.
"Azərbaycan müəllimi"nə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən verilən məlumata görə, Bakı şəhərində yerləşən Şüvəlan Ağır Atletika Akademiyasında keçirilən pauerliftinq və bench-press üzrə Azərbaycan Kubokunda Lənkəran idmançıları uğurlu nəticələr əldə edərək 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Bench-press yarışlarında 66 kq çəki dərəcəsində çıxış edən Qismət Məmmədrəhimov 110 kq nəticə ilə yeniyetmələr arasında I yerə layiq görülərək qızıl medal qazanıb. 74 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əliyev yeniyetmələr arasında, Nihat Həsənli isə gənclər arasında II yeri tutaraq gümüş medala sahib olublar.
Pauerliftinq yarışlarında 47 kq çəki dərəcəsində çıxış edən Humay Səfərzadə yeniyetmələr arasında 150 kq nəticə göstərərək qızıl medal qazanıb. Kişilər arasında 74 kq çəki dərəcəsində mübarizə aparan Mirtahib Kərimli isə III yeri tutaraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, qalib idmançıların məşqçi-müəllimləri Cavid Əlizadə və Kamran Əliyevdir.




