“Risk edib uğur qazansan, xoşbəxtsən, alınmasa, təcrübəli” - Gənc startapçının uğur hekayəsi
Bu gün region məktəblərinin məzunları arasında elə gənclər var ki, onların uğur hekayələri yaşıdları üçün nümunəyə çevrilir. Astara rayonunun Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbinin məzunu Arif Kərimli də belə gənclərdəndir. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının III kurs tələbəsi olan Arifin rəhbərlik etdiyi “Inclusive Smart Transport Platform” layihəsinin dünya üzrə 5 qitədən 10 mindən çox startap arasından seçilərək beynəlxalq proqramın ən uğurlu layihələri sırasına daxil olması gənc innovatorun əzminin və zəhmətinin nəticəsidir.
“Azərbaycan müəllimi”nin həmsöhbəti olan Arif Kərimli həyat yolu, tələbəlik uğurları və beynəlxalq layihəsi haqqında danışıb.
2005-ci ildə Astara rayonunun Siyaku kəndində anadan olan Arif Kərimli orta təhsilini Astara rayon Şağlazüzə kənd tam orta məktəbində alıb. O,məktəbi uğurla başa vurduqdan sonra yüksək balla Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olub.
Arif özünü belə təqdim edir: “2012-2023-cü illərdə Astara rayon Şağlazüzə kənd tam orta məktəbində təhsil almışam. 2023-cü ildə yüksək balla Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuşam. Hazırda həmin akademiyanın “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının III kurs tələbəsiyəm. Əlaçıyam. Üç il ardıcıl olaraq Akademiyada “İlin tələbəsi” və “Brend tələbə” seçilmişəm. Əlavə olaraq "Technest" təqaüd proqramının qalibi, "Helpdesk" üzrə beynəlxalq "Cisco IT Essentials" sertifikatının sahibiyəm. Məktəb illərindən indiyədək kompüter, IT və proqramlaşdırma sahəsinə maraq göstərmişəm və hələ də bu sahələrə olan həvəsim, marağım azalmayıb, əksinə daha da çoxalıb”.
Məktəb illərini xatırlayan Arif həmin dövrün onun inkişafında müəyyən rol oynadığını bildirir: “Şağlazüzə kənd tam orta məktəbində təhsil aldığım dövrlərin gələcək uğurlarıma çox təsiri olub. Orta təhsil aldığım illərdə məktəbimiz qrant layihəsinin qalibi olmuşdu və həmin layihənin təlimlərində, xüsusilə "Frontend" proqramlaşdırma üzrə uğurla iştirak etmişəm. Əlavə olaraq bilik yarışlarında iştirak etməyim dünyagörüşümün daha da artmasına kömək edib. Demək olar ki, bir çox müəllimlərim mənə dəstək göstərib. Coğrafiya müəllimim Vüsal Mahmudzadənin adını xüsusi qeyd etmək istəyirəm”.
Arif gələcək planlarını da müəyyənləşdirib. Onun əsas hədəflərindən biri proqramlaşdırma və süni intellekt texnologiyalarını dənizçilik sahəsinə tətbiq etməkdir: “Hazırda “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə təhsil alıram. Buranı seçməyimə səbəblərdən biri rahat iş tapmaq imkanları, prestijli və tanınmış peşələrdən olmasıdır. Ən əsası isə proqramlaşdırma və süni intellekti dənizçiliklə inteqrasiya etmək hədəfimdir”.
Gənc tələbənin beynəlxalq uğur qazanan layihəsinin yaranma hekayəsi isə bir startap müsabiqəsinə dayanır: “‘Inclusive Smart Transport Platform” layihəsinin yaranma ideyası apreldə Gəncədə keçirilən "Greentech III" və "Yaşıl Texnologiyalar" startap müsabiqəsində yaranıb. Bizə verilən üç kateqoriyadan biri inklüzivlik kateqoriyası idi və əlillər üçün əlçatan platforma yaradılması tələb olunurdu. İdeya da məhz buradan yarandı. Bu layihə əlilliyi olan şəxslər və həssas qruplar üçün yaradılmış ağıllı nəqliyyat platformasıdır. Layihə onların gündəlik həyatında metro və avtobuslardan daha rahat və səmərəli istifadə etməsinə kömək edir”.
Layihənin dünya üzrə minlərlə startap arasından seçilməsi xəbəri isə onun üçün gözlənilməz olub: “Bu sevincli xəbəri mənə həmkarım və komanda yoldaşım Hüseyn Camallı verdi. Layihəmizin seçiləcəyinə açığı çox da inanmırdıq. Çünki bu elə bir müsabiqədir ki, dünyanın müxtəlif ölkələrindən, 5 qitədən 10 mindən çox startap qeydiyyatdan keçmişdi. Amma bir tərəfdən də müəyyən inamımız var idi”.
Layihənin hazırlanması prosesində mentor dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Arif Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Ruslan Əlicanovun ona böyük kömək göstərdiyini deyir: “Layihənin hazırlanması zamanı qarşılaşdığım böyük çətinliklər yox idi. Sadəcə bəzi məqamlarda sənə kömək edə biləcək düşünən beynin olması vacibdir. Burada əsasən mentorum, Azərbaycan Dövlət Dəniz Akademiyasının Gəmi elektroavtomatikası kafedrasının laboratoriya müdiri Ruslan Əlicanovun köməyi çox olub. O, bəzi çatışmazlıqları göstərib, məsləhətlər verib. Mən də onları proqrama inteqrasiya edib bir tətbiq yaratdım. Tətbiq demək olar ki, hazırdır və beynəlxalq investorlara təqdim olunmasını gözləyir”.
Hazırda gənc innovator növbəti mərhələ – “Demo Day” üçün hazırlıqlarını davam etdirir: “Qarşıda keçiriləcək “Demo Day” mərhələsindən gözləntim layihəmin dünyanın müxtəlif ölkələrindən gələn investorların bəyənməsini və rəğbətini qazanmasıdır. Layihənin gələcək inkişafı ilə bağlı planlarım çoxdur. Hələ planlarımı cızıram, desəm daha doğru olar”.
Arif Kərimli öz uğur hekayəsinin yaşıdlarına da motivasiya verməsini istəyir:
“Yaşıdlarıma tövsiyəm budur ki, xəyallarınızın ardınca gedin. Cəsarətli olun. Risk edin. Nəticə pis olsa belə, bu sahədə təcrübəniz daha da çoxalacaq. Bu təcrübələrdən nəticə çıxarıb gələcək layihələrdə daha uğurlu çıxış edə bilərsiniz. Risk edib uğur qazansan, xoşbəxtsən, alınmasa, təcrübəli...”.
Gənc startapçı qazandığı uğurda ona dəstək olan insanları da minnətdarlıqla xatırlayır: “Bu uğurumda başda ailəm, valideynlərim olmaqla müəllimlərim və dostlarım öz dəstəklərini əsirgəməyiblər. Onlara böyük təşəkkürlərimi bildirirəm”.




