Lənkəran Dövlət Universitetinə maraq artıb – Yüksək ballı tələbələr
Son illərdə təhsilin elmi-texniki bazasını əsaslı şəkildə yeniləyən və qazandığı uğurlarla ölkə universitetləri arasında seçilən Lənkəran Dövlət Universitetinə (LDU) maraq artıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, cari tədris ilində tələbə qəbulu planının demək olar ki, tamamilə dolması bu ali təhsil ocağının gənclər arasında artan nüfuzunu göstərir.
Universitetdə təkcə tələbə sayında deyil, eyni zamanda yüksək balla daxil olanların faizində də əsaslı yüksəliş qeydə alınıb. Bu il LDU-ya qəbul olan tələbələr arasında intellektual liderlik 656 bal toplayan Ofelya Məhərrəmovaya məxsusdur. Regionda təhsil almağa üstünlük verən digər yüksək ballı gənclərdən Aysel Kazımova 612.8 bal, Gülşən İbrahimova isə 606.4 bal toplayaraq LDU tələbəsi adını qazanıblar. Bu tələbələrin hər üçü dövlət sifarişli əsaslarla Xarici dil müəllimliyi (İngilis dili) ixtisasına yiyələnəcəklər. Eyni ixtisası 599.2 balla Rza Nağıyev də seçib. Ümumilikdə, bu il xarici dil müəllimliyi ixtisasını seçənlərin 21 nəfəri 500-600 aralığında bal toplayan gənclərdir.
Yüksək nəticə göstərən abituriyentlərin pedaqoji ixtisaslara axını xüsusilə diqqət çəkir. Belə ki, 500-600 arası bal toplayan tələbələr LDU-nun Azərbaycan dili və ədəbiyyatı, tarix, kimya və biologiya, eləcə də riyaziyyat və informatika müəllimliyi ixtisaslarına üstünlük veriblər. Yüksək ballı gənclər arasında İnformasiya texnologiyaları və İqtisadiyyat ixtisasını seçənlərin sayı da az deyil.




