Eyni universitet, eyni məktəb: sertifikasiyada yüksək bal topladılar

2 İyul, 2026 - 14:12
Eyni universitet, eyni məktəb:

Bəzən həyat yolları elə maraqlı şəkildə kəsişir ki, həmin yolun hər mərhələsi ayrıca bir uğur hekayəsinə çevrilir. Yardımlı rayonu Nazim Cəfərov adına Avaş kənd tam orta ümumi təhsil məktəbinin müəllimləri Xəyal Əlili və Aytəkin Allahverdiyevanın həyat və fəaliyyət yolu da məhz belə nümunələrdəndir. Azərbaycan Dövlət Pedaqoji Universitetində eyni qrupda təhsil alan, sonradan eyni məktəbdə çalışmağa başlayan və ailə quran gənc müəllimlər bir neçə gün öncə keçirilən müəllimlərin sertifikasiya imtahanında 57 bal toplayıblar.

“Azərbaycan müəllimi”nə danışan müəllimlər bildirirlər ki, onların tanışlığı tələbəlik illərinə təsadüf edir. Xəyal müəllim 2017-ci ildə 541 balla, Aytəkin müəllim isə 504 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olublar və eyni qrupda təhsil alıblar.

"Müəllimlik çox zəhmətli, bir o qədər də qürurlu peşədir"

“Universitet illərində daim təhsildə bir-birimizə dəstək olmuş, bir-birimizi motivasiya etmişik. 2022-ci ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak etdik. Mən riyaziyyat, Aytəkin isə informatika müəllimi kimi işə qəbul olunduq. Məktəb seçimi zamanı mənim yaşadığım kəndin məktəbini seçdik. Aytəkin Tovuz rayonunun Qovlar şəhərində anadan olub, orada böyüyüb. Buna baxmayaraq, müəllimlik fəaliyyəti üçün Yardımlıya gəlməyi seçdi. Elə həmin il ailə həyatı qurduq və artıq dörd ildir ki, eyni məktəbdə müəllim kimi çalışırıq”, – deyə Xəyal müəllim bildirir.

Sertifikasiya imtahanında hər iki müəllimin eyni nəticə göstərməsi onların yaddaşında xüsusi iz buraxıb. Xəyal müəllim səhər, Aytəkin müəllim isə günorta növbəsində imtahan verib.

“İmtahandan çıxıb 57 bal topladığımı söyləyəndə, əlbəttə, çox sevindik və bu, Aytəkin üçün böyük motivasiya oldu. Düşünürdüm ki, Aytəkin daha yüksək nəticə göstərəcək. Çünki o, daha çox çalışırdı”, – deyə Xəyal müəllim xatırlayır.

Aytəkin müəllim isə həmin anları belə təsvir edir:

“57 bal topladığımı görəndə çox sevindim, sevincdən ağladım. Çünki sistemli şəkildə öz üzərimdə çalışır, yeniliklərlə maraqlanırdım. Hər bir həmkarıma bu sevinci yaşamağı arzu edirəm. Müəllimlik həqiqətən çox zəhmətli, bir o qədər də qürurlu peşədir. Bu nəticəni, düzünü desəm, gözləyirdim. Yoldaşım səhər növbəsində 57 bal toplamışdı. Sonra özüm imtahana girdim. Sonda mən də ekranda 57 bal gördüm. Sevincimdən bilmirdim nə edim. Tez çıxdım, qaçdım və dedim: ‘Məndə də 57 baldır’. Məktəbin həyətində sevincdən sanki uçurduq. Çünki çox zəhmət çəkmişdik. Kənd yerində qarlı, şaxtalı havalarda məktəbə getmək, eyni zamanda hazırlıqla məşğul olmaq asan deyildi”.

"Sertifikasiya sayəsində bəzi müəllimlər öz potensiallarının nələrə qadir olduğunu görür və işlərinə daha həvəslə yanaşırlar"

Müəllim cütlüyü bildirir ki, əldə etdikləri nəticənin arxasında uzunmüddətli hazırlıq, qarşılıqlı dəstək və ailə mühiti dayanır.

“Pedaqoji fəaliyyət göstərdiyimiz illər ərzində təhsil sahəsində hər zaman bir-birimizə kömək etmişik. Sertifikasiya imtahanına da birlikdə hazırlaşırdıq. Qarşımıza çıxan çətinliklər zamanı bir-birimizə dəstək olurduq. Bu, nəticəmizə təsir göstərən əsas amillərdən biri idi. Öz təcrübələrimizi, ideyalarımızı tez-tez bölüşürük və bu da məktəbdə fəaliyyətimizə müsbət təsir göstərir”, – deyə onlar vurğulayırlar.

Aytəkin müəllim hazırlıq prosesində müxtəlif mənbələrdən yararlandığını bildirir:
“İmtahana hazırlıq üçün müxtəlif əlavə vəsaitlərdən istifadə etmişəm. Asudə vaxtlarımı ixtisas biliklərimi artırmağa sərf edirdim”.

Onun sözlərinə görə, sertifikasiya müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir:
“Mən informatika müəllimi olaraq bildirirəm ki, texnologiya və elm daim inkişaf edir. Buna görə də hər kəs öz üzərində daim çalışmalıdır. Sertifikasiya istər-istəməz hər kəsi öz üzərində işləməyə vadar edir. Məncə, bu, çox müsbət haldır. Ölkəmizdə savadlı, öz işinin peşəkarı olan müəllimlərin sayı artır. Hətta bu üsulla bəzi müəllimlər öz potensiallarının nələrə qadir olduğunu görür və işlərinə daha həvəslə yanaşırlar”.

"Gənc həmkarlarımıza tövsiyəmiz budur ki, öz ixtisaslarına mükəmməl yiyələnsinlər"

Aytəkin müəllim hesab edir ki, hər iki tərəfin eyni peşəni seçməsi onları həm ailədə, həm də iş həyatında bir-birinə daha da yaxınlaşdırıb.

“Hər ikimizin müəllim olması bir-birimizi həm ailədə, həm də işdə daha yaxşı anlamağımıza səbəb olur. Ailə də bu prosesdə əsas amillərdən biridir. Ailəmiz bizə daim dəstək olub. Qayınatam da müəllimdir. Kurikulumla bağlı tez-tez müzakirələr aparırdıq. Bu dəstək və qarşılıqlı anlayış uğurumuzun vacib hissəsidir”, – deyə Aytəkin müəllim bildirir.

Gələcək planlarından danışan müəllimlər qeyd edirlər ki, əldə etdikləri uğur onlar üçün son deyil, yeni hədəflərə aparan başlanğıcdır.

“Bundan sonra da öz üzərimizdə daim çalışacaq, əldə etdiyimiz bilik, bacarıq və təcrübələri gənc nəslin yetişməsi naminə sərf edəcəyik. Qarşımıza məqsədlər qoyub sistemli şəkildə həmin məqsədlər uğrunda çalışacağıq. Səbir, əzm və iradə uğurun əsas şərtləridir.

Sürətlə inkişaf edən elmi-texnoloji dövrdə hər bir müəllim öz üzərində daim çalışmalı, ixtisas biliklərini artırmalıdır. Gənc həmkarlarımıza tövsiyəmiz budur ki, hər zaman araşdırmaçı olsunlar və öz ixtisaslarına mükəmməl yiyələnsinlər”.