Müəllimlik mənim həyatımın özüdür” - Təqaüdçü müəllim
Müəllim ömrünü yalnız məktəbdə keçirdiyi illərlə ölçmək mümkün deyil. Əsl müəllimin ömrü onun yetişdirdiyi şagirdlərin taleyində, qazandığı uğurlarda, cəmiyyətə verdiyi töhfələrdə davam edir. Bəzən bir müəllimin dediyi söz, verdiyi məsləhət, göstərdiyi diqqət bir şagirdin həyat yolunu dəyişə bilir. Bu mənada müəllimlik sadəcə peşə deyil, böyük məsuliyyət və fədakarlıq tələb edən həyat yoludur.
“Azərbaycan müəllimi”nin həmsöhbəti uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, minlərlə şagirdin həyatında iz qoymuş təcrübəli pedaqoq, “Tərəqqi” medalı ilə təltif olunmuş, hazırda təqaüddə olan Südabə Hüseynovadır.
Riyaziyyatı öyrətməkdən daha çox onu sevdirmək
Südabə Hüseynova 1979-cu ildə o vaxtkı Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (Azərbaycan Dövlət Pedaqoji Universiteti) Riyaziyyat fakültəsini bitirib. Elə həmin ildən 2024-cü ilədək Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb. Təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə 2021-ci il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Südabə Hüseynova üçün riyaziyyat yalnız düsturların, qaydaların və hesablamaların məcmusu olmayıb. O, bu fənni şagirdlərinə sevdirməyi bacarıb. Dərslərində müasir təlim metodlarından istifadə edərək şagirdlərdə məntiqi və yaradıcı düşünmə qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirib. Müxtəlif interaktiv üsullardan, əyani vasitələrdən və praktik tapşırıqlardan istifadə etməklə dərsləri daha maraqlı və yaddaqalan edib. Onun əsas məqsədi yalnız riyazi bilikləri öyrətmək deyil, həm də şagirdlərdə riyaziyyata qarşı müsbət münasibət, özünəinam və öyrənmək həvəsi formalaşdırmaq olub.
Şagirdin uğuru müəllimin ən böyük mükafatıdır
Südabə Hüseynovanı 45 illik müəllimlik fəaliyyəti boyu daim ruhlandıran əsas amillərdən biri şagirdlərinin uğurları olub. Onun dərs dediyi şagirdlərin ali məktəblərə qəbul olmaları, həyatda öz yerlərini taparaq müxtəlif sahələrdə uğur qazanmaları müəllim üçün ən böyük sevincə çevrilib.
“Mənim üçün müəllimlik sadəcə peşə deyil, həyatımın özüdür”, – deyən Südabə müəllim peşəsini çox sevdiyini vurğulayır. Uzun illər ərzində məktəb onun üçün yalnız işlədiyi məkan olmayıb. Məktəb onun həyatının ayrılmaz hissəsinə, şagirdləri isə bu həyatın ən qiymətli parçasına çevrilib.
Müəllim–şagird münasibətində əsas prinsip
Təcrübəli pedaqoq müəllim–şagird münasibətlərinə xüsusi önəm verir. Onun əsas prinsipi hər bir uşağa hörmətlə yanaşmaq olub. Şagirdin dərsi yaxşı və ya zəif oxumasından asılı olmayaraq, müəllim onun diqqətdən kənarda qalmasına imkan verməyib. Əksinə, hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə almağa çalışıb.
Uzunillik təcrübəyə malik pedaqoq söyləyir ki, uşağın qəlbinə yol tapmağın əsas şərti ona dəyər verməkdir. Xüsusilə nadinc və dərsə marağı zəif olan şagirdlərlə münasibətdə cəza və sərtlikdən əvvəl söhbət etməyə, onun davranışının səbəbini anlamağa və düzgün istiqamət verməyə üstünlük verib. Təcrübə göstərib ki, belə yanaşma əksər hallarda öz bəhrəsini verib.
Təhsil prosesində yalnız müəllim və şagird münasibətləri deyil, valideynlərlə qurulan sağlam əməkdaşlıq da mühüm rol oynayır. Südabə Hüseynovanın fikrincə, uşağın təlim-tərbiyəsində məktəb və ailənin eyni istiqamətdə hərəkət etməsi vacibdir.
Uzun illərin təcrübəsi göstərir ki, müəllimlik yalnız bilik vermək deyil, həm də şəxsiyyət yetişdirməkdir. Südabə Hüseynovanın həyat yolu da məhz bu fədakarlığın, peşə sevgisinin və şagirdlərinə bağlılığın nümunəsidir. Hazırda təqaüddə olsa da, onun xatirələri, düşüncələri bu gün də gənc müəllimlər üçün dəyərli örnəkdir.




