Vətən müharibəsində öyrəndiklərini bu gün şagirdlərinə ötürürlər
Bəzən insanın həyat yolunda elə məqamlar olur ki, onun kimliyini, xarakterini və Vətənə bağlılığını bütün aydınlığı ilə üzə çıxarır. 44 günlük Vətən müharibəsi də bir çox azərbaycanlı üçün məhz belə bir sınaq oldu. O günlərdə əllərinə silah alaraq torpaqlarımızın müdafiəsinə qalxanlar sırasında müəllimlər də vardı. Onlar sinif otaqlarında öyrətdikləri Vətən sevgisini döyüş meydanında əməlləri ilə təsdiqlədilər. Bu gün isə onlar yenidən müəllim kimi fəaliyyət göstərirlər.
Müəllim üçün ən böyük dərs bəzən sözlə deyil, şəxsi nümunə ilə verilir. Döyüş yolu keçmiş müəllimlərin həyat hekayələri də gənc nəslə məhz belə bir dərsdir: Vətəni sevmək onu tanımaq, qorumaq və yaşatmaq deməkdir.
Həmsöhbətlərimiz – 44 günlük Vətən müharibəsinin iştirakçıları Cəlilabad rayonu Ocaqlı kənd Ş.Nəzərov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Firuz Mehdiyev və Masallı rayonu Ə.Məmmədov adına Öncəqala kənd tam orta ümumtəhsil məktəbinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Nazim Cəfərzadə həm döyüş meydanında, həm də pedaqoji fəaliyyətlərində Vətənə xidmət missiyasını davam etdirən təhsil işçiləridir.
Müəllimlikdən döyüş meydanına, döyüş meydanından yenidən müəllimliyə
Firuz Mehdiyev üçün müəllimlik sadəcə peşə deyil, mənəvi məsuliyyət və həyat yoludur. Bu peşəni seçməsində valideynlərinin xüsusi rolu olub. Atası da, anası da onun müəllim olmasını istəyib. Ailədə aldığı tərbiyə, valideynlərinin arzusu və məktəb illərində müəllimlərindən gördüyü nümunə gələcək həyat yolunu müəyyənləşdirib.
Uzun illərdir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Firuz müəllim şagirdlərinə yalnız bilik verməyi deyil, onlarda milli-mənəvi dəyərlərə, ana dilimizə və Vətənə sevgi aşılamağı da əsas vəzifəsi hesab edir. Pedaqoji fəaliyyətinin ən böyük nəticəsini yetişdirdiyi şagirdlərdə görür. Bu gün yetirmələrinin müxtəlif sahələrdə çalışmaları və öz peşələrində uğur qazanmaları ona qürur verir. Eyni zamanda, 20-dən artıq Azərbaycan dili və ədəbiyyat müəlliminin yetişməsinə töhfə verməsi, iştirak etdiyi təlimlərdə təcrübəsini həmkarları ilə bölüşməsi pedaqoji fəaliyyətinin mühüm nəticələrindəndir.
“İstərdim ki, şagirdlərimin yaddaşında yalnız dərs deyən müəllim kimi deyil, onların qəlbinə toxunan, ədalətli olmağı, çətinliklər qarşısında sınmamağı öyrədən bir insan kimi qalım. Yaxşı müəllim insanın yaddaşında, əsl müəllim isə həyatında iz qoyur”, - deyə Firuz Mehdiyev bildirir.
Hələ X sinifdə təhsil aldığı illərdə qonşusu Şamil Nəzərovun Birinci Qarabağ müharibəsində yaralanaraq kəndə qayıtması, bir müddət sonra isə sağalaraq yenidən cəbhəyə yollanması və qəhrəmancasına şəhid olması Firuz müəllimin yaddaşında silinməz iz buraxıb. O illərdə gənc bir məktəbli olan Firuz Mehdiyev üçün Şamilin həyat yolu Vətənə bağlılığın, torpağa sədaqətin və əsl vətəndaşlıq məsuliyyətinin canlı nümunəsinə çevrilib. Zaman keçsə də, həmin hadisənin onda yaratdığı mənəvi təsir azalmayıb. Bu gün Firuz müəllimin məhz Şamil Nəzərovun adını daşıyan məktəbdə pedaqoji fəaliyyət göstərməsi isə onun üçün xüsusi mənəvi məna və məsuliyyət daşıyır. Bir vaxtlar qəhrəmanlığına şahid olduğu insanın adını daşıyan təhsil ocağında çalışmaq, onun xatirəsini yaşatmaq və gənc nəslə Vətən sevgisini aşılamaq Firuz müəllim üçün sadəcə mənəvi borcdur.
Vətənə xidmət və torpağa bağlılıq duyğusu Firuz Mehdiyevin həyatında ailə və dost çevrəsindən gələn nümunələrlə də daha da möhkəmlənib. Dayısının Vətən müharibəsində iştirakı, sinif və tələbə yoldaşlarının döyüşlərə qatılması onun dünyagörüşünə, həyata baxışına və vətəndaşlıq mövqeyinə ciddi təsir göstərib. Lakin bu hadisələr içərisində onu ən çox duyğulandıran məqamlardan biri vaxtilə dərs dediyi, sevincini və qayğılarını bölüşdüyü 20-dən artıq şagirdinin Vətən müharibəsində iştirak etməsi olub. Bir zamanlar qarşısında əyləşən, gələcəklə bağlı arzularını dinlədiyi şagirdlərini bu dəfə Vətənin müdafiəsi üçün silaha sarılmış görmək onun üçün həm böyük qürur, həm də dərin məsuliyyət hissi yaradıb. Onların arasında şəhid şagirdi Səyyad Ağahüseynlinin də olması isə yaşadığı ağır mənəvi itki olub.
Əslində, Firuz Mehdiyevin Vətən müharibəsində iştirakı onun üçün gözlənilməz qərar və ya ani emosional addım olmayıb. O, müharibə başlamazdan əvvəl də Murovdağ istiqamətində zabit kimi hərbi xidmətdə olub, hərbi təcrübə qazanıb və Vətənin müdafiəsinin nə qədər böyük məsuliyyət tələb etdiyini yaxşı anlayıb. 2020-ci il sentyabrın 27-də Firuz Mehdiyev Vətən müharibəsi başlayanda tərəddüd etmədən cəbhəyə yollanıb. Həmin an onun üçün müəllimliklə hərbi vəzifə arasında seçim etməkdən söhbət gedə bilməzdi. Çünki o, bu iki anlayışı bir-birindən ayrı təsəvvür etmirdi. İllər boyu şagirdlərinə Vətən sevgisindən, milli-mənəvi dəyərlərdən, torpağa bağlılıqdan və xalqın azadlığı uğrunda fədakarlıqdan danışan bir müəllim kimi indi həmin dəyərləri öz davranışı ilə təsdiqləmək zamanı çatmışdı. O, yaxşı anlayırdı ki, Vətən sevgisi yalnız sözlə ifadə olunan hiss deyil, zərurət yarandıqda məsuliyyəti üzərinə götürmək, öz vətəndaşlıq borcunu yerinə yetirmək və çətinliklər qarşısında geri çəkilməməkdir.
Firuz Mehdiyev həmin günləri xatırlayarkən qərarının arxasında dayanan düşüncəni belə ifadə edir: “Vətən təhlükədə olduğu halda kənarda qalmağı özümə yaraşdırmadım. Mən müəllim idim, amma hər şeydən əvvəl bu torpağın övladı, Azərbaycanın vətəndaşı və Vətənin müdafiəsinə hazır olan bir əsgər idim. İllərlə şagirdlərimə Vətəni sevməyi, onun hər qarış torpağını qorumağın müqəddəs borc olduğunu anlatmışdım. Artıq danışdıqlarımı əməlimlə göstərməyin vaxtı idi”.
“Döyüş meydanında heç kim digərindən hansı peşənin sahibi olduğunu soruşmurdu...”
Vətən müharibəsi insanları bir amal, bir məqsəd və bir müqəddəs sevgi ətrafında birləşdirən tarixi sınaq oldu. Həmin günlərdə ön cəbhədə hər kəsin kimliyi, haradan gəlməsi, hansı peşənin sahibi olması deyil, Vətənə bağlılığı, döyüş əzmi və qələbəyə inamı ön planda idi. Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən Firuz Mehdiyev də həmin unudulmaz günlərin canlı şahidlərindəndir. O, müharibə xatirələrindən danışarkən ən çox silahdaşları arasında hökm sürən sarsılmaz birlik, qarşılıqlı etimad, fədakarlıq və qardaşlıq münasibətlərini xüsusi vurğulayır. Onun sözlərinə görə, döyüş meydanında heç kim digərindən haralı olduğunu, hansı peşənin sahibi olduğunu soruşmurdu. Hamını bir amal birləşdirirdi – torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü və xalqımızın qələbəsi. Orada hər kəsin bir adı, bir kimliyi var idi: Azərbaycan əsgəri!
Ağır döyüşlər, çətin sınaqlar, təhlükə ilə üz-üzə qaldıqları anlar əsgərlər arasında elə bir mənəvi bağ yaratmışdı ki, hər kəs öz həyatından əvvəl silahdaşının taleyini düşünürdü. Birinin ağrısı hamının ağrısı, birinin sevinci hamının sevinci idi. Çünki səngərdə insanları bir-birinə bağlayan ən böyük qüvvə Vətən sevgisi, döyüş yoldaşına sədaqət və üzərinə götürdüyü müqəddəs məsuliyyət idi.
Döyüşlər zamanı yaralanması da Firuz Mehdiyevin Vətənə xidmət əzmini, mübarizə ruhunu və zabit iradəsini sarsıda bilmədi. Sağlamlığı bərpa olunduqdan sonra yenidən döyüş yoldaşlarının sırasına qayıtması onun üçün sadəcə bir seçim deyil, həm də mənəvi borc idi. O, zabitlik məsuliyyətini yalnız verilən əmrlərin icrasına nəzarət etməkdə deyil, əsgərlərinin taleyinə şərik olmaqda, onların sevincini də, ağrısını da bölüşməkdə görürdü. Firuz müəllimin sözləri ilə desək: “Zabit olmaq yalnız əmr vermək deyil, həm də əsgərlərinin sevincini və ağrısını bölüşmək deməkdir”.
Bu gün 44 günlük Vətən müharibəsinin iştirakçısı Firuz Mehdiyev yenidən doğma məktəbə qayıdaraq pedaqoji fəaliyyətini davam etdirir.
Onun sözlərinə görə, Vətənə xidmət yalnız səngərdə silah tutmaqla məhdudlaşmır. Vətəni qorumaq qədər onu tanımaq, sevmək, tarixini yaşatmaq, dilini və mədəniyyətini gələcək nəsillərə ötürmək də müqəddəs vəzifədir. Bu baxımdan müəllimlik də Vətənə xidmətin ən şərəfli peşələrindən biridir. Çünki hər bir müəllim gələcəyin qurucularını, xalqın sabahını etibar edəcəyi gəncləri yetişdirir.
O, şagirdlərinə ana dilimizi sevməyi və qorumağı, tariximizi dərindən öyrənməyi, milli-mənəvi dəyərlərimizə sahib çıxmağı, Vətən sevgisinin yalnız sözlə deyil, biliklə, zəhmətlə, dürüstlüklə və məsuliyyətli davranışla sübut etməyi öyrədir.
Onun keçdiyi döyüş yolu ilə bugünkü müəllimlik fəaliyyəti arasında dəyişməyən bir amal var: Vətənə sədaqətlə xidmət etmək!
Şuşaya dağlarla hərəkət edən dəstələrdən birinə özü komandirlik edib
Digər həmsöhbətimiz 1981-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olan Nazim Cəfərzadənin həyat yolu da hərbçiliklə başlayıb.O, 1999-cu ildə Türkiyədə Xüsusi Təyinatlı Qüvvələr Məktəbinə daxil olub. İki il hərbi təhsil aldıqdan sonra Vətənə xüsusi təyinatlı qüvvələrin zabiti kimi qayıdıb. 25 illik xidmətini xüsusi təyinatlı qüvvələrdə davam etdirib.
Xidmət etdiyi müddətdə xüsusi təyinatlı komandir kimi bir çox əməliyyatlarda iştirak edib. 2016-cı il Aprel döyüşlərinin, Vətən müharibəsinin və antiterror əməliyyatlarının fəal iştirakçısı olub. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Vətən müharibəsində isə yeddi medal və “Rəşadət” ordeninə layiq görülüb.
Nazim Cəfərzadənin döyüş yolu xüsusi təyinatlı qüvvələrin müxtəlif istiqamətlərdə həyata keçirdiyi əməliyyatlarla bağlıdır. Vətən müharibəsi zamanı Murovdağdan Şuşayadək bütün istiqamətlərdə XTQ komandiri kimi döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, Şuşaya dağlarla hərəkət edən dəstələrdən birinə də özü komandirlik edib.
Döyüşlərdə dəfələrlə yaralanan Nazim müəllim Şuşa uğrunda döyüşlərdə başından, əlindən və üz nahiyəsindən aldığı ağır yaralara baxmayaraq, döyüşlərdə iştirak edib. Hərbi xidmət dövründə ümumilikdə 17 medal və bir ordenlə təltif olunub.
Hərbi xidmətdən ayrıldıqdan sonra ömrünün böyük hissəsini Vətən xidmətinə həsr edən hərbçi bundan sonra da eyni məqsədə xidmət etməyin yolunu müəllimlikdə görüb: “Fikirləşdim ki, mən bugünə kimi bütün ömrümü Vətənə həsr etmişəm, nə üçün bundan sonra da müəllim kimi qəlbində Vətən sevgisi olan qəhrəmanlar yetişdirməyim?”, - deyə o, seçimini belə izah edir.
“Bir insanın həyatı bir xalqın, bir millətin azadlığından qiymətli ola bilməz”
Beləliklə, Nazim Cəfərzadə Masallı rayonu Ətrafil Məmmədov adına Öncəqala kənd tam orta ümumtəhsil məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri kimi fəaliyyətə başlayıb. Bu gün şagirdlərinin Vətən sevgisinin yüksək səviyyədə olduğunu vurğulayan müəllim onların müxtəlif vətənpərvərlik layihələrində iştirakını da xüsusi qeyd edir.
O, şagirdlərinə hərbi biliklər öyrətməklə yanaşı, Vətənə bağlılığın , məsuliyyətin və fədakarlığın əhəmiyyətini də aşılamağa çalışır. “Bir insanın həyatı bir xalqın, bir millətin azadlığından qiymətli ola bilməz”, - deyir Nazim müəllim.
Həmsöhbətimiz olan hər iki müəllim bir vaxtlar döyüş meydanında torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıblar, bu gün isə məktəbdə həmin torpaqların gələcəyini etibar edəcəyimiz gəncləri yetişdirirlər.




