İlk yarış, ilk qızıl medal: Üç aylıq məşqin böyük nəticəsi
Bəzən insanın qarşısında uzun illər ərzində əldə etməyi planlaşdırdığı uğurun başlanğıcı üçün cəmi bir neçə ay kifayət edir. 13 yaşlı Humay Səfərzadənin pauerliftinqdəki hekayəsi də məhz belə başlayıb.
Xəbər verdiyimiz kimi, 12–13 sentyabr tarixlərində Bakı şəhərində, Şüvəlan Ağır Atletika Akademiyasında pauerliftinq və benç-pres üzrə keçirilən Azərbaycan Kuboku yarışında Lənkəran idmançıları uğurlu nəticələr göstərərək 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl medallarından birini pauerliftinq üzrə qadınlar arasında 47 kq çəki dərəcəsində çıxış edən Humay Səfərzadə əldə edib. Yeniyetmələr arasında mübarizə aparan gənc idmançı 150 kq nəticə göstərərək Azərbaycan Kubokunun qalibi olub.
"Azərbaycan müəllimi" ilə söhbətində yeniyetmə idmançı ilk yarışının həyəcanından, onu qələbəyə aparan üç aylıq məşq yolundan, anasının və məşqçisinin dəstəyindən, eləcə də gələcək arzularından danışıb. Bildirib ki, onun bu uğura gedən yolu heç də uzun deyil. O, pauerliftinqlə cəmi üç aydır məşğul olur. 2013-cü ildə anadan olan Humay Lənkəran rayonu N. Həsənov adına Şıxəkaran kənd tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdidir. İdmana marağı elə uşaqlıqdan yaranıb. Pauerliftinqlə tanış olduqda bu idman növü onun diqqətini xüsusilə çəkib və məşqlərə başlamaq qərarına gəlib.

İlk məşqi onun üçün asan olmayıb. Cəmi üç ay əvvəl başladığı məşqlərin ardından özünü ilk dəfə yarış meydanında sınamaq isə həyəcanını daha da artırıb. Üstəlik, bu, Humayın iştirak etdiyi ilk yarış idi. Buna görə də Azərbaycan Kubokundakı çıxışı onun üçün ikiqat əlamətdar olub.Elə ilk yarışında ilk qızıl medala layiq görülüb.
“İlk yarışım olduğuna görə çox həyəcanlı idim”, – deyə Humay həmin günü xatırlayır.
İlk yarışdan qızıl medalla ayrılması onun qarşısına daha böyük məqsədlər qoymasına səbəb olub. Artıq növbəti yarışlara hazırlaşan məktəbli idmançı gələcəkdə Azərbaycan qadınları arasında birincisi olmağı, beynəlxalq arenada ölkəmizi uğurla təmsil etmək arzusundadır.Hətta beş ildən sonra özünü xaricdə Azərbaycan bayrağı altında yarışan idmançı kimi görür.
Humayın bu qısa müddətdə qazandığı uğurun arxasında məşqçinin əməyi ilə yanaşı, ailəsinin dəstəyi də dayanır. Lənkəran UGİM-in yetirməsi olan idmançı bildirib ki, müəllimi Cavid Əlizadə yarışa qədərki üç ay ərzində daim yanında olub, hazırlığında ona yaxından kömək edib.

İdmanla məşğul olmaqla yanaşı, məktəbdə təhsilini də davam etdirən Humay bunun həmişə asan olmadığını etiraf edir.
Humay üçün doğma Lənkəranı təmsil etmək də ayrıca qürur mənbəyidir. İlk yarışında əldə etdiyi qızıl medalı təkcə şəxsi uğur kimi deyil, doğma rayonunun adını yüksəltmək baxımından da dəyərləndirir: “Çox gözəl hissdir və bununla fəxr edirəm”, – deyən Humay Səfərzadənin qarşıdakı hədəfləri isə daha böyükdür.
Hazırda növbəti yarışlara hazırlaşan məktəbli idmançının əsas məqsədlərindən biri dünya çempionatında iştirak etməkdir.




