Qələbə xalqımızın milli qürurunun bərpasıdır - Müharibə iştirakçısı olan müəllimlər
Onlar müharibə illərində Vətənin müdafiəsi uğrunda mübarizə aparıb, Zəfərdən sonra isə bilikləri, təcrübələri və vətənpərvərlik düşüncələri ilə gənc nəslin yetişdirilməsinə töhfə verməyə başlayıblar.
Vətənə xidmət bəzən səngərdə silahla, bəzən isə sinif otağında qələmlə davam edir. “Azərbaycan müəllimi” İkinci Qarabağ müharibəsində iştirak etmiş, bu gün isə müəllim kimi fəaliyyətlərini davam etdirən Murad Babayev və Teymur Talıbovun həyat hekayələrini təqdim edir
“Müəllimlik fəaliyyəti Vətənə xidmətin başqa bir formasıdır”
Astara şəhəri Şıxəli Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi Murad Babayev 1999-cu ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisasını bitirdikdən sonra hərbi xidmətə yollanıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi günlərində hər kəs üzərinə düşən məsuliyyəti dərk edir, Vətənin bütövlüyü, xalqın gələcəyi və illərlə həsrətində olduğumuz torpaqların azadlığı uğrunda mübarizə aparırdı. Doğmalarının nigarançılığı, ailəsindən uzaqda olmağın çətinliyi hiss olunsa da, Vətən sevgisi və hərbi anda sədaqət bütün düşüncələrindən üstün gəlirdi. Murad Babayev həmin günləri xatırlayarkən döyüş yoldaşları arasındakı qarşılıqlı inamın, dəstəyin və mənəvi gücün əhəmiyyətini xüsusi vurğulayır. Onun üçün ən mühüm hisslərdən biri torpaqlarımızın azad olunacağına inam olub. Qələbə isə yalnız hərbi uğur deyil, həm də uzun illərin həsrətinə son qoyulması, şəhidlərin qanının yerdə qalmaması və xalqımızın milli qürurunun bərpası demək idi.
Müharibə Murad Babayevin həyatında silinməz izlər buraxıb. Qəhrəman müəllim “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Müharibədən sonra həyatında yeni mərhələ başlayıb, pedaqoji fəaliyyətə başlayıb. Bu gün riyaziyyat dərslərində şagirdlərinə yalnız düsturları, qaydaları və məsələlərin həllini öyrətməklə kifayətlənmir. Onlara çətinliklər qarşısında ruhdan düşməməyi, düzgün qərarlar verməyi, dürüst və məsuliyyətli olmağı da aşılamağa çalışır.
“Heç vaxt düşünməzdi ki, bir gün şagirdləri ilə cəbhə yoldaşı olacaq”
Teymur Talıbovun həyat və fəaliyyət yolu isə müəllimliklə hərbi xidmətin daha erkən yaşlarından kəsişməsi ilə fərqlənir. O, 1978-ci ildə Astara rayonunun Ojakəran kəndində anadan olub.1985-cü ildə Burzubənd kənd tam orta ümumtəhsil məktəbini, 2001-ci ildə isə BDU-nu bitirib. Daha sonra Azərbaycan Müəllimlər İnstitutunun “Tarix müəllimliyi” ixtisasını bitirən Teymur Talıbov elə həmin ildən Burzubənd kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi kimi fəaliyyətə başlayıb.
Müəllim ailəsində böyüyən Teymur Talıbov üçün pedaqoji peşə hər zaman xüsusi məna daşıyıb. Atası və anası da pedaqoq olan müsahibimiz müəllimi gənc nəslin formalaşmasında, onların gələcəyə hazırlanmasında, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayan nümunəvi şəxsiyyət kimi xarakterizə edir. İllərlə şagirdlərinə Vətən sevgisindən danışan müəllim heç vaxt düşünməzdi ki, bir gün həmin şagirdlərlə cəbhə yoldaşı olacaq, eyni amal uğrunda mübarizə aparacaq. Onun arzusu hələ gənclik illərindən bəlli olub: müharibə başlayacağı təqdirdə Vətənin müdafiəsinə yollanmaq.
Teymur müəllimin uşaqlıq və yeniyetməlik illəri ölkəmizin ağır dövrünə – 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərinə təsadüf edib. Qarabağda erməni təxribatları, 20 Yanvar faciəsi, müharibənin şiddətlənməsi və şəhid xəbərləri onun yaddaşında dərin izlər buraxıb. Bu hadisələr bir tərəfdən onda böyük sarsıntı yaradıb, digər tərəfdən düşmənə qarşı nifrət və Vətəni qorumaq istəyi formalaşdırıb. O, ailə üzvləri və dostları ilə söhbətlərində müharibə olarsa, döyüşə gedəcəyini dəfələrlə bildirib. Hətta müharibə zamanı telefonla danışdığı dostlarından birinin “Bu sənin istəyin idi” deməsi yaddaşında qalıb.
2020-ci il sentyabrın 21-də hərbi hissəyə yollanarkən övladlarından tez ayrılmağa çalışıb ki, uşaqlar onun gedişindən nəsə hiss etməsinlər. Sentyabrın 26-da isə bölmələrin yerləşdiyi cəbhə bölgəsinə göndərilib. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə artilleriya bölməsində xidmət edib.
Teymur müəllimin xatirəsində müharibənin ən ağır günləri ilk döyüşlər olub. Bölmələri ilk andan ciddi sınaqla üzləşib, müdafiə səddinin yarılması zamanı çoxlu şəhid verilib, yaralananlar olub.
“Bəzən insanlarla normal münasibət qurmaq belə çətinləşir”
Müharibə günlərində sevinc, qürur, qorxu və kədər hisslərini eyni anda yaşadıqlarını deyən Teymur Talıbov cəbhəyə gedərkən insanların əsgərlərə göstərdiyi diqqət və sevgini də unutmur. Mərmi daşıyarkən yol kənarında dayanan insanların imkanı daxilində maşına ərzaq və digər ehtiyacları əsgərlərə göndərməsi döyüşçülərin ruh yüksəkliyini artırırdı.
Müharibənin insan psixologiyasında buraxdığı izlərdən də danışan Teymur Talıbov bildirir ki, bu ağır təcrübə insanı həm fiziki, həm də mənəvi cəhətdən dəyişdirir. Hər an ölümlə üz-üzə qalmaq, döyüş yoldaşlarını itirmək insanın psixoloji vəziyyətinə təsirsiz ötüşmür. Bəzən aqressiya, əsəbilik və yorğunluq kimi hallar yaranır, insanlarla normal münasibət qurmaq belə çətinləşir. Onun fikrincə, müharibə heç kəsi olduğu kimi saxlamır: bəziləri cismən, bəziləri isə ruhən yaralanır.
Zəfərdən sonra məktəbə qayıdan Teymur Talıbov müharibəni yalnız kitablardan öyrənən müəllim deyil, onu yaşamış, döyüş meydanında əsgər və zabitlərimizin fədakarlığının şahidi olmuş bir insan kimi şagirdlərinə gördüklərini çatdırmağa çalışır.
Hər iki müəllimin fikirlərində ortaq bir məqam var: Vətən sevgisi yalnız sözlə ifadə olunmamalı, əməli fəaliyyətlə təsdiq edilməlidir. Bu gün müəllimlərin ən böyük arzusu şagirdlərinin sülh şəraitində böyümələri, yaxşı təhsil almaları və gələcəkdə ölkəmizin inkişafına töhfə vermələridir.




