Lənkəran məktəbində təmayül tədris modeli: Şagirdlər razılıq edirlər
Azərbaycanda həyata keçirilən tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli orta ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin maraq və qabiliyyətlərinə uyğun istiqamətləndirilməsi, ali təhsilə hazırlığın məktəb mühitində təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin pilot olaraq 2 ildir ki, tətbiq olunduğu təhsil müəssisələrindən biri də Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbdir.
“Azərbaycan müəllimi” olaraq həmin məktəbdə tətbiq olunan layihə, onun uğurlu nəticələri ilə bağlı mövcud vəziyyətlə tanış olduq. Əldə olunan nailiyyətin arxasında dayanan amillər barədə məktəbin müəllimləri, şagirdləri və valideynləri ilə söhbətləşdik.
İlk olaraq öyrəndik ki, 9 nömrəli tam orta ümumtəhsil məktəbin 131 şagirdi arasında buraxılış imtahanlarında orta göstərici 181,3 bal, blok imtahanlarında orta göstərici 203,4 bal, ümumi orta bal isə 384,6 bal təşkil edib. Buraxılış imtahanında 45 nəfər 200 və yuxarı, 7 nəfər isə 250 və yuxarı bal toplayıb. Ən yüksək nəticə 282 bal olub. Blok imtahanlarında isə 25 nəfər 500-dən yuxarı, 3 nəfər 600-dən yuxarı nəticə göstərib. Ən yüksək nəticə 663 bal təşkil edib.
“Şagirdlərin artıq əlavə olaraq repetitor yanına getməsinə ehtiyac qalmır”
Ümumtəhsil müəssisəsinin tarix müəllimi İlkin Qəniyev yeni modelin məktəbdə təhsilin məzmununu və təşkilini əsaslı şəkildə dəyişdirdiyini söyləyir: “Şagirdlərin artıq əlavə olaraq repetitor yanına getməsinə ehtiyac qalmır.Belə ki, onlar bütün zəruri bilikləri məktəbdə mənimsəyirlər. Layihə tədris prosesini dağınıq olmaqdan çıxararaq tamamilə hədəfyönümlü və strukturlaşdırılmış bir müstəviyə keçirib.Şagirdlərin təhsilə yanaşmasında ciddi bir dönüş baş verib. Onlar dərslərə məcburiyyətdən deyil, dərk edilmiş şəkildə yanaşırlar. Müəllim-şagird münasibətlərində birtərəfli izahat arxa plana keçərək yerini qarşılıqlı müzakirəyə və tənqidi təfəkkürə əsaslanan sağlam dialoqa verib”.
Müəllimin sözlərinə görə, təmayül fənlərinə ayrılan dərs saatlarının çoxluğu şagirdlərin mövzuları daha dərindən mənimsəməsinə imkan yaradır:“Təmayül fənlərinə ayrılan dərslərin saatlarının çoxluğu şagirdlərə mövzuları səthi deyil, çox ətraflı, dərindən və tələsik olmadan öyrənməyə geniş imkan yaradır. Artıq şagirdlər məktəbdəki genişləndirilmiş dərslər sayəsində imtahanlara və gələcək ixtisaslarına məktəbdaxili resurslarla tam şəkildə hazırlaşırlar. Təmayülləşmə şagirdlərə öz gələcək peşə istiqamətlərini hələ məktəb illərindən müəyyənləşdirməyə imkan verir ki, bu da dərslərə marağı təbii olaraq artırır”.
İlkin Qəniyev hesab edir ki, əldə olunan uğurların əsas səbəblərindən biri də məktəbdə vahid məqsəd uğrunda formalaşan əməkdaşlıq mühitidir: “Məktəb rəhbərliyinin həyata keçirdiyi çevik siyasət və pedaqoji kollektivin vahid məqsəd uğrunda çalışması uğurun təməlini qoyub. Şagirdlərin bilik səviyyəsinin vaxtlı-vaxtında qiymətləndirilməsi və zəif tərəflərin operativ şəkildə doldurulması nəticələrə birbaşa müsbət təsir göstərir”.
“Tədris daha sistemli və məqsədyönlü qurulub, şagirdlərin fərdi ehtiyaclarına uyğun dəstək göstərilir”
Məktəbin ingilis dili müəllimi Aygün Ələkbərova da layihənin tədris prosesinə təsirini yüksək qiymətləndirir: “Yeni təmayül tədris modelinin tətbiqindən sonra şagirdlərin təmayül fənlərinə marağının və dərslərə motivasiyasının artdığını müşahidə edirik. Tədris daha sistemli və məqsədyönlü qurulub, şagirdlərin fərdi ehtiyaclarına uyğun dəstək göstərilir. Eyni zamanda, onların özünəinamı və müstəqil çalışma bacarıqları inkişaf edir. Ən vacibi isə şagirdlər əlavə hazırlıq kurslarına getmədən məktəb mühitində universitetə daha sistemli hazırlaşmaq imkanı əldə edirlər”.
Müəllimin fikrincə, təmayülləşmiş təhsil modeli şagirdləri əlavə yüklənmədən qoruyur: “Yeni model şagirdin əlavə fənlərlə yüklənərək yorulmasının və vaxt itkisinə məruz qalmasının qarşısını alır. Şagird seçdiyi istiqamətə, yəni təmayülə uyğun fənləri daha dərindən öyrənmək imkanı əldə edir. Eyni zamanda, məktəb daxilində fənn müəllimlərinin qarşılıqlı əməkdaşlığı şagirdlərin motivasiyasına və davamlı inkişafına müsbət təsir göstərir. Bu yanaşma onların təhsil prosesinə daha məqsədyönlü və məsuliyyətli yanaşmasına imkan yaradır”.
“Nəticələrin müzakirə olunması və valideynlərlə daim kommunikasiyanın qurulması əsas fərqlərdəndir”
Buraxılış imtahanında 282 bal toplayan Leyla Ağazadə bu məktəbdə təhsil almağın onun üçün adi məktəbdən əhəmiyyətli dərəcədə fərqləndiyini deyir. Hüquq fakültəsinə qəbul olmağı qarşısına məqsəd qoyan yeniyetmənin fikrincə, məktəbdə dərslərin müntəzəm təşkili və nəticələrin daim izlənilməsi şagirdləri daha məsuliyyətli olmağa sövq edir: “Burada təhsil almaq mənim üçün digər ənənəvi məktəbdən kifayət qədər fərqli idi. Dərslərin hər gün mütəmadi keçirilməsi, müntəzəm sınaqların aparılması, nəticələrin müzakirə olunması və valideynlərlə daim kommunikasiyanın qurulması əsas fərqlərdən idi. Məktəb bizi yalnız yüksək nəticə göstərməyə deyil, eyni zamanda öz xüsusi bacarıqlarımızı ortaya çıxarmağa da yönləndiridi”.
Leyla hesab edir ki, təmayül sinifdə əldə etdiyi biliklər, qazandığı təcrübə onun gələcəklə bağlı daha böyük hədəflər müəyyənləşdirməsinə də təsir edib: “Burada təhsil almağım yüksək nəticə əldə etməklə yanaşı, ixtisas seçimində daha prestijli universitetlərə yönəlməyimə kömək etdi.Müəllimlərimizin mənə olan inamı gələcəyimlə bağlı daha böyük hədəflər qoymağıma səbəb oldu”.
Onun üçün dərslərdə ən effektiv öyrənmə üsullarından biri sual-cavab və testlərlə işləmək olub. Leyla çoxsaylı tapşırıqların mövzuları daha yaxşı mənimsəməsinə və imtahan formatına uyğunlaşmasına kömək etdiyini bildirir.
“Müəllimlər təkrar mövzulara qayıdır, çətinlik çəkdiyim hissələri yenidən izah edirdilər”
Buraxılış imtahanında 275 bal toplayan Firuzə Həsənova da bu məktəbdə təhsil almağın mühüm üstünlüklər yaratdığını bildirir. Onun sözlərinə görə, yeni təmayül tədris modelinin şagirdlərin seçdikləri istiqamət üzrə daha məqsədyönlü hazırlaşmasına imkan verir:“Ənənəvi məktəblərdən fərqli olaraq yeni təmayül tədris modelinin tətbiq olunduğu bu ümumi təhsil müəssisəsində yalnız öz seçdiyimiz ixtisasa uyğun fənlərini öyrənirik. Şagirdlərin qruplarına uyğun olaraq təmayül siniflərə ayrılması dərslərin daha məqsədyönlü keçirilməsinə kömək edir”.
Firuzə qeyd edir ki, bu model onun öz potensialını daha yaxşı tanımasına və gələcək ixtisas seçimini dəqiqləşdirməsinə kömək edib.O, müəllimlərin fərdi yanaşmasını da xüsusi vurğulayır:“Müəllimlər təkrar mövzulara qayıdır, çətinlik çəkdiyim hissələri yenidən izah edərək əlavə tapşırıqlar verirdilər. Səhvlərimi müəyyən edib, onların üzərində işləməyimə kömək edirdilər. Ev tapşırıqları ciddi şəkildə yoxlanılır, tez-tez sınaqlar təşkil edilir və mütəmadi valideynlərlə əlaqə saxlanılırdı”.
Qeyd edək ki, Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbində ötən ilin yay aylarından etibarən əsaslı təmir işləri aparılır. Yeni tədris ilindən məktəbin pedaqoji kollektivi və şagirdləri yenilənmiş məktəb binasında tədris prosesinə qoşulacaqlar.




