Lənkəranda 432 şagird yerlik Viyən kənd məktəbi istifadəyə verilib

15 Sentyabr, 2026 - 11:35
Lənkəranda 432 şagird yerlik Viyən kənd məktəbi istifadəyə verilib

Lənkəran rayonunun Viyən kəndində yerləşən tam orta ümumtəhsil məktəbində aparılan yenidənqurma və bərpa-gücləndirmə işləri yekunlaşdırılıb. Məktəb Bilik Günündə şagirdlərin və pedaqoji heyətin istifadəsinə verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yeni məktəbin açılışında elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, məktəbin kollektivi, şəhid ailələrinin üzvləri, şagirdlər, valideynlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məktəbin kollektivini, şagirdləri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

"Uşaqların təhsil şəraiti nə qədər yaxşı olsa,  onların nailiyyətləri də daha yaxşı olacaq" 

Daha sonra çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil ictimaiyyətini yeni dərs ili münasibətilə təbrik edib. O bildirib ki, hazırda ölkə üzrə 2 milyon 200 minə yaxın təhsilalan var.
R.Ağayev müəllim peşəsinin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq son illərdə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb. O qeyd edib ki, müəllimlərin sertifikatlaşdırılması prosesi uğurla davam edir, 70 mindən çox müəllimin əməkhaqqında artım müşahidə olunub. Bu il də müəllimlərin işə qəbulu müsabiqəsinin bütün mərhələlərini uğurla keçən 6 minə yaxın müəllim təhsil müəssisələrində fəaliyyətə başlayıb.
Nazir müşaviri çıxışında beynəlxalq qiymətləndirmələrin nəticələrinə də toxunaraq Azərbaycanın 2025-ci il PISA qiymətləndirməsində əvvəlki illərlə müqayisədə mühüm irəliləyiş əldə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, aparılan islahatlar təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir və bu istiqamətdə daha yüksək nəticələrin əldə olunacağı gözlənilir.

Rüstəm Ağayev son 25 ildə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə 4 mindən çox məktəbin əsaslı təmir olunduğunu və ya yenidən tikildiyini, son illərdə isə 600-ə yaxın məktəbin yenidən qurulduğunu bildirib. O vurğulayıb ki, istifadəyə verilən Viyən kənd tam orta məktəbi də bu layihələrin tərkib hissəsidir və müasir təhsil şəraiti şagirdlərin nailiyyətlərinin daha da artmasına töhfə verəcək:

"Uşaqların təhsil şəraiti nə qədər yaxşı olsa, hesab edirəm ki, təhsilin keyfiyyəti və onların nailiyyətləri də daha yaxşı olacaq. Hər birinizə bir daha təşəkkür etmək istəyirəm. Əziz şagirdlər, sizə yeni tədris ilində uğurlar arzulayıram”.

Qeyd edək ki, 432 şagird yerlik, üçmərtəbəli məktəb binasında 17 sinif otağı ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları, ibtidai hərbi hazırlıq kabineti, əmək otaqları, kitabxana, yeməkxana, akt zalı və idman zalı yaradılıb.

Məktəbin 540 kvadratmetr sahəyə malik qapalı idman zalı istifadəyə hazır vəziyyətə gətirilib. Həyətyanı ərazidə müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, açıq futbol sahəsi salınıb. Həmçinin içməli su təchizatının və yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə su anbarları quraşdırılıb.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar. Onlar informatika otağına, kimya və fizika laboratoriyalarına, idman və akt zallarına, mətbəxə, eləcə də peşə təmayüllü siniflər üçün yaradılmış otaqlara baxış keçiriblər.

Daha sonra nümayəndələr Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbdə də olublar. Təmirdən sonra yenidən fəaliyyətə başlayan məktəb binasında yaradılan şəraitlə tanış olublar. Tədbirdə şəhid anaları da geniş şəkildə iştirak ediblər. Onlara söz verilib, şəhid ailələrinin nümayəndələri öz fikirlərini bölüşüblər. Sonda məktəbin adını daşıdığı şəhid Rövşən Bədəlovun abidəsi önünə gül dəstələri və çiçəklər qoyulub. Nümayəndələr yeni tədris ilinin başlanması münasibətilə məktəbin kollektivinə və şagirdlərinə uğurlar arzulayıblar.

Qeyd olunub ki, müasir təhsil mühitinin formalaşdırılmasına xidmət edən bu işlər məktəblərin maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şagirdlərin daha təhlükəsiz, rahat və keyfiyyətli təhsil almasına geniş imkanlar yaradacaq.