Yarışlardan medalsız qayıtmayan çempion
Bakı şəhəri Şüvəlan Ağır Atletika Akademiyasında keçirilən pauerliftinq və benç-pres (bench-press) üzrə Azərbaycan Kuboku Lənkəran idmançıları üçün uğurlu olub. Yarışda iştirak edən idmançılar 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Bu uğurlardan biri də benç-pres üzrə 66 kq çəki dərəcəsində çıxış edən Qismət Məmmədrəhimovun payına düşüb. Yeniyetmələr arasında bütün rəqiblərini geridə qoyan idmançı 110 kq nəticə göstərərək Azərbaycan Kubokunun qızıl medalına sahib olub.
"Azərbaycan müəllimi" ilə söhbətində Qismət Məmmədrəhimov əldə etdiyi nailiyyətlərin arxasında dayanan zəhmət və hazırlıq prosesindən, idmanın onun həyatında oynadığı roldan və qarşısına qoyduğu məqsədlərdən söz açıb.
Ən böyük dəstəkçisi anasıdır
Lənkəranda doğulan Qismət orta təhsilini Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbində alıb. Hazırda Göygöl Peşə Məktəbində “Kompüter sistemləri inzibatçılığı” ixtisası üzrə təhsilini davam etdirir.
Qismətin idmana marağı uşaq yaşlarından yaranıb. O, benç-pres hərəkətinin texnikasının və özünəməxsus xüsusiyyətlərinin diqqətini cəlb etdiyini deyir. Məhz bu maraq onu pauerliftinq dünyasına gətirib. 2019-cu ildən bu idman növü ilə məşğul olan gənc idmançı ilk məşqlərinin çətin keçdiyini, lakin zaman ötdükcə həm texniki, həm də fiziki baxımdan inkişaf etdiyini bildirir.
Azərbaycan Kubokundakı çıxışından danışan Qismət yarışın onun üçün uğurlu keçdiyini söyləyir. O, ilk cəhddə rəqiblərini geridə qoyduğunu, daha sonra isə 110 kiloqram nəticə ilə qələbəsini rəsmiləşdirdiyini qeyd edir.
Qələbənin sevincini ilk olaraq məşqçisi ilə bölüşən idmançı bu uğurda müəllimi Cavid Əlizadənin böyük əməyi olduğunu vurğulayır. Onun sözlərinə görə, məşqçisi hətta başqa şəhərdə olduğu vaxtlarda belə görüntülü zəng vasitəsilə məşqlərini izləyib, tövsiyələr verib və hazırlıq prosesinə nəzarət edib. Qismətin ən böyük dəstəkçisi isə anasıdır. O, hər yarışda anasının yanında olduğunu, qələbə də qazansa, məğlub olsa da eyni dəstəyi hiss etdiyini söyləyir.
8 yarış, 8 medal
İndiyədək səkkiz yarışda iştirak edən gənc idmançının hesabında üç qızıl, dörd gümüş və bir bürünc medal var. Maraqlıdır ki, o, indiyədək qatıldığı yarışların heç birindən medalsız qayıtmayıb. Bu ardıcıllığı qorumağı qarşısına məqsəd qoyan Qismət beynəlxalq arenada da uğur qazanmaq istəyir.
Hazırda həftənin üç gününü güc və əzələ inkişafı məşqlərinə, bir gününü isə kardio məşqlərinə ayıran idmançı gündə iki saat məşq edir.
Qismət üçün nümunə idmançı isə pauerliftinqçi deyil. O, Azərbaycanın tanınmış karateçisi, dünya və Avropa çempionu Rafael Ağayevi özünə örnək hesab edir.
Lənkəranı təmsil edərək qızıl medal qazanmağın xüsusi qürur hissi yaşatdığını deyən Qismət doğma rayonunun adını yüksəltməyin onun üçün böyük məsuliyyət olduğunu vurğulayır. Dostlarının, müəllimlərinin və yaxınlarının sevgisi, ona olan inamı yeni uğurlar qazanması üçün əlavə motivasiya verir.
Gənc idmançının əsas hədəfi beynəlxalq yarışlarda çıxış etməkdir. O, hazırda Türkiyədə keçirilən IPF (Beynəlxalq Pauerliftinq Federasiyası yarışları) yarışlarında iştirak etməyə hazırlaşır və gələcəkdə Azərbaycan bayrağını beynəlxalq arenalarda yüksəltmək istədiyini bildirir.
Qismət həmyaşıdlarına da müraciət edərək onaların idmanla məşğul olmağı tövsiyə edir. Onun fikrincə, idman insanın həyatına nizam-intizam gətirir, məqsədyönlü olmağa kömək edir və gənclərin gələcəyinə müsbət təsir göstərir.




