100 tələbə qız üçün yeni imkan: “FutureFem 2.0” layihəsinə start verildi

12 Mart, 2026 - 17:05
100 tələbə qız üçün yeni imkan:

Azərbaycanda tələbələr üçün yeni layihəyə start verilib. 3 ay davam edəcək layihənin iştirakçıları qadınlar, mövzusu isə rəqəmsallaşma, sahibkarlıq və innovasiyadır. Məqsəd gənc qadınların sahibkarlıq və innovasiya potensialını inkişaf etdirmək, onların liderlik bacarıqlarını gücləndirmək və gələcək təşəbbüslər üçün dayanıqlı inkişaf platforması formalaşdırmaqdır.

“FutureFem 2.0– Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” adlı bu layihə mart–may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə çərçivəsində iştirakçılar sahibkarlıq, innovasiya və liderlik istiqamətlərində təlimlərə cəlb olunacaq, mentorluq proqramlarında iştirak edəcək və proqramın sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində öz innovativ ideyalarını ekspertlər qarşısında təqdim edəcəklər. 

Layihə “Azercell”in dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Təqdimat: “FutureFem 2.0”in təqdimatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutub. Açılış tədbirində Elm və Təhsil Nazirliyinin əməkdaşları, “Azercell” şirkətinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova çıxışında son illərdə həyata keçirilən STEAM və digər innovativ təhsil təşəbbüsləri nəticəsində qızların məktəbli yaşlarından etibarən elm, texnologiya və innovasiya sahələrinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Elviz İsmayılov çıxış edərək Azərbaycan qadınlarının elm və innovasiya sahəsində əldə etdiyi nailiyyətlərə toxunub, gənc qadınların bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib. 

Tədbirdə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Nemət Rzayev təşkilatın gənclərlə iş və könüllülük sahəsində əldə etdiyi təcrübədən bəhs edib. O, son illər ərzində həyata keçirilən layihələr nəticəsində təşkilatın müxtəlif istiqamətlərdə formalaşan müsbət imicini qeyd edib və layihənin reallaşmasına göstərilən dəstəyə görə tərəfdaşlara təşəkkürünü bildirib. 

Layihə rəhbəri Rufiz Qulizadə “FutureFem 2.0” layihəsi haqqında təqdimatla çıxış edərək proqramın məqsədləri, mərhələləri və iştirakçılar üçün nəzərdə tutulmuş inkişaf imkanları barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Rufiz Qulizadə: Layihəyə ən çox UNEC tələbə və məzunları seçilib

“Azərbaycan müəllimi”nə açıqlama verən Rufiz Qulizadə bildirib ki, layihəyə 350-dən çox müraciət olub. İmtahan nəticəsinə əsasən, onlardan sadəcə 100 nəfər seçilib: “Bu gündən sahibkarlıq, innovasiya və liderlik mövzularında təlimlərə start verilib. Xanımlara mentorlar və qadın liderlərlər həm nəzəri, həm də praktiki təlimlər keçəcəklər”.

Layihə rəhbəri iştirakçılar arasında Azərbaycan Dövləq İqtisad Universitetinin tələbələrinin çoxluq təşkil etdiyini deyib: “Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universinin tələbələrinin də marağını cəlb edib”.

Təlimçilər isə əsasən Neft və Sənaye Universitetinin müəllimləri, o cümlədən Azərbaycandakı böyük korporotiv şirkətlərinin rəhbərləri olacaqlar. 

R.Qulizadə xatırladıb ki, layihə ilk dəfə ADA Universtetində keçirilib: “Dəyirmi masa ətrafında 75 nəfər qadın iştirak edib. Onlar ekspertlərə 2 gün ərzində suallar verib, cavab alıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələrə qatılıblar. Bu dəfə isə 3 ayı əhatə edəcək genişləndirilmiş layihə həyata keçiriləcək. Təlimlərdən sonra ideya müsabiqəsi və sonda mükafatlandırılma olacaq”.

Layihə rəhbərinin bu işin nəticəsindən gözləntisi böyükdür: “Fikrimcə, layihədə iştirak edən hər qadın sahibkar olmasa belə, biznes düşüncəli olacaq, öz ideyalarını təqdim etməyi bacaracaq”.  

Nemət Rzayev: “Hədəfimiz gənc qadınların yeni ideyalar yaratması, şəbəkələşməsidir”

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Nemət Rzayev bildirib ki, layihənin əsas məqsədi gənc qadınların potensialını üzə çıxarmaq və onların innovasiya və sahibkarlıq mühitində daha aktiv iştirakını təşviq etməkdir: “Bu təşəbbüs gənc qadınların yalnız nəzəri biliklərini artırmaqla məhdudlaşmır. Biz çalışırıq ki, iştirakçılar real ideyalar üzərində işləsin, komanda şəklində fəaliyyət göstərsin və layihənin sonunda öz təşəbbüslərini ekspertlər qarşısında təqdim edə bilsinlər”. 

Onun sözlərinə görə, bu cür layihələr gənclərin inkişafında və ölkədə innovasiya mühitinin güclənməsində mühüm rol oynayır: “Gənclərin ideyalarına və təşəbbüslərinə dəstək verilməsi gələcəyin dayanıqlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. “FutureFem” layihəsi də məhz bu məqsədə xidmət edir və gənc qadınların liderlik potensialını ortaya çıxarmağa yönəlib”. 
Nemət Rzayev qeyd edib ki, layihə çərçivəsində iştirakçılar sahibkarlıq, innovasiya və liderlik istiqamətlərində keçiriləcək təlimlərlə yanaşı, mentor proqramlarında iştirak edəcək və proqramın sonunda “FutureFem Challenge” mərhələsində öz ideyalarını təqdim edəcəklər. Layihənin əsas hədəflərindən biri gənc qadınların yeni ideyalar yaratması, şəbəkələşməsidir. Gələcək təşəbbüslər üçün davamlı inkişaf platformasının formalaşdırılması çox önəmlidir.

Ayla Həsənova-Məmmədova: “Onların arasından sahibkarlar da çıxacaq”

Ayla Həsənova-Məmmədova “Azərbaycan müəllimi”nə açıqlamasında layihənin aktuallığından danışıb. Onun sözlərinə görə, bu layihəni ölkədəki rəqəmsal inkişafın sürətlənməsinə, təkmilləşdirilməsinə yönəlik islahat tədbirlərinin kiçik bir hissəsi, komponenti kimi qiymətləndirmək olar: “Ölkəmizdə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Süni İntellekt Strategiyası” təsdiq edilib. Rəqəmsallaşma ilə bağlı bir sıra qanunverici islahatlar həyata keçirilib, fəaliyyət planları təsdiq edilib. Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi, bu sahədə maarifləndirmə işlərinin düzgün təşkil edilməsi məqsədi ilə fərman imzalanıb. Rəqəmsal inkişafı təmin etmək məqsədi ilə sistemli fəaliyyət həyata keçiriləcək və bu fəaliyyəti təşkil edəcək şuraya rəhbərliyi ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etməsi ölkədə qadın sahibkarların, gənc qızların innovasiya yönümlü fəaliyyətinə böyük stimul olacaq”.

A.Həsənova layihənin ilk mərhələsinin nəticələrinə toxunaraq qeyd edib ki, burada daha çox tələbə qızın sahə üzrə motivasiyasının artırılmasına nail olunub: “İkinci dalğada layihə genişlənərək həm komponentləri çoxalıb, həm də tərəfdaşları artıb. Burada maraqlı tərəflərin iştirakı təmin edilib”.

Ayla Həsənova xüsusi meyarlarla seçilmiş tələbələrin arasında məzunlar, hətta sahibkarların olduğuna diqqət çəkib: “Onların məqsədyönlü şəkildə maariflənməsi, məzmun üzrə bacarıqlarını peşəkar səviyyə çatdırması üçün imkanlar verilir. Qadınların sahibkarlığa ilhamlandırılması, bu sahə üzrə çalışan, artıq öz sözlərini demiş qadın liderlərlə tanışlıq, mentrolarla görüşlər və hətta bu şəbəkəni genişləndirərək “FutureFem” şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bu şəbəkəyə çıxış digər maraqlı tərəflərə də daha asan olacaq. Ona görə də burda daha nəticəyönümlü məqamalar olacaq”.

Elə 100 nəfər arasından da sahibkarlar çıxacaq: “İdeyalar çıxacaqsa, fəaliyyət də olacaq. İştirakçı qadınlarla mentorlar işləyəcək, yanlarında maraqlı tərəflər olacaq. Belə olan halda əminəm ki, onların arasından sahibkarlar da çıxacaq. Çünki ölkədə rəqəmsal inkişaf üçün rəqəmsal innovativ təşəbbüslərin ideyaya, daha sonra isə layihəyə, startaplara çevrilməsi üçün şərait, infrastruktur qurulub”.

Tələbə Esmira Abdullayeva: “Yaradıcı düşüncəmin bu müsabiqədə mənə kömək edəcəyinə inanıram”

Bu layihədən sahibkar kimi çıxmağı planlaşdıran Esmira Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsidir. “Texnologiya müəllimliyi” ixtisası üzrə III kursda təhsil alır. Deyir ki, texnologiya fənni həyatın bütün sahələrini əhatə edir: “Müəllimlərimiz də bizə daim bu fikri aşılayırlar ki, texnologiya müəllimi biznes düşüncəli olmalı, sahibkar kimi düşünməlidir. STEAM üzrə ixtisaslaşıram. ROBOTİCS, STEAM yarışlarında iştirak edirəm. Bu yarışlarda startap istiqamətləri də var. Bir sözlə, ixtisasımdan qaynaqlanan maraqla bu layihəyə də qatıldım. Hazırda “Fibonacci” intellektual yarışına hazırlaşıram”.

Bu layihədən gözləntisi də var. Layihənin onun sahibkarlıq bacarığını inkişaf etdirəcəyini düşünür: “Layihənin mənə çox şey qatacağını düşünürəm. ADPU-nun “Gələcək təhsil liderləri” müsabiqələrinə qatılmışam və finala qədər yüksəlmişəm. Finalçı olmağımın səbəblərindən biri də müsabiqə şərtlərinə görə layihə təqdim etməyim olub. Müəllifi olduğum layihə birinci yeri tutub. Həmin müsabiqədə təkcə layihə qiymətləndirməsi olmadığı üçün qaliblərdən ola bilməmişəm. Amma yaradıcı düşüncəmin bu müsabiqədə mənə kömək edəcəyinə inanıram”.

Məzun Əminə Mirzəyeva: “Kompleks şəkildə öyrənmək cəlbedici göründü”

Layihəyə artıq məzun olanlar da qoşulub. Əminə Mirzəyeva həmin məzunlardandır. O, Azərbaycan Dövlət İqtisad Universitetinin 2025-ci il məzunudur. “Maliyyə” ixtisası üzrə təhsilini bitirən Əminə deyir ki, layihə barədə məlumatı görən kimi iştirak etməyi düşünüb: “Düzü, müraciət edərkən seçiləcəyimi düşünməmişdim. Amma sualları cavablandırmaq mənim üçün çətin olmadı. Dünyagörüşü, innovasiyalarla bağlı sualların öhdəsindən gəldim və seçildim”.

O, maliyyə, sahibkarlıq və innovasiyaların əhatə olunduğu sualları görəndə layihəyə marağı daha da artıb: “Maliyyə biliklərim var. Sahibkarlıq barədə bacarıqlarımın inkişafı üçün bu layihə marağıma səbəb oldu”.  

Layihənin bir neçə mövzunu əhatə etməsi onun üçün maraqlı olub: “Burada maliyyə, sahibkarlıq və innovasiya istiqamətləri əhatə olunduğu üçün iştirak etməyi məqsəduyğun bildim. Bunları kompleks şəkildə öyrənmək cəlbedici göründü”.

Layihənin sahibkar iştirakçısı Firəngiz Abbasova: “Bu layihədə innovasiya ilə bağlı istiqamət məni cəlb etdi”

Layihədə iştirak edən sahibkar qadın Firəngiz Abbasovadır. O, milli geyim üzrə brend yaradıb milli geyimlərin satışı, icarəsini təşkil edir. Azərbaycan Dövlət İqtisad Universitetindən 17 il əvvəl məzun olan Firəngiz bir müddət fərqli işlərdə çalışıb: “İxtisasım üzrə işə başladım, banklarda işlədim. BMT-nin könüllülər proqramına müraciət etmişdim. Bir müddət orada işlədikdən sonra beynəlxalq münasibətlərə olan marağımı kəşf etdim. Bu marağımın arxasınca getdim və Norveç səfirliyinə müraciət etdim. 10 ildən çox səfirlikdə çalışdım. Norveç səfirliyi bağlanandan sonra özümün şəxsi biznesimi formalaşdırmağa qərar verdim”.

Harada formalaşdıracağına qərar vermək isə elə də çətin olmayıb: “Azərbaycan mədəniyyətinə aid bir sahə seçəcəkdim. Yaradıcılıq tələb edən iş olmalı idi. Milli geyimləri seçdim. Milli geyimlərə maraq məndə norveçliləri tanıyandan sonra yarandı. Onlar ildə bir dəfə - mayın 17-də Norveçin Respublika günündə öz milli geyimlərini geyinib xüsusi bayram nümayişləri keçirirlər. Milli geyimlərinə verdikləri dəyəri gördüm və məndə də həvəs yarandı. Azərbaycan milli geyimlərini keyfiyyətli parçalarla, daha gözəl şəkildə təqdim etmək həvəsi ordan yarandı”. 

Artıq 3 ilə yaxındır ki, bu fəaliyyətlə məşğuldur: “Bu işə başlayanda sınaq məqsədi ilə 20-yə yaxın model hazırladım. Modellərimin bəyənildiyini görəndən sonra həvəslənib işi genişləndirdim”.

“FutureFem 2.0” barədə məlumatlar diqqətini cəlb edib və müraciət edib. Testdən uğurla keçərək seçilən 100 qadından biri olub. Ancaq seçilənlərin əsasən tələbələr olduğunu görəndə tərəddüd keçirib: “Tələbələrin arasında artıq sahibkarlıq fəaliyyətinə başlayan biri kimi özümü də görəndə təəccübləndim, tərəddüd keçirdim. Lakin öyrəndim ki, bu layihə həm də sahibkar qadınlar üçündür”.   

Sahibkarlıqla bağlı layihələrə qoşulmağa çalışır: “Bu layihədə innovasiya ilə bağlı istiqamət məni cəlb etdi. Hamı istəyər ki, innovativ məhsulları öz biznesinə yönəltsin. Mən də yeni məlumatlar, tanışlıqlar əldə edə biləcəyimi düşündüyüm üçün qoşuldum.