“Hər zaman böyük xəyallar qururdum” - DP təqaüdçüsü

22 Oktyabr, 2026 - 09:44
“Hər zaman böyük xəyallar qururdum”

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” Azərbaycanın gənclər siyasətinin mühüm istiqamətlərindən biri olmaqla, istedadlı və perspektivli gənclərin dünyanın qabaqcıl universitetlərində təhsil almasına, müasir bilik və bacarıqlar qazanmasına geniş imkanlar yaradır. Proqram gənclərin beynəlxalq təhsil mühitinə inteqrasiyasına, müxtəlif ölkələrin qabaqcıl təcrübəsini öyrənməsinə və əldə etdikləri bilikləri gələcəkdə Azərbaycanın inkişafına yönəltməsinə mühüm dəstək verir. Eyni zamanda, bu təşəbbüs ölkənin insan kapitalının inkişafına, yüksək ixtisaslı mütəxəssislər nəslinin formalaşmasına və Azərbaycanın beynəlxalq akademik mühitdə təmsilçiliyinin genişlənməsinə xidmət edir.

Məhz bu proqramın 2026-cı il qaliblərindən biri də Elmir Süleymanovdur. Gəncimiz  Dövlət Proqramı (DP) çərçivəsində İrlandiyada  Dublin Triniti Kollecində “Maliyyə” ixtisası üzrə magistratura  təhsili almaq imkanı qazanıb.

O, “Azərbaycan müəllimi”nə keçdiyi təhsil və inkişaf yolundan, qazandığı təcrübələrdən, qarşısına qoyduğu məqsədlərdən və bu məqsədlərə çatmaq üçün atdığı addımlardan danışıb. 

2022-ci ildə ali məktəblərə qəbul imtahanlarında 652,2 bal toplayaraq II ixtisas qrupu üzrə Şəki birincisi, region ikincisi olan Prezident təqaüdünə layiq görülən gəncin sözlərinə görə, uşaqlıq illərində gələcək təhsil marşrutunu dəqiq təsəvvür etməsə də, həmişə böyük hədəflər qurmağa çalışıb: “Əslində, xəyalını qurmaq uğura aparan ilk addımlardan biridir. O zamanlar təhsilimi harada və necə davam etdirəcəyim barədə düşünmürdüm. Ancaq hər zaman böyük xəyallar qurmağa çalışırdım”.

Elmir qeyd edir ki, Prezident təqaüdünə layiq görülməsi onun inkişaf imkanlarını daha da genişləndirib, müxtəlif kurslara qatılıb, beynəlxalq proqram və seminarlarda iştirak edə bilib.


Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində alan gənc həmin dövrün onun peşəkar və şəxsi inkişafında mühüm rol oynadığını vurğulayır. Onun sözlərinə görə, ingilisdilli tədris mühiti, beynəlxalq təcrübəyə malik müəllimlər və tələbə kontingenti gələcək uğurların təməlini formalaşdırıb: “Burada qazandığım dostluqlar və peşəkar müəllimlərin təcrübələri indiyə qədər bizə digər yaşıdlarımızdan fərqli imkanlar açıb. Dərslərimizin  ingilis dilində keçillməsi bizlərə dünyanın nüfuzlu universitetlərində istifadə olunan elmi mənbələrdən yararlanmağa imkan yaradıb”.

Elmir həmçinin UNEC-də fəaliyyət göstərən "Bloomberg laboratoriya"sının tələbələr üçün yaratdığı imkanları da xüsusi qeyd edir. Bildirir ki, bu laboratoriya vasitəsilə müxtəlif sertifikat proqramlarında iştirak edib və qazandığı biliklər artıq magistr təhsilində öz faydasını göstərməkdədir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbini bitirdikdən sonra Elmir Süleymanov Avropanın nüfuzlu universitetlərindən bir neçə qəbul təklifi alıb. O, seçim qarşısında qaldıqda Dublin Triniti Kollecinə üstünlük verib. Bu qərarın əsas səbəblərindən biri universitetin “Maliyyə” ixtisası üzrə magistr proqramlarının Avropanın ən yaxşı proqramları sırasında yer alması olub: “Dublin Triniti Kolleci maliyyə üzrə magistr proqramları arasında Avropanın ən yaxşı 30 proqramına daxildir. Bu reytinq seçimimdə xüsusi rol oynadı”.

Elmir bildirir ki, Dövlət Proqramının əsas üstünlüklərindən biri tələbələrə maliyyə qayğılarından uzaq, rahat şəkildə yalnız təhsillərinə, şəxsi və peşəkar inkişaflarına fokuslanmaq imkanı yaratmasıdır: “Müraciət prosesində akademik göstəricilər, xarici dil biliyi və nüfuzlu xarici universitetdən qəbul mütləq tələblərdən idi. Dövlət Proqramının verdiyi tam təqaüd imkanı mənə maliyyə çətinliyi düşünmədən yalnız təhsilimə və gələcək inkişafıma fokuslanmaq şansı verdi”. 

Hazırda Dublin Triniti Kollecində magistratura təhsili alan gənc burada araşdırma yönümlü təhsil modelinin tətbiq olunduğunu deyir. Onun sözlərinə görə, bəzi fənlərdə ümumiyyətlə imtahan keçirilmir, tələbələr araşdırma və praktiki tapşırıqlar əsasında qiymətləndirilirlər. Mühazirələrdə iştirakın bir çox hallarda könüllü olması isə tələbələrə öz öyrənmə üsullarını seçmək imkanı yaradır.

Gələcək planlarından danışan Elmir Süleymanov xaricdə qazanacağı akademik bilikləri və beynəlxalq təcrübəni Azərbaycanda maliyyə savadlılığının artırılmasına, müasir maliyyə yanaşmalarının təşviqinə və maliyyə bazarlarının davamlı inkişafına töhfə verməyə yönəltmək istədiyini vurğulayır.