“Özümü daha güclü akademik mühitdə inkişaf etdirəcəyəm” – DP təqaüdçüsü 

9 Sentyabr, 2026 - 09:12
“Özümü daha güclü akademik mühitdə inkişaf etdirəcəyəm”

Biologiya elminə marağı onu dünyanın nüfuzlu ali təhsil müəssisələrindən birinə aparıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın  2026-cı il qaliblərindən biri Yusif Vəliyev həm akademik uğurları, həm olimpiada nailiyyətləri, həm də gənclərin elmə cəlb olunmasına yönəlmiş təşəbbüsləri ilə diqqət çəkir. O, Dövlət Proqramı çərçivəsində Çinin Honkonq Universitetində “Bioloji elmlər üzrə” bakalavr təhsili almaq şansı qazanıb.

“Azərbaycan müəllimi”nə müsahibəsində Yusif Vəliyev bildirib ki, biologiya olimpiadaları onun həyatında mühüm rol oynayıb:
“Biologiya olimpiadaları mənə biologiyanı daha dərindən öyrənməklə yanaşı, qarşıma çıxan problemlərə fərqli düşünərək yanaşmağı öyrətdi. Düşünürəm ki, bu təcrübə həm elmə marağımın formalaşmasında, həm də Honkonq Universitetində təhsil almaq qərarımda mühüm rol oynayıb”.

Yusif Vəliyev Şəki şəhər Kimya-biologiya təmayüllü liseyində təhsil alıb. Təhsil müddətində  müvəffəqiyyət göstəriciləri ilə fərqlənib, biologiya, kimya, fizika və cəbr fənləri üzrə yüksək nəticələr göstərib. O, məktəbin ən yüksək orta göstəriciyə və ən çox olimpiada medalına malik şagirdlərindən biri olub.

Məktəb illərindən etibarən biologiya sahəsində mühüm uğurlara imza atan Yusif  məktəblilərin respublika fənn olimpiadalarında biologiya üzrə 2022 və 2025-ci illərdə bürünc, 2023 və 2024-cü illərdə isə gümüş medal qazanıb.Beynəlxalq səviyyədə də uğurlar əldə edən gənc 2022-ci ildə Almaniyada Beynəlxalq STEM olimpiadasında gümüş, 2023-cü ildə isə qızıl medal qazanıb. O, həmçinin 2022-ci ildə Amerika riyaziyyat olimpiadasının qızıl medalına sahib olub.

Yusif mentorluq fəaliyyətinə də xüsusi önəm verir. Onun sözlərinə görə, biologiyanı maraqlı və məntiqli elm kimi təqdim etmək şagirdlərin bu sahəyə marağını artırır.2025-ci ildən etibarən milli məşqçi və komanda rəhbəri kimi fəaliyyət göstərən 18 yaşlı Yusif Təhsil İnstitutu tərəfindən milli olimpiada komandasının üzvləri üçün təşkil olunan təlim düşərgələrində biologiya üzrə mentorluq edib.

Yusif Vəliyev  2024-2025-ci illərdə Nyu-York Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən "Junior Academy" proqramı çərçivəsində akademiyanın gənc bioloq üzvü seçilib.

Gənc bioloq hesab edir ki, elmə marağın artırılması, araşdırma vərdişlərinin inkişaf etdirilməsi və biliklərin paylaşılması gələcəyin uğurlu elmi mühitinin formalaşmasında mühüm rol oynayır. O, gələcəkdə biologiya sahəsində akademik və praktiki fəaliyyətini davam etdirməklə yanaşı, qazandığı bilik və təcrübəni Azərbaycan cəmiyyətinin inkişafına töhfə verəcək şəkildə dəyərləndirməyi qarşısına məqsəd qoyub.

Yusifin həyatında mühüm mərhələlərdən biri də Dövlət Proqramının qalibi olmasıdır: “Dövlət Proqramının qalibi olmaq mənim üçün çox böyük bir imkan və eyni zamanda məsuliyyətdir. Bu proqram sayəsində özümü daha güclü akademik mühitdə inkişaf etdirmək imkanım olacaq və gələcəkdə burada öyrəndiklərimi Azərbaycana faydalı şəkildə qaytarmaq istəyimi daha da gücləndirir”.