Birləşmiş Krallığın universitetləri ilə tərəfdaşlığın inkişafı müzakirə edilib
Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) Birləşmiş Krallığın aparıcı təhsil ocaqları - Nottinqem Universiteti, “Imperial College London” və Şeffild Universitetinin nümayəndələri ilə ikitərəfli akademik tərəfdaşlığın gücləndirilməsi və tələbələrə hərtərəfli dəstək mexanizmlərinin müzakirəsi məqsədilə geniştərkibli görüş keçirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə DPİQ-in rəhbəri Qədir Xəlilov və sözügedən universitetlərin beynəlxalq əlaqələr, eləcə də qəbul komandalarının rəhbər şəxsləri iştirak ediblər.
Görüşün ana xətlərindən birini xaricdə təhsil alan gənclərimizin akademik fəaliyyəti ilə yanaşı, onların gündəlik təhsil şəraiti, davamiyyəti və rifahının mütəmadi izlənilməsi təşkil edib. DPİQ rəhbərliyi tərəfindən vurğulanıb ki, tələbələrin adaptasiya prosesi, onların qarşılaşdıqları sosial və inzibati çətinliklərin operativ həlli, eləcə də universitetlərin tələbə dəstək xidməti ilə sıx əlaqənin saxlanılması İdarəetmə Qrupunun daimi diqqət mərkəzindədir.
Tərəflər akademik monitorinqin səmərəliliyinin artırılması və tələbələrin göstəricilərinin strukturlaşdırılmış qaydada paylaşılması üzrə razılığa gəliblər.
Müzakirələr zamanı təhsilin maliyyələşdirilməsi və maliyyə resurslarından səmərəli istifadə məsələləri nəzərdən keçirilib. Qeyd edək ki, Nottinqem Universiteti ilə aparılan danışıqlar nəticəsində Dövlət Proqramı tarixində ilk dəfə olaraq heç bir əlavə öhdəlik götürülmədən 10% təhsil haqqı güzəştinin əldə olunması və bu güzəştin yeni tələbələrimizə şamil edilməsinə nail olunub. Eyni zamanda, ümumilikdə 111 təqaüdçümüzün, o cümlədən bu il qəbul olunan 48 tələbənin təhsil aldığı “Imperial College London” və Şeffild Universiteti ilə təhsil haqlarının birbaşa və mərkəzləşdirilmiş qaydada ödənilməsi prosedurları razılaşdırılıb.
Akademik tərəfdaşlığın Dövlət Proqramının 15 prioritet ixtisas istiqamətinə uyğun inkişaf etdirilməsi də diqqət mərkəzində olub. Universitetin həmin sahələr üzrə tədris imkanlarından istifadə, uyğun proqramlar üzrə namizədlərin seçimlərinin genişləndirilməsi məsələləri müzakirə edilib. Müzakirələr zamanı bu universitetlərlə Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom və doktorantura proqramlarının hazırlanması potensial tərəfdaşlıq istiqamətlərindən biri kimi nəzərdən keçirilib.
Həmçinin Dövlət Proqramı məzunlarının gələcək birgə akademik və peşəkar layihələrdə iştirakının təşviqi də gündəliyin əsas məsələlərindən biri olub.
Tərəflər tələbə və məzunlarla işin əlaqələndirilməsi, tərəfdaşlığın inkişafı və yeni təşəbbüslərin hazırlanması üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.




