DP təqaüdçüsü Britaniyada oxuduğu universitetdə müəllim işləyəcək

4 Noyabr, 2026 - 15:12
DP təqaüdçüsü Britaniyada oxuduğu universitetdə müəllim işləyəcək

Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Suonsi Universitetində (Swansea University) “Hüquqşünaslıq” ixtisası üzrə doktorantura təhsili alan Ruslan Əsədov universitetin akademik vəzifə üzrə elan etdiyi müsabiqədən uğurla keçərək Hüquq fakültəsinin müəllim heyətinə seçilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, hazırda doktorantura təhsilinin üçüncü ilində olan Dövlət Proqramı təqaüdçüsü elmi tədqiqat fəaliyyətini davam etdirməklə yanaşı, universitetdə hüququn fundamental sahələri üzrə fənlərin tədrisinə cəlb olunacaq.

Ruslan Əsədovun doktorantura üzrə elmi tədqiqatı “Rəqəmsal nəzarət, dövlət təhlükəsizliyi və insan hüquqları” mövzusuna həsr olunub. Tədqiqat çərçivəsində rəqəmsal texnologiyalar vasitəsilə məlumatların izlənilməsi və toplanması, dövlət təhlükəsizliyinin təmin edilməsi ilə insan hüquqlarının qorunması arasında hüquqi balansın müəyyənləşdirilməsi kimi aktual məsələlər araşdırılır.

Onun elmi fəaliyyətinin digər mühüm istiqamətini süni intellekt texnologiyalarının inkişafı fonunda meydana çıxan hüquqi çağırışların öyrənilməsi təşkil edir. Bu sahədə bilik və ixtisaslaşmasını genişləndirmək məqsədilə Ruslan Əsədov Cenevrə Universitetində və Erasmus Rotterdam Universitetində süni intellekt hüququ, rəqəmsal hüquq və əlaqəli istiqamətlər üzrə ixtisaslaşmış akademik proqramlarda iştirak edib.

Dövlət Proqramı təqaüdçüsü beynəlxalq akademik mühitdə əldə etdiyi tədris və tədqiqat təcrübəsini gələcəkdə Azərbaycanın hüquq sahəsinin inkişafına yönəltməyi hədəfləyir. Onun əsas məqsədləri sırasında müasir hüquqi yanaşmaların ölkəmizdə tətbiqinə, xüsusilə süni intellektin hüquqi tənzimlənməsi, rəqəmsal texnologiyalar, dövlət təhlükəsizliyi və insan hüquqları sahələrində elmi tədqiqat potensialının gücləndirilməsinə töhfə vermək yer alır.