"Bizlərə dünyanın qabaqcıl universitetlərində təhsil almaq imkanı yaradılır" - DP qalibi
"İnsan hansı sahəyə maraq göstərirsə, həmin istiqamətdə öz üzərində davamlı işləməli və əlindən gələnin ən yaxşısını etməlidir. Mən də sonrakı təhsil həyatımda bu prinsipi qorumağa çalışdım" bu fikirlər DP qalibi Sibel Əsgərovaya məxsusdur. “Azərbaycan müəllimi”nin müsahibi olan Sibel “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ilində Edinburq Universitetində “Süni intellekt” ixtisası üzrə magistratura təhsili alacaq.
Sibel Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təhsil alıb. 2020-ci ildə "Sabahın alimləri" müsabiqəsində riyaziyyat nominasiyası üzrə III yerə layiq görülüb, 2022-ci ildə isə liseyi qızıl nişanla bitirib. Elə həmin il 645 balla Bakı Dövlət Universitetinin “Kompüter elmləri” (tədris ingilis dilində) ixtisasına qəbul olub.
Sibel bu ixtisas üzrə təhsil almasının onun üçün yeni bir mərhələnin başlanğıcı olduğunu söyləyir:
“Universitet illərində həm akademik göstəricilərimi yüksək saxlamağa, həm də dərslərdə öyrəndiklərimi praktik şəkildə tətbiq etməyə çalışdım. Bakalavr təhsilimi 98.11/100 orta göstərici ilə başa vuraraq fakültə üzrə ən yüksək orta göstəriciyə sahib oldum. Akademik nailiyyətlərimə görə universitet tərəfindən də mükafatlandırıldım”.
Müsahibimiz deyir ki, təhsildəki yüksək nailiyyətləri ilə bağlı aldığı təqaüdlər ona hər zaman stimul verir: “Heydər Əliyev adına təqaüd”ə layiq görülməyim mənim üçün xüsusilə qüruruvericidir. Bu həm akademik fəaliyyətimin qiymətləndirilməsi, həm də qarşıma daha böyük məqsədlər qoymağım üçün mənə əlavə stimul verdi”.
Universitetdə təhsil alarkən özünü yalnız akademik istiqamətdə inkişaf etdirməklə kifayətlənməyən Sibel eyni zamanda bilik və bacarıqlarını başqaları ilə paylaşıb. Süni intellekt və proqramlaşdırma üzrə dərslər keçib, tələbələrə mentorluq edib. Müxtəlif tədbirlərdə və seminarlarda süni intellektlə bağlı mövzularla çıxışlar edib:
“Mənim üçün öyrənmək və öyrətmək bir-birindən ayrı deyil. İnsan bildiyini paylaşdıqca həm özü inkişaf edir, həm də ətrafındakı insanların inkişafına səbəb olur”.
Uğurlu gənc peşəkar fəaliyyətə təhsil aldığı müddətdə başlayıb. Azərbaycan Respublikasının Kosmik Agentliyində təcrübə keçərək peyk görüntüləri və coğrafi məlumatlarla işləmək imkanı qazanıb. Daha sonra müxtəlif süni intellekt və coğrafi məlumat layihələrində iştirak edib.
Edinburq Universitetində “Süni intellekt” ixtisası üzrə magistratura təhsili alacaq Sibel dünyanın qabaqcıl universitetlərindən birində yeni biliklər əldə etməklə yanaşı, beynəlxalq mühitdə qazanacağı təcrübə sayəsində güclü mütəxəssis kimi formalaşmağı hədəfləyib: “Dövlət Proqramının bu yolumda xüsusi əhəmiyyəti var. Mən bu proqramı gənclərə yaradılan böyük bir imkan olmaqla yanaşı, həm də böyük bir etimad kimi görürəm. Bizlərə dünyanın qabaqcıl universitetlərində təhsil almaq imkanı yaradılırsa, bunun qarşılığında əldə etdiyimiz bilikləri gələcəkdə ölkəmizin inkişafına yönəltmək məsuliyyətini də daşıyırıq. Mənim üçün xaricdə təhsilin ən böyük dəyəri də məhz budur. Dünyanın müxtəlif ölkələrindən olan insanlarla bir mühitdə olmaq, onların təcrübələrindən faydalanmaq, yeni bilik və bacarıqlar qazanmaq, əldə etdiyimiz bu təcrübəni isə daha sonra Azərbaycana gətirmək biz gənclərin üzərinə düşən mühüm vəzifələrdəndir”.
DP qalibi qeyd edir ki, insanın ən böyük üstünlüklərindən biri öyrənməkdən heç vaxt yorulmamasıdır:
“Qarşımıza böyük məqsədlər qoymaqdan çəkinməməliyik. Eyni zamanda harada olmağımızdan asılı olmayaraq, üzərimizə düşən vəzifələri ən yaxşı şəkildə yerinə yetirməyə çalışmalıyıq”.




