London Universitet Kolleci ilə universitetlərimiz arasında ikili diplom proqramları müzakirə olunub

22 Sentyabr, 2026 - 10:58
London Universitet Kolleci ilə universitetlərimiz arasında ikili diplom proqramları müzakirə olunub

Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan “University College London” (UCL) nümayəndələri arasında görüş keçirilib.

DPİQ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində UCL-də təhsil alan tələbələrlə bağlı mövcud vəziyyətin nəzərdən keçirilməsi, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının müzakirəsi olub.

Görüşdə DPİQ-in rəhbəri Qədir Xəlilov, İdarəetmə Qrupunun əməkdaşları Vüsalə Niftəliyeva və Cavidan Qasımov, həmçinin UCL-in Mühəndislik elmləri fakültəsinin təhsil məsələləri üzrə dekan müavini, professor Liz Cons, fakültənin kommunikasiya və marketinq şöbəsinin rəhbəri Con Uitli və tələbə qəbulu üzrə baş meneceri Naomi Britton iştirak ediblər.

Görüş zamanı tələbələrin akademik göstəricilərinin izlənilməsi və monitorinq prosesinin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Dövlət Proqramı üzrə müəyyən edilmiş 15 prioritet ixtisas istiqaməti diqqətə çatdırılaraq həmin sahələr üzrə UCL ilə əməkdaşlıq imkanları müzakirə edilib. Prioritet istiqamətlərə uyğun akademik imkanların genişləndirilməsi və tələbələrin müvafiq proqramlara yönləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Gündəliyin əsas mövzularından digəri isə UCL ilə Azərbaycanın ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının yaradılması imkanları olub. Bu istiqamətdə potensial əməkdaşlıq sahələri, birgə akademik proqramların hazırlanması və müvafiq tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması perspektivləri nəzərdən keçirilib.

Bununla yanaşı, UCL məzunları ilə davamlı əlaqələrin qurulması, məzun şəbəkəsinin formalaşdırılması və Dövlət Proqramı məzunlarının gələcək akademik və peşəkar əməkdaşlıq təşəbbüslərinə cəlb edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Dövlət Proqramı ilə UCL arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və məzunlarla işin əlaqələndirilməsi, eləcə də yeni birgə təşəbbüslər üzrə müzakirələrin davam etdirilməsi barədə qarşılıqlı razılıq əldə olunub.

Qeyd edək ki, hazırda Dövlət Proqramı çərçivəsində UCL-də 92 təqaüdçümüz təhsilini davam etdirir.

London Universitet Kolleci ilə universitetlərimiz arasında ikili diplom proqramları müzakirə olunub
London Universitet Kolleci ilə universitetlərimiz arasında ikili diplom proqramları müzakirə olunub
London Universitet Kolleci ilə universitetlərimiz arasında ikili diplom proqramları müzakirə olunub