“Xaricdə təhsil üzrə DP-nin 700-dən çox məzunu var” - Qədir Xəlilov
“Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almış 700-dən çox məzunumuz var. Onların Azərbaycana qayıtması və ölkədə yüksəkixtisaslı mütəxəssis kimi əmək fəaliyyətinə başlaması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bugünkü karyera sərgisinin də əsas məqsədi məzunların ölkədə məşğulluq imkanlarını genişləndirməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu xaricdə təhsil üzrə Dövlət Proqramı məzunları üçün keçirilən karyera sərgisində Dövlət Proqramı İdarəetmə Qrupunun (DPİQ) rəhbəri Qədir Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyi ilə birgə təşkil olunan sərgidə dövlət və özəl sektoru, eləcə də beynəlxalq şirkətləri təmsil edən 40-dan çox işəgötürən iştirak edir:
“Tədbirə Dövlət Proqramının 150-dən çox məzunu qatılıb. Burada onların müxtəlif qurumların nümayəndələri ilə birbaşa əlaqə qurması və məşğulluq imkanlarını dəyərləndirməsi üçün şərait yaradılıb”.
Q.Xəlilov qeyd edib ki, neft kapitalının insan kapitalına çevrilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir:
“Dövlət Proqramının əsas şərtlərindən biri gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil alaraq ölkəyə qayıtmasıdır. Bu da yüksəkixtisaslı və peşəkar kadrların hazırlanmasına xidmət edir”.




