DP təqaüdçüsü Esseks Universitetində dərs deyəcək

13 Noyabr, 2026 - 11:29
DP təqaüdçüsü Esseks Universitetində dərs deyəcək

Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Esseks Universitetində hüquq sahəsi üzrə doktorantura təhsili alan İlham Qasımov sözügedən ali məktəbin müəllim heyətinə qoşulub. O, universitetin Hüquq fakültəsində elan edilmiş akademik vəzifə üzrə müsabiqədən uğurla keçib.

"Azərbaycan müəllimi" xəbər verir ki, hazırda doktorantura təhsilini davam etdirən Dövlət Proqramı (DP) təqaüdçüsü elmi tədqiqat fəaliyyəti ilə yanaşı, təhsil aldığı universitetdə pedaqoji fəaliyyətə də başlayıb. İlham Qasımov 2026/2027-ci tədris ilinin payız semestrindən etibarən Hüquq fakültəsinin bakalavriat pilləsində tədris olunan əsas fənlərdən biri – “Cinayət hüququ” (Criminal Law) üzrə seminar məşğələlərini aparır. Təqaüdçümüzün yaz semestrindən etibarən tələbələrin imtahan işlərinin qiymətləndirilməsi prosesinə də cəlb olunması nəzərdə tutulur.

İlham Qasımovun doktorantura üzrə elmi tədqiqatı Avropa İttifaqının cinayət hüququ sahəsini əhatə edir və Avropa İttifaqına üzv dövlətlərdə cinayət işləri üzrə sübutların məhkəmədə istifadəsinə dair hüquqi qaydaların uyğunlaşdırılması imkanlarının araşdırılmasına yönəlib.

Dövlət Proqramı təqaüdçüsü elmi tədqiqatının nəticələrini beynəlxalq akademik platformalarda da təqdim edərək ixtisaslaşdığı sahə üzrə elmi müzakirələrdə fəal iştirak edir. Belə ki, o, 2–4 sentyabr 2026-cı il tarixlərində Böyük Britaniyanın “University of East Anglia” ali təhsil müəssisəsində keçirilmiş Hüquqşünas Alimlər Cəmiyyətinin (Society of Legal Scholars – SLS) 117-ci İllik Konfransında iştirak edib. Konfransın “Cinayət hüququ” panelində çıxış edən təqaüdçümüz doktorluq dissertasiyası çərçivəsində apardığı tədqiqatı beynəlxalq akademik ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, 1908-ci ildə təsis edilmiş Hüquqşünas Alimlər Cəmiyyəti Böyük Britaniyada hüquq sahəsində fəaliyyət göstərən ən qədim və ən böyük elmi cəmiyyət olmaqla yanaşı, Böyük Britaniya və İrlandiyada hüquqşünas-alimlərin əsas təmsilçi qurumlarından biridir. Cəmiyyətin illik konfransı hüququn müxtəlif istiqamətləri üzrə tədqiqat aparan alimləri və mütəxəssisləri bir araya gətirərək aktual hüquqi məsələlərin, yeni elmi yanaşmaların və tədqiqat nəticələrinin müzakirəsi üçün beynəlxalq akademik platforma rolunu oynayır.

Qeyd edək ki, gənc tədqiqatçı daha əvvəl Almaniyanın Saarland Universitetinin Europa-Institutunda “Avropa və beynəlxalq hüquq” ixtisası üzrə magistratura təhsili alıb. Magistr dissertasiyası çərçivəsində Avropa İttifaqı Ədalət Məhkəməsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsinə dair hüquqi yanaşmalarını müqayisəli şəkildə araşdırıb.

İlham Qasımov, həmçinin Böyük Britaniyada fəaliyyət göstərən “The Brilliant Club” təşkilatında doktorant-təlimçi (PhD Tutor) kimi çalışaraq şagirdlər üçün kiçik qruplarda akademik məşğələlər keçirib, onların yazı işlərini qiymətləndirib, analitik düşünmə və akademik yazı bacarıqlarının inkişafına dəstək göstərib.