12 yaşı var, amma medalları yaşını 2,5 dəfə üstələyir - Çempion Aylinin növbəti uğuru

23 İyun, 2026 - 12:13
12 yaşı var, amma medalları yaşını 2,5 dəfə üstələyir

Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin gimnastika bölməsinin yetirməsi Aylin Novruzova çoxnövçülük üzrə A kateqoriyasında I yerə layiq görülüb. Respublika Olimpiadasının qalibi adını qazanan idmançının məşqçi-müəllimi Nurcahan Əliyevadır.

"Azərbaycan müəllimi" Aylinin sevincini bölüşüb.

12 yaşlı Aylin Novruzova Gəncə şəhər 24 nömrəli tam orta məktəbin şagirdidir. O, artıq idman karyerasında 11 qızıl, 12 gümüş və 8 bürünc medal qazanaraq diqqət çəkən nəticələr əldə edib.

Aylin gimnastikaya olan marağının uşaqlıq illərindən başladığını deyir:
“Gimnastikaya 8 yaşımdan başlamışam. Uşaqlıqdan gimnastika videolarına baxırdım, bu idman növünə böyük həvəsim var idi. Həmin maraq məni məşqlərə gətirdi və bu günə qədər də davam edir”.

Respublika Olimpiadasında əldə etdiyi qələbənin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayan gimnast sevincini belə bölüşür:
“Bu yarışda iştirak etmək və qalib gəlmək mənim üçün qürurverici hissdir. Respublika Olimpiadasının qalibi olmaq böyük xoşbəxtlikdir".

Yarış zamanı həyəcan keçirsə də, özünü toparlamağı bacarıb:
“Həyəcanım var idi. Amma özümü toparlamağa çalışdım və buna nail oldum. Yarış zamanı diqqətimi çıxışıma yönəltdim”.

Aylinin sözlərinə görə, proqramdakı ən çətin hissələrdən biri halqa ilə yerinə yetirdiyi risk elementləri olub:“Halqa ilə etdiyim risklər çıxışımın ən məsuliyyətli hissələrindən idi. Onları uğurla yerinə yetirmək mənə əlavə inam verdi”.

Gənc gimnast yarışların ona daha güclü rəqabət ruhu aşıladığını bildirir:

“Mən rəqabəti sevirəm. Qalibiyyət qazanmaq üçün daha çox çalışmaq lazım olduğunu bilirəm. Hər yarış mənə yeni təcrübə qazandırır”.

Ən çox sevdiyi gimnastika elementi barədə danışarkən isə qeyd edir:
“Ən çox sevdiyim hərəkət naklondur. Bu elementi yerinə yetirmək mənə xüsusi zövq verir".

Aylin həm idmanı, həm də dərslərini uğurla davam etdirməyə çalışır: “Çətin olsa da, həm məşqlərə, həm də dərslərə vaxt ayırmağa çalışıram. Məktəbdə qiymətlərim əsasən 4 və 5-dir".

İdmandan kənar maraqlarının da olduğunu deyən məktəbli gələcəkdə başqa bir idman növünü də sınamaq istədiyini bildirir:

“Fürsət olsa, buzüstü konkisürmə ilə də məşğul olmaq istərdim. Bu idman növü də mənə çox maraqlı gəlir".
Qələbə qazandığı an keçirdiyi hissləri isə belə ifadə edir: “Nəticələri eşidəndə böyük sevinc və qürur hissi yaşadım. Zəhmətimin bəhrəsini görmək çox xoş idi".

Aylin əldə etdiyi uğurların əsas səbəbini özünə inamında və idmana olan sevgisində görür: “Mənim uğurumun sirri özümə güvənməyim və gimnastikaya olan sevgimdir. Sevdiyin işlə məşğul olanda uğur qazanmaq daha asan olur”.

Kiçik gimnast gələcəkdə də yeni nailiyyətlər qazanaraq Azərbaycan idmanını beynəlxalq arenalarda uğurla təmsil etməyi qarşısına məqsəd qoyub.

“Mənim üçün hər medal yeni motivasiyadır. Qarşıda daha böyük hədəflərim var və onların uğrunda çalışmağa davam edəcəyəm".