2025-ci ildə xaricdə alınan 4622 diplom tanınıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2025-ci il üzrə illik hesabatında xarici kvalifikasiyaların tanınması ilə bağlı statistik göstəricilər açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, hesabata əsasən, 2025-ci ildə xarici kvalifikasiyaların tanınması istiqamətində ümumilikdə 5508 müraciət üzrə ekspertiza həyata keçirilib.
Ekspertiza nəticələrinə əsasən 4622 müraciət üzrə müsbət, 886 müraciət üzrə isə mənfi rəy verilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə olunan kvalifikasiyaların tanınması üzrə mövcud qanunvericiliyin təkmilləşdirilməsi və prosesin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib.



