3 yaşında başladı, bu gün zirvədədir: 100-ə yaxın medalı olan gimnast

24 İyun, 2026 - 11:12
3 yaşında başladı, bu gün zirvədədir: 100-ə yaxın medalı olan gimnast

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində keçirilən bədii gimnastika yarışları başa çatıb. Yarışlarda Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (Sumqayıt İOEUGİM), Gəncə Uşaq-Gənclər İdman Məktəbi (Gəncə UGİM), Şuşa Uşaq-Gənclər İdman Məktəbi (Şuşa UGİM), Zaqatala Uşaq-Gənclər İdman Məktəbi (Zaqatala UGİM), Bakı Gimnastika Məktəbi (BGM) və Respublika Kompleks İdman Məktəbini (RKİM) təmsil edən 60 gimnast mübarizə aparıb.  Ümumilikdə, iki gün davam edən yarışlarda 30 məktəbli gimnast mükafatlandırılıb.

Onlardan biri Məktəblilərin Respublika İdman Olimpiadasınin qızil medallı qalibi  Nur Sadıqova  olub. O, A qrupu üzrə 2011-ci il təvəllüdlü gimnastların çoxnövçülük yarışında fərqlənib.

Özünəməxsus çıxışı ilə, deyəsən, Nur həmişə ovsunlayir. Çünki olimpiadanın 15 yaşlı iştirakçısının artıq 100-ə yaxın medalı var. 

Qələbəsindən sonra "Azərbaycan müəllimi" uğurundan danışan gimnast deyir ki, bədii gimnastika  ilə 3 yaşından məşğul olur. Zohrə Ağamirovadan gimnastikanin sirlərini həvəslə öyrənir: "Çoxlu medallarım var, 100-ə yaxın olar. Əsas xəyalım olimpiya çempionu olmaqdır".

Hələ qarşıda çox uzun bir yolu olmasına baxmayaraq, tanınır: "Məni dünyada tanıyırlar. Basqa ölkələrdən çoxlu dostlarım var. Amma Azərbaycanda onların sayı daha da çoxdur".

Gələcək karyerası barədə də düşünür:

"Məşqci olmaq istəyirəm. Balaca olanda gimastları çox böyük maraqla izləyirdim. Sonra anam məni də gimnastikaya qoydu. Vaxtilə heyranlıqla izlədiyim gimnastlardan biri də mən oldum. Başqalarının da məni sevərək izləməyini istəyirəm".