301 nömrəli məktəb direktorunun davranışı ilə bağlı araşdırma davam edir - AÇIQLAMA
Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, bir neçə gün öncə paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyü iddiası ilə “Xəzər TV”-yə müraciət ediblər. Müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta təhdid də edilirlər.


