431 təhsil müəssisəsinin istiliklə təmin edilməsi nəzərdə tutulur – "Azəristiliktəchizat"
“Yeni mövsümdə Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsi zamanı “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
O bildirib ki, mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb: "Bu müddətdə 12 min 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa edilib, 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1131 qazanın qızma səthi təmizlənib. 438 nasos, 5282 siyirtmə və 531 mühərrik təmir olunub, 22 dəst nasos, 312 siyirtmə və 100 ventil yenisi ilə əvəzlənib. Bundan əlavə, 135 kilometr qaz xətti yoxlanılıb, 298 metr yeni qaz xətti çəkilib. İşin miqyasını təsəvvür etmək üçün deyim ki, mövsüm boyu istilik təsərrüfatlarımızda quraşdırılmış 85 mindən çox avadanlıq və qurğu fasiləsiz işləməlidir”, - deyə o diqqətə çatdırıb.




