ABŞ-də uşaqların peyvəndləri ilə bağlı yeni qərar: say azaldılır

11 Avqust, 2026 - 16:02
ABŞ-də uşaqların peyvəndləri ilə bağlı yeni qərar: say azaldılır

ABŞ Prezidenti Donald Tramp uşaqlar üçün tövsiyə olunan peyvəndlərin sayının azaldılmasını və qızılca, parotit və məxmərəyə qarşı MMR peyvəndinin ayrı-ayrı iynələr şəklində vurulmasını nəzərdə tutan sərəncam imzalayıb.

"Azərbaycan müəllimi" BBC-yə istinadən xəbər verir ki, sərəncam ABŞ-də uşaqlar üçün tövsiyə olunan əsas peyvəndlərin sayının 18-dən 11-ə endirilməsini nəzərdə tutur. 

Sərəncam federal səviyyədə tövsiyə xarakteri daşıyır. Məktəbə qəbul üçün hansı peyvəndlərin məcburi olması isə ştatların səlahiyyətində qalır.

Tramp bildirib ki, onun administrasiyası ən ciddi və təhlükəli xəstəliklərə qarşı 11 əsas peyvəndi tövsiyə edəcək. Bunlara qızılca, parotit, məxmərək, difteriya, tetanus, göyöskürək, poliomielit, Haemophilus influenzae tip B, pnevmokok xəstəliyi, insan papillomavirusu və suçiçəyinə qarşı peyvəndlər daxildir.

Prezident həmçinin MMR peyvəndinin bir dəfəyə vurulmasının təhlükəli ola biləcəyini söyləyib və onun ayrı-ayrı peyvəndlərə bölünməsini təklif edib.

Lakin ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) MMR peyvəndinin ümumilikdə təhlükəsiz olduğunu bildirir. Qurumun məlumatına görə, MMR peyvəndinin üç ayrı iynəyə bölünməsinin hər hansı üstünlüyünü göstərən dərc olunmuş elmi sübut yoxdur.

ABŞ Səhiyyə və İnsan Xidmətləri naziri Robert F. Kennedi dəyişikliklərin valideynlərə seçim imkanı vermək məqsədi daşıdığını bildirib.

Sərəncamda həmçinin peyvəndlərdə alüminiumun alternativlərinin hazırlanması və onların daha təhlükəsiz və effektiv olub-olmadığının araşdırılması çağırışı yer alıb.