Avstraliyada tələbələrin elmi işlərinə yeni üsulla nəzarət ediləcək
Avstraliyanın Sidney Universitetində süni intellekt vasitəsilə hazırlanmış elmi işlərin qarşısını almaq məqsədilə tələbələr üçün şifahi müdafiə tələbi tətbiq edilib.
“Azərbaycan müəllimi” xarici mediaya istinadən xəbər verir ki, yeni qayda bakalavr təhsilindən sonrakı birillik fərqlənmə proqramlarında təhsil alan bütün tələbələri əhatə edir. Tələbələr yazdıqları tədqiqat işlərini müəllimlər qarşısında şifahi şəkildə izah etməli və sualları cavablandırmalıdırlar.
Universitet rəhbərliyi qərarı süni intellektdən istifadənin yazılı işlərin tələbələr tərəfindən müstəqil hazırlanıb-hazırlanmadığını müəyyənləşdirməyi çətinləşdirməsi ilə əsaslandırıb.
Yeni qiymətləndirmə qaydaları fakültələr üzrə fərqlənir. Bəzi ixtisaslarda 15 dəqiqəlik şifahi müdafiə yekun bala təsir etməsə də, ondan keçmək məcburidir. Mühəndislik ixtisasında isə şifahi qiymətləndirmə yekun nəticənin 50 faizini təşkil edir.
Universitetin təhsil üzrə prorektor vəzifəsini icra edən Adam Bricmen bildirib ki, süni intellektdən istifadəni etibarlı şəkildə məhdudlaşdırmaq mümkün olmadığından qiymətləndirmə üsullarının dəyişdirilməsinə ehtiyac yaranıb.
Bununla belə, yeni qayda tələbələr arasında birmənalı qarşılanmayıb. Bəziləri şifahi müdafiənin əlavə gərginlik yaratdığını, xüsusilə ingilis dili ana dili olmayan tələbələr üçün çətinlik törətdiyini bildiriblər.
Qeyd olunub ki, Melburn, Monaş və Avstraliya Katolik universitetlərinin bəzi bölmələrində də oxşar qiymətləndirmə üsulları tətbiq edilir. Adelaida Universitetində isə tələbələrin bilikləri real peşə situasiyalarının canlandırıldığı şifahi tapşırıqlarla yoxlanılır.
Universitet rəhbərliyi 2027-ci il üçün qiymətləndirmə qaydaları hazırlanarkən tələbə və müəllimlərin rəylərinin nəzərə alınacağını bildirib.




