Məktəbəqədər təhsil üçün hər il əlavə 35 milyard dollar tələb olunur – UNESCO
2030-cu ilədək dünyada bütün uşaqların ən azı bir il məktəbəqədər təhsillə əhatə olunması üçün hər il əlavə 35 milyard ABŞ dollarından çox investisiya tələb olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə UNESCO, UNICEF və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə hazırladığı “Erkən uşaqlıq dövründə qayğı və təhsil üzrə Qlobal Hesabat: Bərabərlik, inklüzivlik və keyfiyyət naminə maliyyələşdirmə” adlı sənəddə bildirilir.
Hesabatda qeyd olunur ki, erkən uşaqlıq dövründə təhsil və qayğıya qlobal diqqət artsa da, bu sahənin maliyyələşdirilməsi hələ də kifayət etmir və mövcud resurslar ölkələr və əhali qrupları arasında qeyri-bərabər bölüşdürülür. Bu vəziyyət milyonlarla uşağın keyfiyyətli xidmətlərdən yararlanmasına mane olur. Xüsusilə üç yaşadək uşaqların və sosial baxımdan həssas ailələrdən olan azyaşlıların ehtiyaclarının maliyyələşdirilməsində ciddi boşluqlar qalır.
Sənədə əsasən, 2024-cü ildə erkən uşaqlıq təhsili ilə əhatəolunma səviyyəsi 75 faizə çatıb. 2003-cü ildə bu göstərici 64 faiz olub. Bununla belə, son 10 ildə artım tempi dayanıb. Hazırda dünyada ibtidai məktəbə başlayan uşaqların yalnız 59 faizi məktəbəqədər təhsilin ən azı bir ilini alıb. Bu göstərici 2015-ci ildən bəri demək olar ki, dəyişməyib.
Regional fərqlər də diqqət çəkir. 2024-cü ildə ibtidai təhsilə başlamazdan əvvəlki bir il ərzində məktəbəqədər təhsilə cəlb olunma Avropa, Şimali Amerika, Latın Amerikası və Karib hövzəsində 90 faizdən çox olduğu halda, Şimali Afrika, Qərbi Asiya və Sub-Sahara Afrikasında 50 faizə yaxın olub.
Sənəddə bildirilir ki, aşağı və aşağı-orta gəlirli ölkələrdə məktəbəqədər təhsil dövlətin təhsil büdcəsinin orta hesabla cəmi 3-4 faizini təşkil edir. Bu isə sinif otaqlarında sıxlığa, kifayət qədər ixtisaslı olmayan kadrların fəaliyyətinə və inklüziv təhsil xidmətlərinin məhdudlaşmasına səbəb olur.
UNESCO-nun Qlobal Təhsil Monitorinqi hesabatının yeni hesablamalarına görə, aşağı və aşağı-orta gəlirli ölkələr 2027-2030-cu illərdə məktəbəqədər təhsil hədəflərinə çatmaq və minimum keyfiyyət standartlarını qorumaq üçün hər il orta hesabla 69 milyard dollar investisiya qoymalıdırlar. Dövlət maliyyələşdirməsinin bu ehtiyacın yalnız yarısını qarşılayacağı gözlənilir. Nəticədə illik maliyyə çatışmazlığı 35 milyard dollar təşkil edəcək.
Hesabatda müəllim təminatı məsələsinə də xüsusi diqqət ayrılıb. 2030-cu ilədək dünyada daha 6 milyon məktəbəqədər təhsil müəlliminə ehtiyac yaranacağı bildirilir. Aşağı gəlirli ölkələrdə isə bu sahədə çalışan müəllimlərin yalnız 57 faizi minimum hazırlıq tələblərinə cavab verir.
Sənəddə hökumətlərə erkən uşaqlıq dövründə təhsil və qayğının maliyyələşdirilməsi üçün uzunmüddətli və dayanıqlı mexanizmlər yaratmaq, üç yaşadək uşaqlara ayrılan vəsaiti artırmaq, təhsil, səhiyyə və sosial müdafiə sektorları arasında koordinasiyanı gücləndirmək, sosial baxımdan həssas uşaqlara üstünlük vermək və ailələrin maliyyə yükünü azaltmaq tövsiyə olunur.
Qeyd edək ki, hesabat UNESCO-nun 20 noyabr 2026-cı il tarixində Parisdəki mənzil-qərargahında təqdim edilib.




