Uşaqların fiziki fəallığını ölçən yeni test hazırlanıb
Rusiyada 7-16 yaşlı uşaqların səhər saatlarında fiziki fəallığının pik səviyyəsini müəyyən etməyə imkan verən ekspres-test hazırlanıb.
“Azərbaycan müəllimi” TASS-a istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kareliya Elmi Mərkəzinin alimləri tərəfindən hazırlanan yeni üsul patentləşdirilib.
Layihənin müəlliflərindən biri, Biologiya İnstitutunun Genetika laboratoriyasının böyük elmi işçisi Sergey Kolomeyçuk bildirib ki, test zamanı uşaqların gündəlik bioloji ritmləri və yuxululuq səviyyəsi iki anket vasitəsilə qiymətləndirilir. Bununla yanaşı, yanağın daxili səthindən götürülən yaxma nümunəsi əsasında bioloji ritmlərlə əlaqəli PER2, CLOCK və PER3 genlərinin xüsusiyyətləri araşdırılır.
Onun sözlərinə görə, testin aparılması 10-15 dəqiqə, nəticələrin hazırlanması isə 1,5-2,5 saat çəkir. Əldə olunan nəticələr əsasında uşaqların səhər saatlarında fiziki fəallığı aşağı, orta və yüksək səviyyələr üzrə qiymətləndirilir.
Yeni üsuldan tədris və istirahət rejiminin təşkilində, idman məktəblərində səhər məşqlərinin planlaşdırılmasında, sağlamlıq düşərgələrində, həmçinin pediatriya və reabilitasiya sahələrində istifadə oluna bilər.
Testin geniş tətbiqinə ilkin sınaqlardan sonra başlanılması planlaşdırılır.




