İngiltərədə məktəblərdə gündəlik mütaliə məcburi olacaq
İngiltərədə yeni kurikulum çərçivəsində məktəblərdə şagirdlər üçün mütaliəyə xüsusi vaxt ayrılması məcburi olacaq. Yeni qaydalara əsasən, ibtidai məktəblərdə hər gün, orta məktəblərdə isə həftənin bir neçə günü şagirdlər mütaliə ilə məşğul olacaqlar.
“Azərbaycan müəllimi” “Times” nəşrinə istinadən xəbər verir ki, İngiltərənin təhsil naziri Lüsi Pauell yeni kurikulumla bağlı təklifləri açıqlayarkən oxu bacarıqlarının inkişafını əsas prioritetlərdən biri kimi təqdim edəcək.
Təkliflərə görə, orta məktəb şagirdləri yalnız ayrı-ayrı mətnləri deyil, bütöv kitabları, şeirləri və digər ədəbi əsərləri oxumağa təşviq ediləcəklər. Bundan əlavə, 2028-ci ilin sentyabrından etibarən 13 yaşlı şagirdlər üçün məcburi oxu qiymətləndirmələri tətbiq olunacaq.
Yeni kurikulum son on ildən artıq müddətdə İngiltərənin təhsil sistemində həyata keçiriləcək ən böyük dəyişikliklərdən biri hesab olunur. Dəyişikliklər çərçivəsində GCSE imtahanlarının məzmununun sadələşdirilməsi və imtahan müddətinin qısaldılması da nəzərdə tutulur.
Təhsil naziri bildirib ki, mütaliə uşaqların bütün fənlər üzrə öyrənmə imkanlarını artıran və gələcək inkişafına zəmin yaradan əsas bacarıqlardandır. Onun sözlərinə görə, hər bir uşaq oxumaqdan zövq almaq və mütaliə vərdişi qazanmaq imkanı əldə etməlidir.
Qeyd edək ki, 2025-ci ildə açıqlanan beynəlxalq PISA araşdırmasına əsasən, İngiltərədə 15 yaşlı şagirdlərin oxu nəticələri 2022-ci illə müqayisədə əhəmiyyətli dəyişiklik göstərməyib. Yeni qiymətləndirmələrin məqsədlərindən biri də əlavə dəstəyə ehtiyacı olan şagirdləri vaxtında müəyyənləşdirməkdir.




