Avstraliyada ibtidai siniflərdə notbuk və planşetdən istifadə qadağan ediləcək
Avstraliyanın Cənubi Avstraliya ştatında dövlət ibtidai məktəblərində şagirdlərin elektron cihazlardan istifadəsinə 2027-ci ildən məhdudiyyətlər tətbiq olunacaq. Yeni qaydalara əsasən, aşağı siniflərdə notbuk və planşetlərdən istifadə qadağan ediləcək, yuxarı siniflərdə isə həftədə bir günün ekransız keçirilməsi sınaqdan keçiriləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, yeni qərara əsasən, hazırlıq sinfindən ikinci sinfədək şagirdlər üçün bütün dövlət ibtidai məktəblərində notbuk və planşetlərdən istifadə qadağan olunacaq. III-VI sinif şagirdləri üçün isə 10 məktəbdə altı ay müddətində həftədə bir günün “ekransız gün” elan edilməsi üzrə sınaq layihəsi həyata keçiriləcək.
Dəyişikliklər bəzi məktəblərdə tətbiq olunan “Öz cihazını gətir” (BYOD) proqramının mərhələli şəkildə ləğvi ilə eyni vaxta təsadüf edəcək. Həmin proqram çərçivəsində bəzi məktəblərdə ailələrdən uşaqlarını şəxsi elektron cihazlarla təmin etmək tələb olunurdu.
Ştat hökuməti yeni yanaşmanın səbəblərindən biri kimi şagirdlərin əl yazısı bacarıqlarının inkişaf etdirilməsini göstərib. Təhsil naziri Lüsi Hud bildirib ki, III sinifdən yuxarı şagirdlər ekranlardan yalnız təhsil məqsədilə istifadə etməlidirlər. Onun sözlərinə görə, cihazlardan istifadə zamanı şagirdlər konkret tədris tapşırığı yerinə yetirməli, nəsə yaratmalı və kollektiv şəkildə öyrənməlidirlər.




