Çində bütün məktəblilər 2030-cu ilə qədər süni intellekt bacarıqlarına yiyələnəcəklər

17 Noyabr, 2026 - 17:25
Çində bütün məktəblilər 2030-cu ilə qədər süni intellekt bacarıqlarına yiyələnəcəklər

Çin dünyada süni intellektin məktəb təhsilinə tətbiqi ilə bağlı ən genişmiqyaslı təcrübələrdən birini həyata keçirir. Ölkə hakimiyyəti 2030-cu ilə qədər bütün məktəblilərin süni intellektdən istifadə üzrə əsas bilik və bacarıqlara yiyələnməsini hədəfləyib. Söhbət ibtidai və orta məktəblərdə təhsil alan təxminən 200 milyon şagirddən gedir.

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin bəzi məktəblərində şagirdlər artıq öz tətbiqlərini yaradır, robotları proqramlaşdırır və praktiki məsələlərin həlli üçün neyron şəbəkələrdən istifadə etməyi öyrənirlər. Pekindəki özəl məktəblərdən birində 13 yaşlı şagird süni intellektin köməyi ilə ev tapşırıqlarının təhvil verilməsi sistemi və ikinci əl əşyaların alqı-satqısı platforması da daxil olmaqla, 200-dən çox tətbiq hazırlayıb.

KİV-ə əsasən, son bir il ərzində Çin hakimiyyəti süni intellektin tədrisi üçün avadanlıq və sistemlərin alınmasına ən azı 31 milyon dollar vəsait ayırıb. Lakin real xərclərin bundan xeyli çox olduğu bildirilir. Bununla yanaşı, hələlik bu sahədə biliklərin qiymətləndirilməsi üçün vahid ümummilli standart mövcud deyil.

Məryəm Tarverdiyeva